QİYMƏT ARTIMINA MƏRUZ QALAN SAHƏLƏR RƏSMƏN AÇIQLANDI
07.11.2014 1388 0.0 0

 Bu ilin oktyabr ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi .

Oktyabr ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 2,6 faiz, o cümlədən birillik və çoxillik bitkilərin istehsalçı qiymətləri uyğun olaraq 3,0 və 3,1 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 2,2 faiz bahalaşmışdır. 
Birillik bitkilərdən yaşıl lobyanın istehsalçı qiymətləri 15,2 faiz, xiyarın 0,6 faiz, yerkökünün istehsalçı qiymətləri 0,5 faiz ucuzlaşmış, buğdanın istehsalçı qiymətləri 4,1 faiz, arpanın 0,2 faiz, kartofun 0,7 faiz, kələmin 0,2 faiz, bibərin 0,9 faiz, göyərtinin 3,0 faiz, badımcanın 32,6 faiz, pomidorun 8,5 faiz, balqabağın 12,5 faiz, baş sarımsağın 8,4 faiz, baş soğanın istehsalçı qiymətləri isə 1,0 faiz bahalaşmışdır. 
Çoxillik bitkilərdən üzümün istehsalçı qiymətləri 7,6 faiz, xurmanın 1,1 faiz, narın istehsalçı qiymətləri 20,5 faiz bahalaşmış, limonun istehsalçı qiymətləri 0,4 faiz, almanın 9,4 faiz, armudun 4,1 faiz, zoğalın istehsalçı qiymətləri 9,4 faiz ucuzlaşmışdır. 
Diri heyvanlar və heyvandarlıq məhsullarından mal və qoyun ətinin (diri çəkidə) istehsalçı qiymətləri müvafiq olaraq 1,2 və 0,7 faiz, təbii balın istehsalçı qiymətləri 1,9 faiz ucuzlaşmış, südün istehsalçı qiymətləri 2,8 faiz, yumurtanın 8,1 faiz, quş ətinin (diri çəkidə) 8,8 faiz bahalaşmışdır. 

Bu ilin oktyabr ayında nəqliyyat sektorunda tariflərin dəyişməsi.

2014-cü ilin oktyabr ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 6,0 faiz bahalaşmış, sərnişindaşıma tarifləri isə 1,1 faiz ucuzlaşmışdır. 
Ay ərzində hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 1,1 faiz bahalaşma, digər xarici ölkələr üzrə isə 10,8 faiz ucuzlaşma müşahidə olunmuşdur. 
Oktyabr ayında boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 15,4 faiz bahalaşmışdır. 
Dəmir yolu nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri 3,8 faiz ucuzlaşmışdır. 
Ay ərzində avtomobil nəqliyyatında və dəniz nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə heç bir dəyişiklik müşahidə olunmamışdır.

Bu ilin oktyabr ayında istehlak bazarında qiymətlərin dəyişməsi.

2014-cü ilin oktyabr ayında ərzaq məhsullarının qiymətləri 0,6 faiz bahalaşmış, qeyri-ərzaq mallarının qiymətləri və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri əvvəlki ayla müqayisədə eyni səviyyədə qalmış, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,3 faiz bahalaşmışdır. 
Ay ərzində yumru düyünün, brınza pendirinin, almanın, armudun, narın, kələmin, göyərtinin, göy lobyanın, şirin bibərin, baş soğanın, şəkərin və müxtəlif içli şokoladlı konfetlərin qiymətlərində ucuzlaşma, buğda ununun, manna yarmasının, peçenyenin, toyuq və əlavə toyuq məhsullarının, balıq məhsullarının, quru südün, yumurtanın, günəbaxan yağının, mərcinin və şəkər tozunun qiymətlərində isə bahalaşma müşahidə olunmuşdur. 

 

 


Teqlər:QİYMƏT ARTIMINA MƏRUZ QALAN SAHƏLƏR

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar