Qəzzafisiz 5 il: Liviya lideri niyə öldürüldü? - Video
20.10.2016 1206 0.0 0

Bu gün Müəmmər Qəzzafinin ölümündən 5 il ötür.

 

Qazeta.info Axar.az-a istinadla dünya siyasi tarixində dərin iz qoymuş Liviya liderinin həyat və fəaliyyətinə yenidən nəzər salır.

 

Qəzzafi 7 iyun 1942-ci ildə Sirt şəhərinin 30 km cənubunda məskunlaşan əl-Qəzzafa bədəvi qəbilələsinə mənsub ailədə anadan olub. Babası 1911-ci ildə italyan işğalçıları tərəfindən öldürülüb. Müəmmər Sirt, Səbha və Misurat şəhərlərindəki məktəblərdə təhsil alıb, Misirin sabiq prezidentlərindən Camal Əbdünnasiri özünə kumir seçib. O, 1956-cı ildə baş verən Süveyş böhranı zamanı anti-İsrail aksiyalarda iştirak edib.

 

1965-ci ildə Müəmmər Qəzzafi leytenant rütbəsində Benqazidəki hərbi kolleci bitirib, 1966-cı ildə hazırlıq səviyyəsinin artırılması üçün Böyük Britaniyaya göndərilib. Burada olduğu dövrdə kapitan rütbəsi alıb. 1967-ci ildəki Altıgünlük müharibə zamanı öz tabeliyindəki hərbi birlikləri Liviya kralı I İdrisdən xəbərsiz Camal Əbdül Nasirə kömək üçün göndərməsi ilə ərəb dünyasında məşhurlaşıb.

 

2 saatlıq çevriliş...

 

Qəzzafi 1959-cu ildə tələbə yoldaşları ilə birgə gizli təşkilat qurub. Zabitlərin dövlət çevrilişi planı olan “Əl-Qüds”ün icrası 1969-cu ilin yanvarında hazır olsa da, 3 dəfə - 12 və 24 mart, habelə 13 avqust tarixlərində təxirə salınıb.

 

Nəhayət ürəyindən əməliyyat olmaq üçün Türkiyəyə gedən Kral I İdrisə qarşı 1 sentyabr 1969-cu ildə çevriliş baş verib.

 

Kapitan Qəzzafinin başçılıq etdiyi 12 zabitdən ibarət İnqilabi Komandanlıq Şurasının rəhbərliyi altında hərbi birləşmələr Benqazi, Tripoli və ölkənin digər şəhərlərində hərəkətə keçiblər. Onlar qısa müddət ərzində əsas hərbi və dövlət obyektləri üzərində nəzarəti ələ alıblar, ölkədəki ABŞ hərbi bazalarına gedən yolları bağlayıblar. Gecə saat 02:30-da başlayan əməliyyat cəmi 2 saat ərzində uğurla başa çatıb. Gecə saat 04:00-da radiostansiya ələ keçirilib və buradan məşhur “1 №-li Kommünike” efirdə səsləndirilib.

 

***

 

Verilən ilk qərarla monarxiya ləğv edilib, İnqilabi Komandanlıq Şurası ölkədə ali hakimiyyət orqanı elan edib və ölkə Liviya Ərəb Respublikası adlandırılıb.

 

Qəzzafi hakimiyyətə gələr-gəlməz ingilis bazalarını ölkədən çıxarıb, bütün neft şirkətlərini milliləşdirib. İtalyan və yəhudi icmalarına qarşı təzyiqləri artırıb, onların ölkədən çıxmağa məcbur edib.

 

Qəzzafi hakimiyyətinin ilk illərində Afrika və ərəb ölkələrində solyönümlü hərəkatlara ciddi dəstək verib, SSRİ ilə yaxınlaşmağa can atıb.

 

Ərəb ölkələrini birləşdirmə cəhdi

 

Panərəbizm ideyaları ilə hərəkət edən Müəmmər Qəzzafi Liviyanı qonşu ərəb ölkələri ilə birləşdirmək istiqamətində fəaliyyətə başlayır.

 

27 dekabr 1969-cu ildə Tripolidə Qəzzafi, Misir Prezidenti Camal Əbdül Nasir və Sudanın Baş naziri Cəfər Nimeyrinin iştirakı ilə görüş keçirilir və onun nəticələrinə görə bu 3 dövlətin birləşməsi ideyasını özündə əks etdirən “Tripoli xartiyası” imzalanır. Sonradan Suriya da bu birləşmiş dövlətdə yer almaq istəyini bildirir. Sudan isə əksinə, sonrakı dövrdə qoşulacağını elan edir. 17 aprel 1971-ci ildə Benqazidə Misir, Suriya və Liviya rəhbərlərinin iştirakı ilə Ərəb Respublikaları Federasiyasının yaradılmasına dair müqavilə imzalanır. Növbəti il müqavilə hər üç ölkədə referendumla qəbul edilir, vahid dövlətin bayrağı və gerbi təsdiq edilir. Lakin rəhbərlər arasındakı fikir ayrılıqları səbəbindən 11 noyabr 1977-ci ildə Ərəb Respublikaları Federasiyası ləğv edilir.

 

1970-ci ildə Qəzzafi Tunis Prezidenti Həbib Burgibaya iki ölkəni birləşdirməyi təklif etsə də, o bundan imtina edir.

 

11 iyun 1972-ci ildə Qəzzafi müsəlmanları ABŞ və Böyük Britaniya ilə mübarizəyə çağırır, həmçinin ABŞ-dakı qaradərili inqilabçıları, İrlandiya inqilabçılarını və Fələstinin azadlığı uğrunda döyüşmək istəyənləri dəstəklədiyini bildirir. 2 avqustda Benqazidə Misir Prezidenti Ənvər Sadatla keçirilən görüşdə iki ölkənin mərhələli birləşmə planı qəbul edilir və son tarix kimi 1 sentyabr 1973-cü il müəyyənləşdirilir. Qəzzafi bu ideyanı gerçəkləşdirmək və Misir hakimiyyətinə təzyiq göstərmək məqsədilə 1973-cü ilin iyulunda Qahirəyə 40 min nəfərlik yürüş təşkil edir. Yürüşün qarşısı şəhərin 300 km-liyində alınır.

 

İki ölkənin birləşməsi ideyası baş tutmur və ölkələr arasındakı münasibətlər gərginləşir. 1974-cü ilin yanvarında Liviya və Tunis iki ölkəni birləşdirərək, Ərəb İslam Respublikasını yaradacaqlarını elan edirlər. Lakin birləşmə barədə referendum keçirilmədiyi üçün bu ideya da gerçəkləşmir.

 

22 dekabr 1979-cu ildə ABŞ Liviyanı terrorizmə sponsorluq edən ölkələr siyahısına daxil edir. 1980-ci illərin əvvəlində isə Qəzzafi azı 45 ölkənin daxili işlərinə qarışmaqda günahlandırılır.

 

1 sentyabr 1980-ci ildə Liviya və Suriya arasındakı gizli danışıqlar zamanı Qəzzafi Suriya Prezidenti Hafiz Əsədə İsraillə daha effektiv mübarizə aparmaq üçün birləşməyi təklif edir və 10 sentyabrda iki ölkənin birləşməsi haqqında müqavilə imzalanır.

 

13 avqust 1983-cü ildə Mərakeşə səfəri zamanı Müəmmər Qəzzafi Ucda şəhərində Mərakeş kralı II Həsənlə Ərəb-Afrika federativ müqaviləsini imzalayır. Bu müqavilə Böyük Ərəb Məqribi yaradılması yolundakı ilk addım kimi Liviya və Mərakeşin birləşməsini nəzərdə tuturdu.

 

31 avqustda Mərakeşdə bu məsələ ilə bağlı keçirilən referendumda səs verənlərin 99,97% müqaviləni dəstəkləyir. Liviya Ümumixalq Konqresi də müqaviləni yekdilliklə təsdiqləyir. Lakin 1985-ci ildə Liviyanın İranla ittifaq müqaviləsi imzalaması və İsrail Baş naziri Şimon Pereslə görüşən Mərakeş kralı II Həsənin Qəzzafi tərəfindən kəskin tənqid edilməsi 1986-cı ilin avqustunda birləşmə haqqında müqavilənin Mərakeş tərəfindən ləğv olunması ilə nəticələnir.

 

Türkiyə ilə münasibətlər

 

Qəzzafi 1974-cü ildə Kipr Hərəkatı zamanı Türkiyəyə hərbi yardım edir. Lakin az sonra Türkiyənin ABŞ-la yaxınlaşdığını görüb danışıqları dayandırır.

 

1996-cı ildə Liviyaya səfər edən baş nazir Nəcməddin Ərbakan Qəzzafi ilə görüşür. Görüşdən sonra açıqlama verən Liviya lideri türkiyəli siyasətçini ağır şəkildə tənqid edir.

 

1998-ci ildə Qəzzafi Türkiyənin kürdlərə qarış ayrı-seçilik etdiyini açıqlayır. Liviya rəhbəri Ankaranı Tel-Əvivlə yaxınlaşacağı halda ölkədəki bütün türk şirkətlərin fəaliyyətinə xitam verməklə hədələyir.

 

İqtisadi yüksəliş

 

1990-cı illərdə, Liviyaya qarşı tətbiq edilən sanksiyaların ləğvindən sonra Qəzzafinin Qərblə açıq şəkildə konfrontasiyaya getməməsi ölkədə iqtisadi sferada bir qədər liberallaşmaya səbəb olur. Belə ki, bir sıra şirkətlərin bu ölkədə fəaliyyətinə şərait yaradılır, müqavilələr bağlanır. İqtisadi sahə ilə yanaşı, siyasi azadlıqların tətbiqi Qəzzafiyə uzun müddət hakimiyyətdə qalmağa imkan verir.

 

2003-cü ildə isə Qəzzafi ölkəsinin yeni kursunu – milli kapitalizmə keçidi bəyan edir. Bundan sonra neft və bəzi sənaye sahələrinin milliləşdirilməsi nəticəsində ölkədə iqtisadi yüksəliş baş verir. Liviya 2001-2005-ci illərdə illik ən az inflyasiya həddinə (2001-2005 – 3,1%) görə Ginnesin Rekordlar kitabına düşüb.

 

Liviyanın nəhəng neft ehtiyatlarına malik olması və Avropaya yaxınlıq qısa müddətdə ölkəyə milyardlarla dollar gətirir. Artıq 90-cı illərdən başlayaraq ölkədə bir sıra sosial proqramlar həyata keçirilməyə başlanmışdı.

 

Qəzzafinin xalqı üçün etdikləri

 

Ölkə əhalisinə qaz pulsuz verilirdi. Benzinin litri isə 0,08 avro idi. Ölkədə təhsil və səhiyyə xidməti pulsuz idi, bütün xəstələrə dərmanlar hökumət tərəfindən verilirdi. Bütün banklar vətəndaşlara krediti faizsiz ayırırdı. Ölkədə evsiz və dilənçi isə ümumiyyətlə olmayıb.

 

Xaricdə təhsil alan tələbələrə hökumət qarşılıqsız hər ay 1650 avro təqaüd ödəyirdi. Liviya rəhbərliyi evlənmək istəyən bütün cütlüklərə 150 kvadrat metrlik ev hədiyyə edirdi, istisnasız olaraq hər ailə aylıq 300 avro yardım alırdı.

 

Qəzzafiyə qarşı üsyan

 

17 fevral 2011-ci ildə Benqazi şəhərində bir qrup insan həbs olunmuş vəkil Fəthi Tarbelin azadlığa buraxılması tələbi ilə aksiya keçirdi. Liviya hökuməti bu tələbi dərhal yerinə yetirsə də, aksiyaçılar evlərinə qayıtmadı, əksinə mağazalara, polis məntəqələrinə və digər obyektlərə hücum etməyə başladı. Bundan sonra hökumət şəhərdə asayişi bərpa etmək üçün güc tətbiq etdi, lakin qarşıdurmalarda 1 nəfər də olsun dinc sakin öldürülmədi.

 

Qərb, xüsusən də nüfuzlu agentliklər aksiyaçıların qətlə yetirildiyini, ölkədə xaosun baş alıb getdiyini tirajladılar. Bundan başqa, Qərb Qəzzafini “dinc” aksiyaçıları təyyarələrdən bombalamaqda ittiham etsə də, Rusiya kəşfiyyatı kosmosdan çəkilən şəkillərlə bunun tamamilə yalan olduğunu sübut etdi.

 

Martın 18-də BMT 1973 saylı qətnamə qəbul etdi. Bu sənəd "Liviyanın dinc əhalisini qorumaq üçün bombardman edilməsini” nəzərdə tuturdu. Martın 19-da saat 16:45-də NATO təyyarələri Liviyaya ilk avia-zərbələr endirdi. Vladimir Putin, Fidel Kastro, Xamenei, Uqo Çaves, Evo Morales, Ceykob Zuma, Robert Muqabe, Daniel Orteqa və Yoveri Kaquta Musaveni kimi tanınmış dövlət başçıları hücumun dayandırılması üçün cəhdlər etsə də, bu, fayda vermədi.

 

Hücum istənilən effekti vermədi. İyulun 10-da 1.7 milyon insan (Liviya əhalisinin 28%-i) liderinə dəstək vermək üçün Yaşıl meydana çıxdı.

 

Xalqın və liderin vəhdətindən qorxan Qərb ölkələri Liviyaya hücumlarını daha da artırdı.

 

Avqustun 21-də NATO bombardmanı zamanı 1300 dinc sakin öldü, 900 nəfər yaralandı. Avqustun 24-də isə Alyans Tripolinin Əbu-Səlim adlı bütöv bir qəsəbənin sakinlərini məhv etdi.

 

Xalqının güclü müqavimətinə baxmayaraq, üsyançılar NATO-nun köməyilə ard-arda Bəni-Vəlid, Bab əl-Əziziyə, paytaxt Tripoli və başqa şəhərləri ələ keçirdi. Nəhayət oktyabrın 20-də üsyançılar Liviyanın son ümüdi olan Sirt şəhərinə soxuldular və Qəzzafini vəhşicəsinə öldürdülər.

 

Qəzzafinin ən yaxın mühafizəçilərindən biri Mənsur İdha öldürülmüş Liviya rəhbərinin faciəli sonu haqda bunları demişdi:

 

“Tripolidən Sirtə gedərkən şəhəri tərk etməmizin gərəkdiyini, buranın ərazisinin çox kiçik olduğunu və asanlıqla mühasirəyə alına biləcəyimizi söylədik. Qaçacaq yeri olmayan kiçik bir otaq kimi idi, burada qalmaq intihar etməyə bərabər idi. Ancaq Qəzzafi bizi dinləmədi...

 

İnsanların tərk etdiyi evlərdə yemək axtarırdıq. Bir neçə gün də yerimizi dəyişdirmək məcburiyyətində qaldıq. Bombardman hər ötən gün daha da intensivləşirdi və itkilərimiz artırdı. Qəzzafi qorxanların gedə biləcəyini dedi. Davamlı olaraq ölümdən bəhs edirdi və doğulduğu şəhər Sirtdə ölmək istədiyini deyirdi.

 

Ölüm və dağıntılar, yağış kimi yağan güllələr, quruda müxaliflərdən qorxu, havadan NATO hücumları qiyaməti xatıradırdı. Alınan qərara görə, səhər saat 4 radələrində qaçacaqdılar. Ancaq Qəzzafinin yanında qalan könüllülər çox təcrübəsiz idi. Bir qisimi yatıb qaldı, bir qismi isə rahatlıqla əyləşib çay içməyə başladı. Hər kəs toplanana kimi səhər saat 8 oldu. Qaçmazdan əvvəl yolların güvənliyini yoxlamaq üçün kəşfiyyat dəstəsi göndərilmədi. 50 maşından ibarət avtomobil karvanı misratalı üsyançıların sıx olduğu bölgəyə girdi.

 

Maşınların hamısı ağ və eyni markalı idi. Böyük təcrübəsizlik etdilər. Bir anda NATO qırıcılarının bombardmanına məruz qaldıq. 5 metr önümüzdəki avtomobil havaya uçdu.

 

Qəzzafini də özümlə götürüb yolun altındakı arxdan keçərək yaxınlıqdakı binaya doğru qaçdıq.

 

Həmin vaxt mən yaralandım. Sonuncu dəfə Qəzzafini müdafiə naziri Yunus Cəbr və oğlu Mötəsimlə danışarkən gördüm. O, həyatının son dəqiqələrində belə zarafat edirdi...”

 

***

 

Çox keçmədi ki, Qərb Liviyanı viran qoyduqdan sonra Qəzzafinin cinayət törətmədiyini etiraf etdi. Qərbin ən nüfuzlu təşkilatlarından olan “Amnesti İntenəşnl” hesabatında Liviya əsgərlərinin dinc insanlara qarşı işgəncə törətmədiyini açıqladı. Təşkilatın rəsmi nümayəndəsi Donatella Rovera açıqlamasında “Biz Qəzzafi əsgərləri tərəfindən işgəncə və zorakılıq halları ilə rastlaşmadıq. Biz nəinki işgəncə qurbanlarını, heç bu qurbanları görmüş insanları belə görmədik”, - deyib.

 

***

 

Maraqlı faktlar:

 

2009-cu ildə Liviya prezidenti BMT-nin Baş Assambleyasında iştirak etmək üçün ABŞ-a səfər edir. Assambleyada Qəzzafinin çıxışı üçün 15 dəqiqə vaxtın ayrılmasına rəğmən, Liviya lideri 90 dəqiqə çıxış edir. Qəzzafi çıxışına: “Oğlum Obama belə bunun tarixi toplantı olduğunu bildirmişdir”, - sözləri ilə başlayır.

 

Qəzzafi çıxışında İngiltərənin o vaxtkı baş naziri Toni Bler və ABŞ-ın sabiq prezidenti Corc Buşun İraq lideri Səddam Hüseynin edamında şəxsən iştirak etdiklərini iddia edir, eləcə də ABŞ-ın sabiq prezidenti Con Kennedinin və Martin Lüter Kinqin ölümlərinin araşdırılmasını, Barak Obamanın Birləşmiş Ştatların ömürlük prezidenti olmasını təklif edir.

 

***

 

2001-ci ilin aprelində Liviya lideri afrikalıları bütün ağdərililəri qitədən qovub çıxarmağa və onlardan törətdikləri soyqırıma görə kompensasiya tələb etməyə çağırır.

 

***

2006-cı ildə Müəmmər Qəzzafi Liviyanı “Koka-Kola”nın vətəni elan edib.

 

***

 

2009-cu ilin oktyabrında Müəmmər Qəzzafi ölkə parlamenti hesab edilən Milli Konqresə müraciət edərək, oğlu Seyfulislamın işlə təmin edilməsini istəyib.

 

***

 

2009-cu ildə İtaliyaya səfəri çərçivəsində italyan qızlarla görüşən Qəzzafi xristianlığın fırıldaqçılıq üzərində qurulduğunu bildirir.

 

 

 

 

 

 

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar