Mövlud Çavuşoğlu-«Soyuq müharibənin təsirlərini bu gün Ukrayna hiss edir, sabah başqa ölkə hiss edə bilər»
25.02.2015 767 0.0 0

“Bu təşkilat dünyanın həqiqətlərini əks etdirmir”

 BMT Təhlükəsizlik Şurası bugünkü reallıqları əks etdirmir.
 
Məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
 
Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurası II Dünya müharibəsindən sonra yaranıb: “Orada qəbul edilən sənədlər və qurulan təşkilatlar müharibədən dərhal sonra qəbul edilib, təəssüf ki, bugünkü həqiqətləri əks etdirmir. Dəyişmək lazımdır. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü var. Onlardan birinin qərarı ilə Suriyada müharibə dayanmaya bilər. Bütün dünyanın taleyi 1 ölkənin ağzından çıxan səsə bağlıdır.
 
BMT Təhlükəsizlik Şurası inam və etibarı itirir və özünü məhv edəcək. Orada Afrikanı, müsəlmanları təmsil edən varmı? Yoxdur. Mən dini ayrı-seçkilik etmək istəmirəm, amma bu qurum hər kəsi təmsil etməlidir. Bu təşkilat dünyanın həqiqətlərini əks etdirmir. Yenilənməli, ədalətli olmalıdır”.

 

Daha sonra  dünyada baş verən bir sıra  prosesləri dəyərləndirən Türkiyəli nazir, “Bölgədə gələcək üçün fürsətlərin olduğu qədər, problemlərin də olduğunu görürük. Bu problemlər bəzən fürsətləri kölgələyə bilir” deyə açıqlama verib.

O bildirib ki, bölgədə daha böyük iş birliklərinə ehtiyac var: “Son 7-8 ildir Avropada tüğyan edən və siyasəti də kökündən sarsıdan iqtisadi böhranın təsirlərini hələ də yaşayırıq. Belə bir mərhələdə Türkiyə və Azərbaycan fərqliliyi ortaya qoyub. Azərbaycanda bugünkü inkişafa baxanda hər sahədə inkişafın tək Bakı ilə məhdudlaşmadığını, bütün bölgə və rayonlara da təsir etdiyini görürük. Azərbaycanda yalnız neft və qaza əsaslanan iqtisadiyyatın olmadığını görürük. Neftin qiymətləri Azərbaycan iqtisadiyyatına da təsir edəcək, amma Azərbaycanın bunun qarşısını almaq üçün tədbirlər görəcəyinə əminik”.

 
Nazir dünyada baş verən mənfiliklərin sayının artdığını və “Ərəb baharı” baş verən bölgələrdə vəziyyətin daha da pisləşdiyini deyib: “Suriyada bu ölkəni idarə edə bilməyən bir rejim var. Suriyada baş verən bu boşluğu terror təşkilatları doldurdu. Dünya “İŞİD” problemi ilə üz-üzə qalıb və bunun öhdəsindən gəlməyin yollarını axtarır. Suriyada 12 milyon insan evini tərk etmək məcburiyyətində qalıb. Bunlardan 1,7 milyonu Türkiyədə yaşayır. İraqdan gələnlərlə birlikdə bunların sayı 2 milyondur. Düşərgələrdə yaşayanları hər şeylə təmin edə bilirik. Bunun üçün 5 milyard dollar civarında pul xərclədik. Beynəlxalq ictimaiyyət bizi dəstəkləyir, amma yardım göstərmir. İrqi, dini ayrı-seçkilik edirlər. Amma biz heç bir ayrı-seçkilik etmədik. “Terroru necə yenə bilərik, Suriyaya əmin-amanlığı necə gətirə bilərik” - deyə düşünürük, amma hələ ki vahid strateji plan yoxdur. Azərbaycanda, Ukraynanın şərqində də bunları yaşayırıq. İki dəfə atəşkəs razılaşmasının əldə olunmasına baxmayaraq, bu ərazidə atışmalar, insan ölümü davam edir. Başqa bir fenomen - xarici döyüşçü fenomeni ortaya çıxıb. Suriyada başqa yerlərdən, başqa dinlərdən adamlar var. Ukraynadan da xeyli xarici döyüşçü çıxıb. Bu müharibə dayandığı zaman həmin şəxslər ölkələrinə qayıtdıqda nə olacaq? Biz bu günə qədər Suriyada döyüşdüyü üçün 11 min şəxsin ölkəyə girişinə qadağa qoyduq. Amma bir müddət sonra onlar yenidən gəlir. “Soyuq müharibə” dövrünün təsirlərini hiss etməyə başlayırıq. “Soyuq müharibə"nin bitmədiyini görürük. Ukrayna məsələsində Rusiyanı tənqid edə bilərik, amma Qərbi də 5 dəfə artıq tənqid edə bilərik. Belə davam etsə, məsələ tək Ukrayna və ya Gürcüstanla qalmayacaq. Rusiya ilə Qərb arasında “soyuq müharibə”nin təsirlərini bu gün Ukrayna hiss edir, sabah başqa ölkə hiss edə bilər”./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar