AŞURA HAQDA ƏTRAFLI
04.11.2014 988 3.0 0

Azərbaycan mədəniyyətində “məhərrəmlik” və bu ayın onuncu günü - Aşura bənzəri olmayan bir hadisədir: iki aya yaxın el şənlikləri keçirilmir, İmam Hüseynin qətlə yetirildiyi gün yüz minlərlə müsəlman vətəndaşlarımız məscidlərə, pirlərə ziyarətə axışır, əzadarlıq məclisləri keçirilir, şərbət paylanılır, hədik bişirilir, halva çalınır, ehsanlar verilir… Bir sözlə, rəsmən qeyd olunmasa da, bu, əsl el matəmi kimi keçirilir. 

Məhərrəm müsəlman Azərbaycan xalqı üçün bir hüzn ayıdır. Aşura günü Kərbəlada peyğəmbərimiz Həzrət Məhəmmədin (s) sevimli ailə üzvlərinin qanları su yerinə axıdılıb. Peyğəmbər nəvəsi İmam Hüseynin (ə) zülmkarlıq qarşısında mərdlik göstərib, boyun əyməməsi gələcək nəsilləri azğınlıqdan, din adıyla insanlığa divan tutan zalımlara itaətkarlıq ənənəsindən qorudu. İmam Hüseyn Kərbəla çölündə hər şeyindən keçdi. İslamı, ülvi dəyərləri yaşatmaq üçün. Böyük Azadlıq və Hürriyyət Məktəbi yaradaraq, bəşəriyyəti azadlığa səsləmək üçün. İmam Hüseyn zülmkarlığa qarşı haqqın-ədalətin mübarizəsi simvolu kimi tarixə düşdü. O, şüurlu şəkildə ləyaqətsiz “xəlifəyə” itaət etməyib, ölümü seçdi və əslində əbədi ölməzlik qazandı!..

Unudulmaz qəhrəman

Tarix boyu İmam Hüseynin Azadlıq Məktəbini sıradan çıxarmaq, bu məktəbin dərslərini, dərsliklərini unutdurmaq, Kərbəlada baş verən hadisələrin əhəmiyyətini danmaq üçün çox səylər göstərilib. Təsadüfi deyil ki, bəziləri Peyğəmbər nəvəsinin şəhid edildiyi Aşura gününü - Məhərrəm ayının 10-unu hətta bayram kimi də qeyd etdirməyə çalışıb. Əməvilər sülaləsinin hakimiyyəti dövründə Kərbəla faciəsini unutdurmaq məqsədilə qondarma hədislər peyda oldu. Guya, bəşər tarixinin bütün gözəl əlamətdar hadisələri elə məhz Məhərrəm ayının 10-da, yəni Aşura günündə baş verib və bu günü də bayram etmək lazımdır. Və sən demə, İmam Hüseynin şəhid olması bu hadisələr müqabilində unudulmalı, arxa plana keçməliymiş. Lakin unutmadı bu günü Azərbaycan xalqı. Və unutdurma planları bizim cəmiyyətimizdə iflasa uğradı... 
Həzrət İmam Hüseynin (ə) ölməz məktəbi elə bir dəyərdir ki, insana azad olmaği, zülmkar qarşısında diz çökməməyi, haqsızlıqla barışmamağı, diktə qəbul etməməyi öyrədir! Əlbəttə ki, qul olmağa, onun-bunun nökərçiliyini etməyə alışanlar, Allah rizasını deyil, onun-bunun gözündə xoş olmağı düşünənlər üçün Aşura dəyər deyil, ola da bilməz! Azadlıq məktəbinin müdavimləri yalnız Azad, Hürr olmaq istəyənlər ola bilər. 

Aşura insana Öz olmağı və Özünü yalnız Allaha bəndə etməyi öyrədir! Öz olmağı istəməyənlər üçün bu məktəb yaddır. Ona görə də belələri İmam Hüseynlə savaşıblar və elə günümüzdə də savaşırlar. Onun gerçək dəyərini, mahiyyətini gizlədir, avamların köhnə ənənələrini “Aşura” kimi qələmə verməklə, Kərbəla məktəbinə kölgə salmağa çalışırlar. Guya Aşura elə baş yarmaq, zəncir vurmaq günü imiş. Əlbəttə, bu, belə deyil!

Qeyrət məktəbi

Ölkəmizdə keçirilən Aşura mərasimlərində Kərbəla şəhidlərinə göz yaşları da axıdılır. Bəzən İmam Hüseynə ağlayanlara tənə vururlar: “Kişi də ağlayarmı?”. Peyğəmbərimizdən belə bir hədis rəvayət edilir: “Allahım, ağlamayan gözdən Sənə sığınıram!”. Bu kəlamda düşünənlər üçün bir çox mətləblər gizlənir. Hədisi əbəs yerə xatırlamadıq. Əvvəllər əzadarlıq məclisləri elə keçirilirdi ki, ora aciz birisi belə gəlsəydi, oradan bir cəngavər kimi ayrılarmış. Aşura günü baş verən hadisələri, ardından əsir götürülən qadın və uşaqların faciələrini xatırlamaqla, onların hisslərini yaşayıb göz yaşı axıtmaqla sıravi adamlar bir cəngavərə çevrilir. Gözdən axan yaşlarla qəlblərdəki şeytani hisslər, dünyapərəstlik bədəni tərk edir, daş ürəklər yumşalır, əriyir. Amma acizləşmir, əksinə, dama-dama axan göz yaşları sanki bir qeyrət gölü, mərdlik dəryası yaradır. Amma məsələ göz yaşlarıyla bitmir! Bu mərasimlər sadəcə ağlaşmaq üçün keçirilmir axı. Bu məclisə qatılan dərk edir ki, bizi əhatə edən reallıqdan daha üstün dəyərlər mövcuddur: Allah sevgisi, haqq və ədalət, mərdlik, qeyrət, əbədi səadət!.. O şeylər ki, onların yolunda İmam Hüseyn və tərəfdarları hər şeylərini qurban verdilər. Bunları dərk edən kişinin əzadarlıq məclisində ağlaması zəiflik əlaməti deyil və ola da bilməz! Əksinə, ərşə yüksələn fəryad səsləri, yanğılı iniltilər hər kəsin qəlbində bir şücaət, İmam Hüseyn məktəbindən qaynaqlanan bir alov şölələndirər. Aşurada axan göz yaşları əslində insanlığa qarşı edilən zülmlərin, vandalizmin, vəhşiliklərin qurbanına çevrilmiş günahsız insanlara görə axıdılan göz yaşlarıdır. 
Görəsən günümüzdə bizim Aşura mərasimlərində axıdılan göz yaşları da eyni effekti verirmi?..

Bizlər…
Bizlər bu böyük məktəbi yaşatmışıqsa da, hər bir məsələdə olduğu kimi, bundan da şəxsi mənfəət üçün istifadə edənlərimiz peyda olub. Artıq az qala ənənəyə çevrilmiş bir sıra hallar Aşura günündə İmam Hüseynin adına və məktəbinə əsla uyğun olmayan bir mənzərə yaradıb qarşımızda. Kimisi məscid qarşısına masa çıxararaq, dəftər-qələmlə silahlanır, böyük izdihamın gəlməsindən istifadə edərək, camaatdan pul qoparır ki, ölülərinizi “Yasin”lə yad edəcəm. Neçə-neçə qələmlər həmin gün çörək ağacına çevrilir. Kimisi həqiqi ehtiyaclılara qarışaraq, maddi vəziyyətini qismən də olsa yaxşılaşdırır. Dilənçiliyi özünə peşə etmiş tayfaların əsl bayram günü imiş bu gün. Hələ bu izdihama sap-sağlam gəlib özünü şikəst kimi qələmə verən, boynunu, qolunu əyib sifətini eybəcər hala salan mahir aktyorları demirik. “İmam Hüseynə xatir!” şüarıyla mənəvi dəyərlərin maddiləşməsi halları baş verir. Kimisi qola bağlanan qara parça satışına girişir, kimisi daha hansı yollarla Aşuradan maksimum faydalanmağa çalışır. Əlbəttə, öz maddi mənfəəti naminə. Nə bərəkətliymiş bu Aşura! Özü də bütün bunlar məscidlərin həyətlərində, bir çox hallarda din xadimlərimizin gözü önundə, onların iştirakıyla baş verir.

Bəs bu mərasimlərə axışan izdiham Aşura günü baş vermiş hadisələr barədə nəsə öyrənə bilirmi? Qəribədir ki, bir çoxlarımız İmam Hüseyni anmaq üçün öz ayağımızla məscidə gedirik, orada “Aşura biznesinin” şahidi oluruq, nəzir-niyaz edirik, amma Kərbəla faciəsinin mahiyyətini açıqlayacaq birisini görmürük. Tariximizə, yaxın keçmişimizə nəzər salaq. Əvvəllər məscidlərin həyətində, yaxud şəhərin mərkəzi meydanlarında ata-babalarımız tərəfindən Kərbəla faciəsi səhnələşdirilirdi – “şəbeh” adlanan teatr səhnəsi qurulurdu. İnsanlar gəlib bu səhnə ilə tanış olur, sanki Kərbəla faciəsinin canlı iştirakçısına çevrilirdi. Bu səhnələr ömürlük olaraq onların yaddaşına həkk olurdu. Sonra məscid imamları, axundlar, din alimləri minbərə çıxıb izdiham qarşısında İmam Hüseyn qəhrəmanlığını anladırdı. Milli folklorumuzda, ədəbiyyatımızda və musiqi mədəniyyətimizdə yer alan mərsiyələr, növhələr bu bilgilərin fonunda cuşa gətirirdi Hüseyn aşiqlərini.

Günümüzün Aşura məclisləri

Günümüzdə Aşura mərasimlərdə müəyyən qədər qeyri-mütəşəkkillik, qarma-qarışıqlıq hökm sürür, ağız deyəni qulaq eşitmir. Kimisi “imamlarımızı qətlə yetiriblər”, kimisi “İmam Hüseyni susuz qoyublar” deyib, bu “biliklərilə” yola verir Aşuranı. Çağdaş cəmiyyətimizdə isə İmam Hüseyn məktəbi lazımınca tanınmadığı üçün, “iki əmioğlu bir-birini qırıb”, “hakimiyyət davası gedib” kimi yanlış fikirlər dilə gətirilir. Hərçənd ki, keçmişlə müqayisədə, indi geniş təbliğat vasitələri mövcuddur. Məscidlərimizdə Aşura mərasimləri nizam-intizamlı şəkildə təşkil edilməli, Kərbəla faciəsi din alimləri tərəfindən dolğun izah edilməli deyilmi? Elliklə keçirdiyimiz matəmin mahiyyəti məgər televiziya və radio kanalları ilə, KİV vasitəsilə geniş kütlələr üçün açıqlanmalı deyilmi? Ən azından, ilin bircə günü olan Aşurada milli tele-radio kanallarımızda İmam Hüseynimiz lazımınca yad edilməli deyilmi?..

Aşura İstanbulda

Hər il İstanbulun Halkalı məhəlləsində, “Zeynəbiyyə” adlanan məscidin yaxınlığında meydanda 300 min nəfərin izdihamıyla Aşura günü yad edilir. Teatr səhnəsilə tamamlanan bu Aşura mərasiminə dövlət xadimləri, millət vəkilləri, nüfuzlu elm və mədəniyyət xadimləri də qatılır. Həmin mərasim bir neçə televiziya kanalı ilə canlı yayımlanır. Qeyd edək ki, Aşurada qan vermə ənənəsinin bünövrəsi elə həmin “Zeynəbiyyə” məscidi tərəfindən qoyulub.

Bəs bizdə?..
Bizdə isə “özfəaliyyət dərnəklərinin” öhdəsinə buraxılan bu mərasimlərdə səhərdən axşamadək iştirak etsən belə, əksər məscidlərimizdə Aşura haqqında düz-əməlli bir şey öyrənə bilməzsən. Bəs görəsən bu mərasimləri İmam Hüseynimizin adına layiqli şəkildə təşkil etmək kimlərin üzərinə düşür? Yüzilliklərdən bəri ata-babalarımızın yaşatdığı, bu günümüzə çatdırdığı bu ənənə bizlər tərəfindən layiqincə qorunurmu?.. Əslində, məsələ bunlarla da bitmir. Bu xoşagəlməz ab-havanı görən bəzi “çoxbilmişlərimiz” bəzən ümumiyyətlə bu mərasimlərin lüzumsuz olduğunu iddia edir. Sən demə əsrlərdən bəri millətimiz əbəs yerə Aşuranı mədəniyyətimizin bir parçasına çevirib. Belələri Aşuranın millətimiz üçün əhəmiyyətini, gənc nəsillərin mənəvi tərbiyəsində oynadığı rolunu, azadlıqsevərlik, qəhrəmanlıq, qorxmazlıq, mərdlik əhval-ruhiyyəsi aşılaması faktorunu danaraq, İmam Hüseynimizi özgə kimi qələmə verirlər. Halbuki o, hansısa xalqa, hansısa ölkəyə deyil, bütün azadlıq və ədalətsevər bəşəriyyətə aiddir. O, ümumbəşəridir! Qəribədir, İmam Hüseyni yad sayıb, Aşuranın qeyd olunmasına etiraz edənlər Azərbaycandan qaynaqlanmadığı üçün Yeni ilin 1 yanvarda, yaxud Qadınlar gününün 8 martda qeyd edilməsinə, ölkəmizlə heç bir əlaqəsi olmayan digər əlamətdar günlərə də etiraz edirlərmi?..

Amma digər tərəfdən, bunu da etiraf edək ki, Aşura mərasimləri İmam Hüseyn məktəbinin gerçək mahiyyətinə, ruhuna uyğun şəkildə keçirilməyincə, haqlı tənqidlər də olacaq və olmalıdır. Aşura mərasimləri özündə İmam Hüseynin böyük İnsanlıq, Tövhid, Təqva, Fədakarlıq, Qəhrəmanlıq, Haqq-Ədalət, Şücaət, Qeyrət, Sədaqət, Şəhadət Məktəbinin ruhunu əks etdirməlidir... 

Aşura – qeyri-iş günü!

Azərbaycan mədəniyyətində məhərrəmlik kimi qeyd olunan başqa bir ümummilli hadisəyə rast gəlinmir ki, insanlar əsrlərdən bəri könüllü olaraq el şənliklərindən, toy-bayram etməkdən çəkinsin. Aşura günü tarixən olduğu kimi, bu gün də Azərbaycanda ümummilli hüzn günüdür. Amma qeyri-rəsmi olaraq. Bəs görəsən nə üçün bu gün rəsmi şəkildə Ümummilli Hüzn və qeyri-iş günü elan edilmir? Məgər Aşurada baş verən hadisə xalqımızın nəzərində 8 mart günü baş verən hadisədən daha əhəmiyyətsizdirmi? Axı millətimiz bu günü hamılıqla qeyd edir. Yüz minlərlə vətəndaşımız həmin gün məscidlərə, İmam Hüseyn məclislərinə qatılmağa tələsir. Məgər millətin yüzilliklərdən bəri böyük izdihamla qeyd etdiyi Aşuranı rəsmi qeyri-iş günü elan etməyin zamanı çatmayıbmı? Bununla biz ümummilli hadisəni rəsmiləşdirmiş olardıq. Hər xalqın, hər millətin özünə əziz saydığı, yaşatdığı bayram və matəm günləri var. İnancımızdan qaynaqlanan Ramazan (Fitr) və Qurban bayramlarımız olduğu kimi, Aşura matəmimiz də var. Biz, beləyik! Və birinci ikisini qeyri-iş günü olaraq qeyd etdiyimiz kimi, Aşuranı da qeyri-iş günü kimi qeyd etməmiz tam məqsədəuyğun olardı.

İmam Hüseyni tanıyaq!

İmam Hüseyn miladi təqvimlə 8 yanvar 626-cı il, hicri-qəməri təqvimlə 3 şəban 4-cü il tarixində Mədinə şəhərində doğulub. Sevimli peyğəmbərimiz Həzrət Məhəmmədin (s) nəvəsi, Həzrət Əlinin (ə) və peyğəmbər qızı Həzrət Fatimeyi-Zəhranın (ə) oğludur. 
O, 680-ci il tarixində, məhərrəm ayının 10-cu günü Yezidin əmri ilə şəhid edilib.

Tarixdəki rolu

Saxtakarlıqla İslam xilafətinə yiyələnmiş və dindən uzaq həyat sürən zülmkar Yezid ibn Müaviyə İslamı cəmiyyətdə həqiqi mehvərindən uzaqlaşdırıb, hakim dairələrin əlində bir alətə çevirməyə çalışırdı. O, cəmiyyətin bütün nüfuzlu şəxsiyyətlərini də öz hakimiyyət və iradələrinə tabe etdirmək, xilafətinin legitimliyini qəbul etdirmək istəyirdi. Həzrət Hüseyn (ə) dövrünün imamı olaraq dini təhriflərdən qorumaq, insanları doğru yola – saf İslama, yalnız Allaha bəndə olmağa, ləyaqətli həyat sürməyə dəvət etmək, həqiqi ilahi dəyərləri bəyan etmək missiyasını gerçəkləşdirərək, zülmə və haqsızlığa boyun əyməyib, İslamın bizlərə Allah buyurduğu və Peyğəmbərimiz (s) öyrətdiyi kimi çatmasını təmin etdi. O, bütün varlığı ilə Allah yolunda mübarizəyə qalxdı və öz qanı ilə qılınc üzərində qələbə çaldı!..

Hadisələrin məkanı və zamanı

Kərbəla çölü – indiki Bağdadın 105 kilometrliyində yerləşir. Əsas hadisələr Yezid qoşununun sərkərdələrindən olan Hürrün dəstəsinin Məhərrəm ayının 1-də İmamı yaxın ətrafı ilə birlikdə Kərbəla çölündə mühasirəyə alması ilə başladı. 9 gündən sonra Yezidin qoşunlarından İmam Hüseynə (ə) təslim olub, Yezidə beyət etmək, yəni onun hakimiyyətinin legitimliyini tanımaq tələbi gəldi. Əks halda qətlə yetiriləcəyi bildirildi. İmam Yezidə beyət etməyi qəbul etmədi. Nəhayət məhərrəm ayının 10-u Aşura hadisəsi baş verdi…

Aşura nədir? 

Aşura – “on” sözündəndir. Hadisələr məhərrəm ayının 10-cu günü baş verdiyindən, həmin gün tarixə “Aşura günü” adı ilə həkk olunub.

Hadisələrin səbəbi

Din adı ilə dinsizliyin cəmiyyətdə hakim olması və zülmkar, dindən uzaq həyat sürən birisinin bu toplumda xəlifə qismində legitimləşməsi təhlükəsi… 

“Xəlifə” adı ilə ilahi dəyərləri tapdaq altında qoyanların əlindən İslamı xilas edib, insanlara dini olduğu kimi göstərmək zərurəti…
Zülm və ədalətsizliyə “yox!” deyib, haqq, ədalət və azadlıq uğrunda mübarizə aparmağın vacibliyi…

Döyüşdəki cəbhələr

İmam Hüseyn (ə) öz ailəsi və yaxın ətrafı ilə birlikdə - 72 nəfərlik dəstə. 
Qarşı tərəf - Yezidin əmrini yerinə yetirən minlərlə əsgərdən ibarət qoşun…
Bir tərəfdə ilahi maraqlar, o birisində dünya maraqları…
Bir tərəfdə xeyir, digərində şər!..

Nəticə

İmam Hüseyn (ə) tərəfindən döyüşənlərin hamısı şəhid oldu. İmamı da şəhid edib, başını bədənindən ayırdılar. Qalanları – qadınlar, uşaqlar və İmam Hüseynin (ə) oğullarından biri, 72 nəfərlik dəstənin bu döyüşdə vuruşmayan yeganə kişi nümayəndəsi İmam Zeynəlabidin (ə) əsir götürülərək Şama aparıldı. 

Qanın qılınc üzərində qələbəsi

İmam Hüseyn zülmkar Yezid qarşısında əyilmədi. Haqq yolda olub, haqsızlıqla barışmadı. O, kiçik bir dəstə ilə böyük bir şər imperiyasının qarşısında "yox" deməyi bacardı. 
İmam haqq-ədalət uğrunda, İslam uğrunda zülmkarla, despotla mübarizəyə qalxdı, bu yolda canından keçdi, ən yaxınlarını itirdi, ailəsinin əsir düşməsinə razı oldu, lakin öz əqidəsindən dönmədi. Bu, qanın qılınc üzərində qələbəsi idi! Belə ki, İmam Azadlıq məktəbinin bünövrəsini qoydu və öz qanıyla əbədi olaraq azadlıqsevər insanların qəlbinə azadlıq toxumunu səpdi. Bəlkə də, tarixdə ilk dəfə olaraq məğlub edən deyil, məğlub olanlar qələbə çaldılar. Bu qiyam hər gün, hər yerdə insanlara zülmün, haqsızlığın qarşısında "yox" deməyi öyrətdi…

“Hər yer Kərbəladır, hər gün Aşuradır!..” 

Bu müdrik kəlam İmam Cəfər Sadiqdən (ə) nəql edilir. O, Kərbəla və Aşura hadisəsinin bir məkan və zamana sığmadığını, əslində, bütün məkanlara və zamanlara aid olduğunu vurğulayır. Məgər Haqq ilə batil, imanla küfr, xeyirlə şər arasındakı mübarizə sona çatıb?.. İmam Hüseyn bu mübarizədə hər şeyini, hətta canını belə qurban verdi, lakin haqq uğrunda mübarizədən bir an olsun, çəkinmədi. İmamət və səltənət qarşıdurmasında xüsusi bir yerə malik olan Həzrət Hüseynin (ə) şəhadətini, adi bir hadisə olaraq yox, kökləri ta qədim dövrlərə gedib çıxan Haqqla batilin, xeyirlə şərin arasındakı mübarizənin davamı kimi dəyərləndirmək lazımdır. Unutmaq olmaz ki, bu tarixi hadisələr dünən olduğu kimi, müxtəlif zaman və məkanlarda, fərqli təzahür formalarında günümüzdə də yaşanır və Qiyamətə qədər də yaşanacaqdır. Önəmli olan isə, bu tarixi mübarizədə kimin Hüseyn, kimin də Yezid tərəfdə yer almasıdır...
Kərbəla məktəbi – insanlıq məktəbidir! 

İmam Hüseyn məktəbi əslində bir insanlıq məktəbidir. Əlamətdar haldır ki, Azərbaycan xalqı əsrlərdən bəri Kərbəla məktəbini yaşadan az xalqlardan biridir. İmam Hüseyn məktəbi millətimizin mədəniyyətinə, incəsənətinə, ədəbiyyatına, musiqisinə, hətta mətbəxinə belə daxil olub. Günümüzdə də milli mədəniyyətimizin ayrılmaz hissəsi kimi cəmiyyətimizdə öz təsirini göstərir. Amma əfsuslar olsun ki, 70 illik dinsiz kommunist rejiminin hakimiyyəti cəmiyyətdə öz dərin izlərini buraxıb. Cəmiyyətimizin çox az hissəsi Kərbəla məktəbinin həqiqi mahiyyəti ilə tanışdır. Əksəriyyət üçün bu, sadəcə bir hüzn hadisəsidir. Deməli, bu İnsanlıq məktəbin daha dərin dərslərini, belə demək mümkünsə, yuxarı siniflərini keçməmizə, onun mahiyyəti, fəlsəfəsi ilə tanışlığa böyük ehtiyac var. 

Günümüzdə bir epizodik hadisə kimi yalnız Aşura deyil, Həzrət Hüseynin bütün şərəfli həyat yolu dərindən öyrənilməlidir. O, həzrət peyğəmbərimizin (s) qucağında böyüyüb, peyğəmbər tərbiyəsi alıb. Onun bütün davranışları iman, təqva, elm və əxlaqın ən parlaq nümunələrindəndir. İmam Hüseyni öyrəndikcə insanlar əlinə Quran alacaq və bu İlahi Kitabı öz ruhuna, düşüncələrinə və əməllərinə hopdurmağa çalışacaq. Eyni zamanda, dünyəvi elmləri də dərindən öyrənəcək, imanda da, elmdə də ən öndə olmağa çalışacaq. İmam Hüseyn kimi islahatçı olacaq, özü düz insan olmaqla yanaşı, cəmiyyətini islah etməyə çalışacaq. Cəhalət və irtica zəncirlərini qırıb, İmam Hüseyn kimi dövrünün ən mütərəqqi şəxsiyyəti olmağa səy göstərəcək. Sözün həqiqi mənasında Allah bəndəsi olmağı öyrənəcək. Ən əsası, qanı ilə qılınc üzərində qələbə qazanmış İmam Hüseyndən ölməzlik sirlərini öyrənəcək. 

Bu məktəbi keçmiş yeni nəslin quracağı cəmiyyət köklü şəkildə kommunistlərdən miras qalmış bugünkü cəmiyyətimizdən fərqli olacaq. Bu məktəb bizlərə cəmiyyətdə ədalətin bərqərar olmasını, insan haqları və azadlıqlarının təmin edilməsini, insanlığa dəyər verilməsini, qorxmazlığı, şücaəti, cəsarəti, tərəqqini aşılayır. Elə bir cəmiyyət ki, orada zülmə, haqsızlığa, yalana, rüşvətə, böhtana, narkomaniyaya, alkoqolizmə, cəhalətə, mövhumata, təkəbbürə, bir sözlə, hər cür rəzalətə yer yoxdur. 

Bu məktəb Allah adamı yetişdirir ki, onun hər bir hərəkətindən özü də, ailəsi də, çevrəsi də, bütövlükdə cəmiyyət də yalnız fayda almış olsun. 

Bir sözlə, bu məktəbin həqiqi tələbələri ən layiqli insan olmağı öyrənə bilərlər. Bu isə şüarla yox, şüurla olur! Öyrənmək, anlamaq, düşünmək və həyata keçirmək. Kərbəla məktəbi – insanlıq məktəbidir! Kərbəla məktəbi özünün və yaşadığı cəmiyyətin taleyinə biganə qalmayan islahatçılar yetişdirən bir məktəbdir. 

Torpaqlarımızın işğal altında olduğunu, düşmənlərin məkrli niyyətləri ilə üz-üzə dayandığımızı nəzərə alsaq, hər birimizin bu igidlik və qəhrəmanlıq məktəbindən lazımınca faydalanmamızın, bu məktəbin nümunəvi şagirdləri olmamızın zəruriliyi aydın görünür. 

Allah bizləri bu böyük məktəbdən düzgün bəhrələnməyə müvəffəq etsin. AMİN!
//ANSPRESS

Elşən Mustafaoğlu, 
fəlsəfə doktoru

 

Digər xəbərlər:
Şərhlər
avatar