Tarix: 05.12.2016,   Saat: 00:23, Bazar ertəsi.          

Milyonların xilaskarı, Stalinin xəyanət etdiyi BAKILI: ŞOK FAKTLAR – FOTOLAR/VİDEO

1941-ci ilin 30 mayı... Aleksandr Poskrebışev SSRİ-nin Yaponiyadakı kəşfiyyatçısının şifroqramını - növbəti məlumatını İosif Stalinin masasının üstünə qoyur. Rəhbər diqqətini bir neçə saniyəlik məxfi teleqrama yönəltdi: “İyunun 22-də Almaniya 150-dən çox diviziya ilə SSRİ-yə hücum edəcək”. Stalin ötəri baxışla məlumata nəzər saldı, amma ona reaksiya vermədi. Poskrebışev isə rəhbərin susduğunu görüb kabineti tərk etdi.

Yaponiyadan göndərilmiş növbəti kəşfiyyat materialı əslində iki ölkə – Almaniya və SSRİ arasında başlanacaq tarixin ən qanlı müharibəsi barədə ən doğru məlumat idi. Bu məlumatları isə XX əsrin ən böyük 10 kəşfiyyatçısı arasında yer almış, 1895-ci ilin 4 oktyabrında Bakıda doğulmuş Rixard Zorge göndərirdi. Lakin Stalin ötən dəfə olduğu kimi bu dəfə də ona inanmadı.

 

 

Publika.az “Anarın müəllif araşdırması” layihəsi çərçivəsində sonradan Moskvanı, milyonlarla rusun həyatını xilas etmiş dünya şöhrətli kəşfiyyatçı, jurnalistlə bağlı maraqlı faktları təqdim edir.

Bakı-Almaniya-SSRİ marşrutu

Bakının Sabunçu qəsəbəsində doğulmuş Rixard Zorgenin ailəsi sonralar Almaniyaya köçdü. Zorge 1914-cü ildə könüllü şəkildə Almaniya ordusuna yazılaraq Birinci Dünya Müharibəsinə yollandı. Ağır döyüşlərdə üç dəfə ağır yaralandı və ömürlük axsaq qaldı.

Bir qədər sonra Kommunist Partiyası sıralarına qoşulan Zorge 1924-cü ildə partiyanın tapşırığını yerinə yetirmək üçün SSRİ-yə gəldi. Bununla da gənc kommunistin həyatı tamam dəyişdi – o, SSRİ-nin xarici kəşfiyyatına cəlb edildi və ölkə vətəndaşı oldu. Beş illik təkmilləşmədən sonra onu Komintern xətti ilə Çinə göndərdilər. “Ramzay” ləqəbli Zorgenin kəşfiyyatçı kimi ilk ən böyük uğuru alman faşistlərinin 1941-ci ilin 22 iyununda SSRİ-yə hücum edəcəyi barədə Moskvaya dəqiq məlumat göndərmək idi. Stalin, Qolikov (kəşfiyyat rəhbəri – A.T.) da başda olmaqla, SSRİ rəhbərliyi Zorgeyə inanmadı. Lakin hər şey onun dediyi kimi oldu: almanlardan, italyanlardan, macarlardan, rumınlardan, slovaklardan ibarət 153 diviziya iyunun 22-də səhər SSRİ sərhədini keçdi.

SSRİ-ni dörd aya məğlub etmək tapşırığını almış alman əsgərləri sürətlə Moskvaya, Leninqrada və Kiyevə doğru irəlilədi. Faşistlər noyabrda Moskva ətrafında göründülər. Smolenskdən sonra əsas hədəf paytaxt idi. Moskvalılar təlaş içində idi. Axı Hitlerin yəhudilər kimi slavyanları da görməyə gözü yox idi. Paytaxtın alınması SSRİ-nin süqutu demək idi.

Almaniyanın Yaponiyaya hücum edəcəyi barədə Zorgenin kəşfiyyat məlumatının dəqiq çıxdığını görən Stalin bu dəfə Rixardın Yaponiyanın SSRİ-yə hücum etməyəcəyi barədə növbəti gizli teleqramına inandı. Zorge bildirirdi ki, Yaponiyanın əsas hədəfi ABŞ-dır. Deməli, şərqdən hər hansı təhlükə yox idi. Stalinin əmri ilə SSRİ-nin Sibirdəki ən yaxşı, qarlı hava şəraitində çox gözəl döyüşən 26 diviziyası Moskvaya gətirildi. Dekabrın 5-də, səhər saat 5-də hücuma keçən sovet ordusu almanları 200 kilometr geri oturtdu. Moskva və onun milyonlarla sakini labüd məhvdən, sürgündən, deportasiyadan xilas edildi. Beləcə, əslən bakılı olan kəşfiyyatçı milyonlarla rusu, ən əsası isə SSRİ-nin paytaxtını xilas etdi.

“Ramzay”ın həbsinə görə 32 yapon polisinə orden

 

 

Bakıda doğulmuş kəşfiyyatçı ilə bağlı maraqlı fakt onun xidmətlərinin dünya kəşfiyyatçıları tərəfindən yüksək qiymətləndirilməsidir. Zorgenin fəaliyyəti ilə tanış olmuş ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi Rixardı “Sovet şpionajının ulduzu” elan etdi. Amerikalılar bakılı kəşfiyyatçının fəaliyyətini analiz etmək üçün 150 min dollar pul xərclədilər. Halbuki Zorgenin məxfi qrupu sovet kəşfiyyatına ildə 40 min dollar gəlir gətirirdi.

Həm amerikalılar, həm də yaponlar Zorgenin şifroqramının kodlarını açmaq üçün illərlə çalışdılar.

Zorge isə bu vaxtlar öz işində idi. Yaponiya ilə SSRİ arasında tezliklə müharibənin olmayacağını bildirən Rixard bir müddət sonra Moskvaya növbəti şifroqramını göndərdi: “Bizim Yaponiyadakı missiyamız başa çatdı. Yaponiya ilə SSRİ arasında müharibə olmayacaq. Bizi Moskvaya qaytarın və Almaniyaya göndərin”.

Lakin hər şey gözlənildiyinin əksi oldu. Kabare artisti 1941-ci ilin 18 oktyabrında sovet kəşfiyyatçısını yaponlara satdı. Yaponlar illərdir axtardıqları, lakin ələ keçirə bilmədikləri kəşfiyyatçını ələ keçirmələrindən elə sevinmişdilər ki, gizli polisin 32 əməkdaşı yüksək ordenlərlə təltif olundu. Lakin Zorgenin “Ramzay” adlı işi bir neçə il vaxt apardı. Çünki professional kəşfiyyatçı heç kimi öldürməmiş, üstəlik izlərini çox yaxşı gizlədə bilmişdi.

Yaponiya və Almaniyadan Stalinə Zorge təklifi

 

 

Zorge ilə bağlı maraqlı fakt – onun dəyişilməsi ilə bağlı SSRİ-yə iki dövlətin müraciət etməsi idi. Yaponlar Zorgeni SSRİ-yə əsir düşmüş iki admirala dəyişmək istəyirdilər. Bundan sonra isə Almaniya Rixardı yapon adalarında amerikanlara qarşı döyülüb əsir alınmış bir neçə zabitlə dəyişmək təklifini irəli sürdü.

Stalin Zorgenin şəxsi sənədlərinin dərhal ona gətirilməsini tələb etdi...

 



  Bölmə: Maraqlı | Baxış sayı: 433 | Tarix: 28.09.2016, 14:52


Xəbərlər