Prezident Tərtər şəhərində ermənilər tərəfindən dağılmış evlərə baxıb-Video
02.05.2016 735 0.0 0

Xəbər verdiyimiz kimi, mayın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər, Ağdam və Bərdə rayonlarında olublar.

Qazeta.info xəbər verir ki, Ali Baş Komandan İlham Əliyev əvvəlcə Tərtər rayonundakı “N” saylı hərbi hissəyə gedib.Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 27-dən 28-nə keçən gecə işğalçı Ermənistan ordusu tərəfindən iriçaplı silahlar və artilleriya qurğularından açılmış atəş nəticəsində zərər çəkmiş Tərtər şəhərinin Fikrət Əmirov küçəsində dağılmış evlərə baxıblar.

Dövlət başçısına məlumat verildi ki, ermənilərin törətdiyi vəhşiliklər nəticəsində Tərtərin yaşayış məntəqələrində 256 evə, 4 məktəbə, 2 həkim məntəqəsinə, 1 uşaq bağçasına ziyan dəyib, 32 ev tamamilə dağıdılıb.

Sakinlərlə söhbət zamanı Prezident İlham Əliyev dəymiş ziyanın tezliklə aradan qaldırılacağını bildirib.

Sonra dövlət başçısı və xanımı cəbhə xəttinin 200 metrliyində yerləşən Tərtər rayonunun Qapanlı kəndinə gəldilər. Onlar artilleriya zərbəsi nəticəsində evi dağılmış kənd sakini Abbas Abbasovun həyətində oldular. Düşmənin açdığı atəş nəticəsində bu kənddə 55 evə ziyan dəyib. Onlardan 14-ü tamamilə dağıdılıb.

Sakinlərlə söhbət zamanı Prezident İlham Əliyev bildirdi ki, ordumuz döyüş meydanında öz qüdrətini göstərdi, lakin ermənilər mülki əhaliyə atəş açırlar. Dövlət başçısı qeyd etdi ki, bu kənddə də düşmən güllələrinin və mərmilərin törətdiyi fəsadların aradan qaldırılması üçün bütün tədbirlər görüləcək.

Sakinlər Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını bildirdilər. Qeyd etdilər ki, onlar Ali Baş Komandana və qüdrətli Azərbaycan Ordusuna arxalanaraq düşmənlə üz-üzə mövqedə yaşayırlar.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar