Tarix: 09.12.2016,   Saat: 13:41, Cümə.          

Pakistanlı nazir: Azərbaycan ordusunu təchiz etməyə hazırıq

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin müdafiə sənayesi federal naziri Rana Tanvir Hüseynlə görüşüb.

 

Səfirlikdən verilən məlumata görə, görüşdə Azərbaycan və Pakistanın müdafiə sənayesi sahəsində əməkdaşlığının davamı və qarşıda duran vəzifələr, hər iki ölkədə keçirilən sərgilərdə iştirakın təmin olunması, təcrübə mübadiləsi, elmi əməkdaşlıq, qarşılıqlı səfərlərin təşkili, iki ölkə rəhbərlərinin səmimi dostluğunun yaratdığı imkanlar haqqında fikir mübadiləsi aparılıb.

 

Ermənistanın təxribatları barədə məlumat verən səfir Pakistanın birmənalı dəstəyinin Azərbaycan dövləti və xalqı tərəfindən daim yüksək qiymətləndirildiyini bildirib. O, Azərbaycanın da hər zaman Pakistanın yanında olduğunu, Kəşmir üzrə İslam Əməkdaşlıq Təşkilatının Təmas qrupunun üzvü kimi Kəşmir məsələsinin BMT TŞ qətnamələri əsasında tezliklə həlli tərəfdarı olduğunu diqqətə çatdırıb.

 

Rana Tanvir Hüseyin isə Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu və Azərbaycanı daim dəstəklədiyini qeyd edib. Pakistanın müdafiə sənayesi müəssisələrinin istehsal imkanları haqqında məlumat verən nazir Azərbaycan ordusunu müdafiə sənayesi məhsulları ilə təchiz etməyə hazır olduqlarını vurğulayıb. O, ölkəsinin sentyabrın 27-30-da  Bakıda keçiriləcək ADEX-2016 müdafiə sərgisində iştirak edəcəyini deyib./apa/



  Bölmə: Xəbər | Baxış sayı: 367 | Tarix: 09.09.2016, 15:49


Xəbərlər