Moskvadakı qızı atasına qovuşdurdu – İLLƏR SONRA
28.01.2016 597 0.0 0

"Siz nə danışırsınız?! Sağdı atam?!" 
 

- İnana bilmirəm! Siz nə danışırsınız?! Sağdı atam?! (Qəfildən hönkürür)

 

- Sakit olun, Veronika. Başa düşürəm, amma lütfən sakitləşin! Mən sizə yenidən zəng edəcəm.

 

Mənim bu sözlərimdən sonra xəttin o biri başından az qala bağırır: “Getməyin, danışın!”

 

Səhər tezdən modern.az saytında görmüşdüm bu xəbəri: “Rusiyalı qız atasını axtarır”:

“Rusiyanın Moskva şəhərində yaşayan Veronika Surkova azərbaycanlı atasını axtarır.Rusiyalı qız sosial şəbəkədə atasının əslən Tovuzun Cəlilli kəndindən olduğunu və ondan xatirə olaraq yalnız bircə şəklinin qaldığını qeyd edib.

 

“Mən atamı axtarıram. Həyatımın əksər hissəsində onu görməmişəm. Nə üzünü, nə də səsini xatırlayıram. Ondan yeganə qalan aşağıdakı şəkil, bir də anamın xatirələridi. Onun adı Mustafayev Vahiddir. 54 yaşı olmalıdır. Azərbaycanın Tovuz rayonundakı Cəlilli kəndində doğulub”.

 

“Nə üzünü, nə də səsini xatırlayıram”. Açığı, çox təsir etmişdi bu sözlər. “Tapacam, qovuşduracam” – deyib, əvvəl atanı aradım. Dərhal Vahid Mustafayevin yaşadığı ehtimal olunan Cəlilli kəndiylə, daha doğrusu, kəndin icra nümayəndəsi Rasim müəllimlə əlaqə saxladıq. Rasim müəllim Vahid Mustafayev adlı və təxminən eyni yaşlı birinin həqiqətən də həmkəndlisi olduğunu dedi. “Uzağı bir saata sizi onunla əlaqələndirəcəm”.

 

***

 

Heç bir saat da keçmədi. Rasim müəllimdən Vahidin mobil telefonunu əldə etdik. 

Yoldaydı biz zəng edəndə. Sürücüdü, Tovuzdan Bakıya yük daşıyır. Özümüzü təqdim edib niyə zəng etdiyimizi bildiririk.

 

- Qızım? Siz nə danışırsız müəllim?! Veronika, mənim balam. (Səsi titrəyir) Qoy, maşını saxlayım.

 

Qısa fasilədən sonra söhbətimiz davam edir:

 

- Haradan tapdınız qızımı. Məni axtarır, eləmi?

 

- Hə, sizi axtarır. Nə bildiniz?

 

- …

 

- Siz həyəcanlanmayın. O bu dəqiqə Moskvada zəngimizi gözləyir. Sizin telefon nömrənizi ona verimmi?

 

- Nə danışırsız, əlbəttə, onun nömrəsini də mənə verin…

 

...Vahidlə Olya Surkova Rusiyanın Çeboksarı şəhərində tanış olublar. Evləniblər. Vahid orada da sürücü işləyirmiş. Dolanışıq ucbatından ailə əyalətdən Moskvaya üz tutub. Bir müddət də paytaxtda yaşamalı olublar. Qızları olub, adını Veronika qoyublar. 10 il bundan əvvəl isə Vahid körpə Veronika və Olyanı Moskvada qoyaraq, Azərbaycana qayıdıb. Bir daha ora dönməyib. Bu illər ərzində isə sadəcə bir şey baş verib. Veronika böyüyüb. İndi atasını axtarır. Və indi atasını tapdı!!!

 

***

 

- İnana bilmirəm. Siz nə danışırsınız? Sağdı atam? (Qəfildən hönkürür)

 

- Sakit olun, Veronika. Başa düşürəm, amma lütfən sakitləşin! Mən sizə yenidən zəng edəcəm.

 

Mənim bu sözlərimdən sonra xəttin o biri başından az qala bağrır: “Getməyin, danışın!”

 

***

 

...Təkrar Veronikanı yığırıq. Sakitləşib bir az. Deyir tələbədi, universitetdə oxuyur. Atasının telefon nömrəsini istəyir.

 

***

 

Təkrar Vahidi yığırıq. Səsi yenə titrəyir: “İndicə danışdım, çox sağ olun. O da yaman ağladı, o başda. Hə, qadan alım, dedi ki, mayda gələcəm…”/lent.az/

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar