Tarix: 03.12.2016,   Saat: 06:24, Şənbə.          

MM sədri: `Konstitusiyaya dəyişikliklər Azərbaycan xalqının mənafelərinə xidmət edəcək`

Milli Məclisin sədri Oqtay  Əsədov Azərbaycanda səfərdə olan Fransa parlamentinin senatoru, Fransa-Qafqaz Dostluq qrupunun sədri Andre Reişarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

Milli Məclisdən verilən məlumata görə, spiker referendum haqqında danışaraq bildirib ki, bu siyasi tədbir ölkə Konstitusiyasına dəyişikliklərin edilməsi ilə bağlıdır.

 

O qeyd edib ki, bu dəyişikliklər cəmiyyət həyatında baş verən dinamik proseslərə uyğun olaraq həyata keçirilir: “Başqa sözlə, ictimai-siyasi həyatdakı dəyişikliklərin siyasi müstəvidə də öz əksini tapması artıq günün tələbinə çevrilib. Dəyişikliklərə əsasən, çevik idarəetmə mexanizmi yaratmaq üçün vitse-prezidentlik institutunun təsis edilməsi nəzərdə tutulub. Biz belə hesab edirik ki, ölkənin əsas sənədinə edilən dəyişikliklər Azərbaycan xalqının mənafelərinə xidmət edəcək, insan hüquq və azadlıqlarının daha etibarlı qorunması üçün möhkəm zəmin yaradacaq”.


Spiker əlavə edib ki, referendumla əlaqədar ölkə ərazisindəki seçki məntəqələrində prosesin demokratik, azad və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb, informasiya texnologiyalarının nailiyyətlərindən geniş istifadə olunub.

 

A. Reişar isə Fransa Senatında dostluq qrupunun rəhbəri kimi Azərbaycanla həyatın müxtəlif sahələrində əlaqələrin inkişafında həmişə maraqlı olduğunu söyləyib. Onun sözlərinə görə, aparılan müşahidələr referendumun Avropa standartlarına uyğun azad və demokratik keçəcəyinə heç bir şübhə yeri qoymur: “Biz Azərbaycanın uğurları ilə yanaşı, problemlərini də yaxşı bilirik.  Bu baxımdan, qaçqınlar məsələsinə və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə böyük diqqət yetiririk. Budəfəki gəlişimizdə də qaçqınların ümumxalq səsverməsi prosesində iştirakı ilə yaxından maraqlanmışıq. İnanırıq ki, Azərbaycan Konstitusiyasına ediləcək dəyişikliklər ölkədə demokratiyanın daha da dərinləşməsinə, xalqın rifahına xidmət edəcək”.

 

Görüşdə Milli Məclisin deputatı Cavanşir Feyziyev, Fransa parlamentinin senatoru Natali Qule və digər rəsmi şəxslər iştirak ediblər./apa/



  Bölmə: Gündəm | Baxış sayı: 410 | Tarix: 26.09.2016, 16:29


Xəbərlər