Putin Azərbaycana gəlir
10.05.2016 457 0.0 0

i
Rusiya prezidenti Vladimir Putin Azərbaycana gələcək.  "İnterfaks-Azərbaycan"a istinadən verilən məlumata görə, səfər may ayının sonuna planlaşdırılıb. "Səfərin əsas məqsədi Azərbaycan və Ermənistan arasında yaranmış münaqişə, eləcə də son vaxtlar təmas xəttində yaranmış gərgin vəziyyətlə bağlıdır". 

Məlumata görə, Putinin Azərbaycandan sonra İrəvana getməsi də istisna deyil. 

Bir neçə gün öncə V.Putinin Azərbaycana səfər edəcəyi, hətta təyyarəsinin hazır vəziyyətə gətirilməsinə göstəriş verdiyi barədə məlumatlar yayılmışdı. Kremlin mətbuat xidmətindən ANS PRESS-ə bu barədə məlumatsız olduqlarını desələr də ölkə rəhbərliyinə yaxınlığı ilə tanınan politoloq, Rusiya İctimai Palatasının üzvü Sergey Markov  açıqlamasında səfəri istisna etməyib. 
Rusiya prezidenti Vladimir Putinin Azərbaycana son səfəri ötən ilin iyun ayına,  I Avropa Oyunlarının açılış mərasiminə təsadüf edir. O, burada prezident İlham Əliyevlə yanaşı, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxla da görüşüb.

Rusiya rəhbəri ölkəmizdə olarkən İlham Əliyevlə danışıqlar aparıb. Danışıqlar əvvəl təkbətək, daha sonra geniş tərkibdə aparılıb. Danışıqlarda ikitərəfli münasibətlər, Dağlıq Qarabağ məsələsi müzakirə olunub.  

Ümumiyyətlə aprel ayında Qarabağda baş verən dördgünlük döyüşlərdən sonra şimal qonşumuzun rəsmi şəxsləri bir-birinin ardınca regiona səfər ediblər. Putin həm baş nazir Dmitri Medvedev, həm də xarici işlər naziri Sergey Lavrovu cəbhə bölgəsindəki vəziyyəti müzakirə etmək üçün Bakı və İrəvana göndərib. Rusiyanın "İzvestiya" qəzetinin yazdığına görə, aprelin 22-də İrəvanda Sergey Lavrovla prezident Serj Sarkisyan arasında görüş çox gərgin keçib. 

Medvedev Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsi ilə əlaqədar aprelin 7-də İrəvana, 8-də isə Bakıya səfər edib. O, Ermənistan və Azərbaycan prezidentləri ilə görüşüb, danışıqlar aparıb. Əsas müzakirə mövzusu isə Dağlıq Qarabağ münaqişəsi olub. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar