MTN-ə aparıldığı və təhdid edildiyi deyilən müğənninin kimliyi bəlli olub
09.06.2016 1866 0.0 0

MTN-in keçmiş idarə rəisi, general-mayor, hazırda həbsdə olan general Akif Çovdarov tərəfindən ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinə aparıldığı və təhdid edildiyi deyilən müğənninin kimliyi bəlli olub. İddiaya görə, bu, Şəbnəm Tovuzlu kimi tanınan Şəbnəm Əsədova olub. 

Qazeta.info bildirir ki, ANS PRESS onun haqqında yayılan xəbərlərə aydınlıq gətirmək üçün müğənniyə zəng edib. Lakin telefona onun prodüseri Cəmilə Cəfərova cavab verib. Prodüser açıqlamasında mətbuatda yayılan xəbərlərin həqiqətə uyğun olmadığını bildirib. 

"Şəbnəm xanım oruc tutduğu üçün hazırda yatıb. Bu söhbət artıq keçmişdə qalıb. Reytinq üçün yenidən yazırlar. Akif Çovdarov işləmir ki, ondan da gedib müsahibə alasan. Bəli, Şəbnəmin ev problem olub, Necə? Əvvəl üç otaqlı evi olub, sonra satıb 5 otaqlı alıb. Bu, şəxsi işidir. Heç kimin əlindən evi alınmayıb. Şəbnəm Tovuzlunun bu dəqiqə gözəl evi və yaşayışı var. Sadəcə  yoldaşı tərəfindən alınan ev satılıb və yenisi alınıb. Şəbnəm xanımın öz ailəsi var və o, elə adam deyil ki, yüksək vəzifəli adamlarla işi olsun. Ümumiyyətlə, biz Akif Çovdarovu tanımırıq".

İfaçının prodüseri qeyd edib ki, Şəbnəm Tovuzlu Famil adında şəxslə münasibətləri şəxsi olduğu üçün bu barədə danışmaq istəmir. 


Mətbuatda yayılan xəbərlərdə müğənninin MTN-ə aparılmasını Akif Çovdarovdan ona sponsorluq etmiş Famil adlı şəxsin xahiş etdiyi bildirilib. İddiaya görə, Famil müğənnidən tələb edib ki, bağışladığı mənzili geri qaytarsın. Bundan sonra Nərimanov rayonu ərazisindəki çoxmərtəbəli binanın 3-cü blokunun 2-ci mərtəbəsindəki 3 otaqlı mənzil Familin adamı Abbas Həsənlinin adına keçirilib.

Famil adlı şəxs A.Çovdarovun şəbəkəsində olan iş adamı kimi təqdim edilir. Bildirilir ki, Famil və onun şərikləri A.Çovdarovun "krışa"lığı ilə Bakıda çoxmərtəbəli binalar tikiblər. 

A.Çovdarov Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə, bu məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1 (rüşvət alma (passiv rüşvətxorluq), qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2 (Rüşvət alma (passiv rüşvətxorluq) təkrar törədildikdə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq) külli miqdarda törədildikdə), 311.3.4 (rüşvət alma (passiv rüşvətxorluq) hədə-qorxu tətbiq olunmaqla törədildikdə) maddələri ilə ittiham olunur.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar