Partiya liderləri: Minsk Qrupunun vasitəçiliyindən imtina edilməlidir
04.02.2016 354 0.0 0

 Azərbaycan Sosial Rifah Partiyasının (ASRP) təşkilatçılığı ilə bir qrup partiya sədrinin mətbuat konfransı keçirilib.

Məlumata görə, tədbirdə çıxış edən ASRP sədri Xanhüseyn Kazımlı bildirib ki, Azərbaycan bu gün işğaldan əziyyət çəkən ölkə kimi, təcavüzə və terrora qarşı mübarizə aparır: "Bizim işğal olunan torpaqlarımızda kifayət qədər yeraltı və yerüstü sərvətlər var. Bu gün bu sərvətlər və Azərbaycana dəyən ziyan hesablanır və bütün bunlar torpaqlarımızın azad olunmasına, dəymiş ziyanın ödənilməsinə xidmət edir". 

Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, böyük dövlətlərin ikili standartlarla çıxış etdiyini deyib. O bildirib ki, Azərbaycan ATƏT-in Minsk Qrupunun vasitəçiliyindən imtina etməlidir: "Ciddi şəkildə müharibəyə hazırlaşmalıyıq. Hazırda Ali Baş Komandanın rəhbərliyi ilə güclü ordu quruculuğu həyata keçirilir".

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı da işğal olunmuş torpaqların geri qaytarılmasının yalnız hərbi yolla mümkün olacağını qeyd edib. 

Vəhdət Partiyasının sədri Tahir Kərimli ATƏT-in Minsk Qrupunu fəaliyyətsizlikdə ittiham edib: "Biz o vaxt da bəyan etmişdik ki, bu qrup heç bir iş görən deyil. Bu, yalnız vaxt itkisidir. Torpaqların sülh yolu ilə alınacağına heç kim inanmır. İnanırıq ki, Azərbaycan ordusu öz torpaqlarını azad etməyə qadirdir və bir gün edəcək".

Tədbir çıxışlarla davam etdirilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar