Tarix: 11.12.2016,   Saat: 10:02, Bazar.          

Milli Məclisdə Rusiya ilə münasibətlərə yenidən baxmaq tələb olunub

Milli Məclisin iclasında son vaxtlar Ermənistanla hərbi müttəfiqliyini daha da dərinləşdirən Rusiya ilə münasibətlərə yenidən baxmaq tələb olunub.
 
Məlumata görə, iclasda çıxış edən Qüdrət Həsənquliyev bildirib ki, son günlər Rusiyanın Ermənistana “İsgəndər” raket kompleksləri verməsi, prezident Sarkisyanın Moskvaya dəvət olunması və oradan Azərbaycanı hədələməsi artıq Bakının ciddi mövqe ortaya qoymasını tələb edir. Deputat deyib ki, Sarkisyan aprel döyüşlərində  gizlənmək üçün özünə siçan dəliyi axtarırdı: “Amma Moskvada siçan dəliyi tapandan sonra bizə meydan oxumağa başlayıb. Arxasında Rusiyanın ona verdiyi “İsgəndər” raketini hiss edib, belə “cəsarətlə” çıxış etməyə başlayıb. Azərbaycan Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasının tərəfdarıdır və mən də dəfələrlə bəyan etmişəm ki, Rusiya ilə münasibətlərimizi inkişaf etdirməliyik. Amma o da bəllidir ki, Qarabağ münaqişəsinin həllində Rusiya vasitəçi olduğu kimi, işğalçı ölkənin də arxasında dayanan elə Rusiyadır. Rusiya-Ermənistan münasibətlərinin bu səviyyəsi Rusiya-Azərbaycan münasibətlərinə uyğun gəlmir. Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində olduğu bəyan edilsə də, reallıq bunun əksini sübut edir. Artıq buna göz yummaq olmaz. Rusiyaya açıq müraciət edərək münasibətlərə aydınlıq gətirməliyik. Əgər Rusiya Azərbaycanla münasibətlərini həqiqətən strateji tərəfdaşlıq səviyyəsində qurmaq istəyirsə, o zaman Qarabağ münaqişəsində obyektiv və bitərəf mövqe nümayiş etdirməlidir. Belə olmayacaqsa, Azərbaycan-Rusiya münasibətlərinə yenidən baxılmalıdır. Rusiya Azərbaycana qarşı münasibətini dəyişməzsə, o zaman Azərbaycan İsrail, Pakistan və digər ölkələrlə daha çox yaxınlıq etməlidir”.
 
Fazil Mustafa isə qeyd edib ki, Rusiyaya məxsus “Mir” telekanalı Azərbaycanda sərbəst yayımlansa da, bir dəfə də onun efirində Azərbaycanın ağrılı problemindən – torpaqların işğalından danışılmır: “Baxmayaraq ki, kanalı biz maliyyələşdiririk. Bir dəfə də olsun orada Qarabağ, Xocalı ilə bağlı süjetlərin getdiyini görmürük. Amma Ermənistan bürosu o ölkənin problemlərini daim işıqlandırır. Belə olan halda, onun yayımlanmasına nə ehtiyac var?!”
 
F. Mustafa son günlər Azərbaycana gələn ermənilərin səfərlərinə də etiraz edib: “Sanki bir əl bu ermənilərin Azərbaycana mütəmadi səfərlərini təşkil edir. Kim onların bura sağlam niyyətlə gəlməsinə zəmanət verə bilər? Xüsusi xidmət orqanlarımız buna diqqət etməlidirlər”.
 
Deputat Qənirə Paşayeva isə xarici sənət, iş adamları, siyasətçilər və diplomatların Dağlıq Qarabağa qanunsuz səfərlərindən danışıb. O bildirib ki, həmin adamların böyük əksəriyyəti ora gedib tədbirlərdə iştirak etdikdən sonra Bakıya gəlir: “Hər dəfə də deyiblər ki, bilməmişik, xəbərimiz olmayıb, üzr istəyirik və s. Bir çoxlarının adları sonradan “qara siyahı”dan çıxarılır. Bu günlərdə Fransa parlamentinin “Fransa-Qarabağ” dostluq qrupunun üzvləri qondarma “DQR”ə qanunsuz səfər etdilər. Hesab edirəm ki, bunlar qəti yolverilməzdir və bu cür hallara qarşı daha sərt tədbirlər görülməlidir”.
 
Rasim Musabəyov isə Rusiyaya qarşı sərt çıxışlara etiraz edib, əksinə, bu ölkə ilə daha yaxın, dost münasibətdə olmaqla, problemin həllinə üstünlük verilməsinin vacibliyini vurğulayıb./apa/



  Bölmə: Ölkə | Baxış sayı: 418 | Tarix: 29.11.2016, 13:23


Xəbərlər