MTN-in yüksək rütbəli əməkdaşının əməlləri ilə bağlı mətbuat konfransı keçirilib
19.12.2015 671 0.0 0

2012-ci ilin fevralında keçmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində kompüter informasiyasına qanunsuz daxil olaraq müxtəlif bank hesablarından külli miqdarda pul vəsaitlərinin talanmasında təqsirli bilinən mütəşəkkil dəstənin üzvləri ilə bağlı mətbuat konfransı keçirilib.
 
Məlumata görə, vəkil Türkel Süleymanlı bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs, hazırda həbsdə olan Elçin Abdullayev keçmiş MTN Baş İstintaq İdarəsinin sabiq rəis müavini Sahib Ələkbərov tərəfindən təqibə məruz qalıb və əsassız olaraq həbs edilib. Vəkilin sözlərinə görə, heç bir zərərçəkən tərəf olmasa da, bu cinayət işi yalnız maddi maraq əsasında MTN tərəfindən başlanıb: "Elçin kompüter sahəsində mütəxəssis işləyib. İddia edirlər ki, dəstənin rəhbəri olan Rəhman Musayev guya transmilli beynəlxalq cinayətkar qrup yaradıb və banklardan külli miqdarda vəsait oğurlayıblar. Halbuki Elçinlə Rəhman arasında heç vaxt vəzifə, pul bölgüsü olmayıb. Sahib Ələkbərov öz maraqlarına görə oğurluqla bağlı olan cinayət işinin istintaqını Daxili İşlər Nazirliyinə verməyib. Qeyd edirlər ki, guya Hindistan, Rusiya, ABŞ və digər ölkələrin vətəndaşlarından ibarət cinayətkar qrup formalaşdırılıb. Çox maraqlıdır ki, beynəlxalq transmilli cinayətkar qrup adlandırdıqları qrupun tərkibində olan 5 nəfərin hamısı Azərbaycan vətəndaşıdır. Heç bir cinayət epizodu göstərilməsə də, heç bir xarici bank və fiziki şəxsin şikayəti, hətta adı olmasa da, Sahib Ələkbərov Elçin Abdullayevin 140 min, Emin Zəkiyevin isə 40 min manat mənimsədiyini yazaraq, onları özgə əmlakını talamaqda ittiham edib”.  
 
Vəkil iddia edib ki, S. Ələkbərov Azərbaycan Beynəlxalq Bankının əməkdaşları ilə cinayət əlaqəsinə girərək, bank əməkdaşlarının guya E. Abdullayev və E. Zəkiyevin əməli nəticəsində 6180 manat ziyan çəkdiyini cinayət işinə əlavə edib: “Bu vəsait həbs olunan şəxslərin ailələri tərəfindən ödənilib. Halbuki, nə istintaq, nə də məhkəmə zamanı Azərbaycan Beynəlxalq Bankı tərəfindən hər hansı xarici bank və ya fiziki şəxsin tələbnaməsi bizə təqdim olunmayıb”.
 
Vəkil qeyd edib ki, S. Ələkbərov dəstə başçısı Rəhman Musayevdən külli miqdarda pul alaraq onun barəsində həbs qətimkan tədbirini dəyişdirməyə nail olub: “Ancaq yeni dünyaya gəlmiş övladı olan Elçin Abdullayev, anası onkoloji xəstə olan Emin Zəkiyev və digərləri barəsində qətimkan tədbiri dəyişdirilməyib. Rəhman Musayev hazırda azadlıqda olsa da, onun konkret harada olduğu məlum deyil. MTN tərəfindən bu şərti qrupun yaradılması birbaşa pul mənimsəməklə bağlıdır. Sahib Ələkbərov həbs olunan şəxslərdən pul tələb edib. Deyib ki, pulu dövlətə ödəyin, dövlət də mənəm”.
 
Vəkil əlavə edib ki, Ağır Cinayətlər Məhkəməsinin qərarında Apelyasiya Məhkəməsinə şikayət etsələr də, hökm dəyişdirilməyib.
 
Xatırladaq ki, MTN-nin sözügedən faktla bağlı yaydığı məlumatda göstərilib ki, Azərbaycan Respublikasının vətəndaşları – Musayev Rəhman Sahib oğlu, Abdullayev Elçin Tariyel oğlu, Zəkiyev Emin Tahir oğlu, Dadaşlı Mikayıl Elşad oğlu və qeyriləri mütəşəkkil dəstə tərkibində İnternetdən istifadə etməklə qanunla qorunan kompüter informasiyasına qanunsuz daxil olub onların surətlərini əldə edərək 2008-2011-ci illər ərzində həmin informasiyalar vasitəsilə ayrı-ayrı fiziki və hüquqi şəxslərə məxsus elektron bank hesablarından böyük məbləğdə pul çıxarmış və onların mənafeyinə külli miqdarda ziyan vurmaqla həmin pul vəsaitini gizli olaraq talayıblar.
 
Milli Təhlükəsizlik Nazirliyinin Baş istintaq İdarəsinin sabiq rəis müavini Sahib Ələkbərov hazırda həbsdə olduğundan ittihamlara onun münasibətini öyrənmək mümkün olmayıb.
 
Qeyd edək ki, o bu ilin sentyabrında həbs olunub. "Bizimyol.info"-nun məlumatına görə, S. Ələkbərov Göyçaydan olan iş adamını narkotik maddə ilə həbs edərək ondan 200 min manat alıb. Həmin şəxs isə «Aznar» ASC-nin prezidenti, milyarder iş adamı Fərhad Əhmədovun yaxın qohumu olub. F. Əhmədovun müdaxiləsindən sonra məsələyə araşdırılıb və S. Ələkbərov həbs edilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar