Nazirlik Azərbaycana hücum edən çəyirtkələrə qarşı mübarizəyə başlayıb
15.07.2015 544 0.0 0

12 iyul tarixdən etibarən Abşeron yarımadasının Novxanı, Pirşağı, Nardaran Bilgəh kəndlərinin və Sumqayıt şəhərinin Xəzər dənizinə yaxın ərazilərinə Asiya çəyirkəsinin miqrasiyası müşahidə olunmuşdur. Yaranmış vəziyyət nəzərə alınaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən monitorinqlərin və mübarizə tədbirlərinin həyata keçirilməsi üçün Dövlət Fitosanitar Nəzarəti Xidmətinə xüsusi tapşırıqlar verilmişdir.

Qazeta.info Kənd Təsərrüfatı Nazirliyinə istinadla bildirir ki, Dövlət Xidmətinin rəisi Camal Quliyev bildirmişdir ki, dünəndən etibarən qeyd olunan ərazilərdə Asiya çəyirtkəsinə qarşı mübarizə tədbirlərinə başlanılmış və artıq 100 ha-dan artıq ərazidə bu tədbirlər həyata keçirilmişdir. Mübarizə tədbirlərinin həyata keçirilməsi üçün Dövlət Xidmətində qərargah yaradılmış, Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri, mobil dəstələrinin texnikası bu işlərə cəlb olunmuşdur.

Asiya çəyirtkələrinin Şimali Qafqazdan, Terek çayı vadisindən miqrasiya etməsi müəyyən edilmişdir. Çəyirtkə sürüsü güclü külək nəticəsində sahili zolağında dənizə düşmüşdür. Bu səbəbdən də əsasən sahil zolağı ərazilərdə müşahidə olunurlar. Uzaq yol və dənizə düşmələri ilə zədələnmə səbəbindən adi hala nisbətən çox zəifdirlər və bir çox sahələrdə təbii ölümləri müşahidə olunur. Asiya çəyirtkəsinin müşahidə olunduğu ərazilərimizdə kənd təsərrüfatı əkinləri olmadığı üçün onların ciddi zərər vurması gözlənilmir. Bu növün əsasən qamışlı bataqlıq ərazilərdə yumurta qoyması nəzərə alınaraq belə sahələrdə mübarizə tədbirləri ilk növbədə aparılır.

Məsələnin aktuallığı nəzərə alınaraq yerli icra nümayəndələrinin və bələdiyyələrin mübarizə tədbirlərinə dəstəyi çox faydalı olardı. Vətəndaşlardan bağ sahələrində Asiya çəyirtkəsi müşahidə olunarsa bu barədə Kənd Təsərrüfatı Nazirliyinin 1652 nömrəli qaynar xəttinə və yaxud 562 87 44 nömrəli telefonla Dövlət Fitosanitar Nəzarəti Xidmətinin çağrı mərkəzinə məlumat vermələri xahiş olunur.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar