Məşhur türkiyəli aktyor: Soyum buradan gəlmədir, toyumda `Tərəkəmə` oynadım
27.12.2019 214 0.0 0

Bakı möhtəşəmdir. Burada olan dostlarımdan bir çox tövsiyələr almışam. İçərişəhərə getməyi məsləhət gördülər. Hətta vaxtım olsa, burada yaşamağa belə gələrəm. Nə vaxtsa bizim də dostum və həmkarım Oktay Kaynarca kimi buradan ev almaq imkanımız olar.

Bunu  açıqlamasında Nizami Kino Mərkəzində “Aman, reis duymasın” filminin qala gecəsinə qatılan aktyor Ozan Akbaba deyib: 

“Azərbaycana ilk dəfə gəlirəm. Bakını çox bəyəndim. Serialdakı həmkarlarımın çoxu burada olublar. Həmişə Bakı haqqında xoş sözlər deyirdilər. Həmçinin mənim soyum buradandır. Ona görə Bakıya özəl marağım və istəyim var. İlk dəfə gəlsəm də, inanılmaz gözəl şəhərlə qarşılaşdım. İnsanları da çox gözəldir”.

Azərbaycan musiqilərini və sənətçilərini sevdiyini söyləyən aktyor hər zaman azəri mahnılarını dinlədiyini bildirib:

“Bir çox qulaq asdığım sənətçiləriniz var. Rəşid Behbudovu, kamança ifaçınız İmamyar Həsənovu, Şövkət Məmmədovanı çox sevirəm. Xüsusi olaraq operalarınıza qarşı böyük sevgim var. Məsələn, “Arşın mal alan” operettanızı çox bəyənirəm. Azərbaycan film və seriallarından yaxşı təklif gəlsə, qəbul edərəm. Əsas odur ki, ürəyimcə olsun”.

Aktyor bir müddət öncə toyunda “Tərəkəmə” rəqsi oynamasına da aydınlıq gətirib:

“Tərəkəməli olduğumuz üçün o rəqsi oynadım. Oynamaqda çətinlik çəkmədim. Amma “YouTube”da çox maraqlı şərhlə qarşılaşdım: “Oğlan yaxşı oynamır. Ancaq deyəsən, həyat yoldaşı azərbaycanlıdır”. Ancaq xanımım Konyadandır. Bizlərə heç bir aidiyyəti yoxdur. Düzü, o paylaşıma bir az pis oldum”.

Qeyd edək ki, Ozan Akbaba “Eşkiya dünyaya hökmdar olmaz” serialındak İlyas Çakırbeyli obrazı ilə tanınıb./Oxu.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar