Parlament seçkilərində iştirak edəcək ilk siyasi partiyalar bloku qeydə alındı
05.09.2015 701 0.0 0

Azərbaycanda keçiriləcək parlament seçkilərində iştirak edəcək ilk siyasi partiyalar bloku qeydə alınıb.

Məlumata görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qərar qəbul edilib.

Qeyd edilib ki, seçki bloku “Azadlıq-2015” adlanır və ora 7 siyasi partiya daxildir. Bunlar Aydınlar Partiyası, Azadlıq Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Azərbaycan Xalq Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Böyük Azərbaycan Partiyası, Klassik Xalq Cəbhəsi Partiyasıdır.

İclasda 1 noyabr parlament seçkilərində iştirak etmək üçün Yeni Azərbaycan Partiyası, Ümid Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP), Müsavat Partiyası, Ana Vətən Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası (AMİP), Vətəndaş Həmrəyliyi Partiyası (VHP) və Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) səlahiyyətli nümayəndələri qeydə alınıb.

YAP-dan 155 nəfərin, Ümid Partiyasından 23, MDHP-dən 19, Müsavat Partiyasından 65, Ana Vətən Partiyasından 12 nəfərin, AMİP-dən 19, VHP-dən 12, ASDP-dən isə 7 nəfərin səlahiyyətli nümayəndələri qeydə alınıb.

İclasda “Azadlıq-2015” seçki blokunun emblemi də təsdiq edilərək qeydə alınıb.

Komissiyanın iclasında “Azadlıq-2015” siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinin qeydə alınması da müzakirə edilib. MSK sədri Məzahir Pənahov bildirib ki, blok “Azadlıq-2015” siyasi partiyalar blokunun qeydə alınması rəsmi qüvvəyə mindikdən sonra səlahiyyətli nümayəndələrinin təsdiq edilməsi üçün müraciət edə bilər. Ona görə də bu məsələ təxirə salınıb.

MSK üzvləri, həmçinin bəzi seçki dairələrinin tərkibində dəyişiklik edilməsinə də səs veriblər./trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar