Məhəmməd peyğəmbərin vəqfəyə dayandığı məkandan XÜSUSİ REPORTAJ
07.10.2015 755 0.0 0

 

Günorta namazından sonra Ərəfata doğru yol aldıq. Səudiyyə Ərəbistanı Mədəniyyət və İnformasiya Nazirliyinin əməkdaşları axşam saatlarına qalsaq çətinlik çəkəcəyimizi söylədilər. Çünki bütün zəvvarlar Ərəfata doğru hərəkətə başlayıb. Bəziləri birbaşa Ərəfata gəldikləri üçün zəvvarların sayının 4-5 milyona çatacağı deyilir. Ərəfata bir saat 30 dəqiqədən sonra çatırıq. Ərəfata doğru ən müasir standartlara uyğun yol çəkilib. Zəvvarlar sərin avtobuslarla daşınır. Çadırlar qurulub. Hər çadırda 4-5 nəfərlik yataq dəsti qoyulub. Hər kəs səbirslizliklə səhərin açılmasını gözləyir. Həmin gün hər kəs hacı olacaq.


Ərəfatda gündüzlər çox uzun, hava isə olduqca istidir. Saat 11 olmasına baxmayaraq artıq hərarət 48 dərəcəyə çatıb. Ağ geyimli insanlar  əllərində çətir ancaq irəliyə doğru gedirlər.

 

Bütün zəvvarlar Məkkədən Ərəfata doğru yol alır. Səhər saatlarından isə Rəhmət dağına gedirlər. Hava daha da istiləşir. Ancaq zəvvarlar yolu qət etməkdə israrlıdırlar. Gördüyünüz kimi  küçələr zəvvarlarla doludur.

 

Ərəfə günü Həcc ibadətinin ən önəmli zamanlarından biridir. Ərəfatda dua, yalvarış zamanıdır. “Ərəfat” kəlməsi bilmə, anlama, “gözəl qoxu” deməkdir. Buraya dünyanın hər  tərəfindən  gələn insanlar bu yerdə bir-biri ilə görüşüb tanış olmaları, günahlarını etiraf edərək Allahdan bağışlanmalarını dilədikləri, sonra gözəl qoxuya sahib olduqları  üçün  bu ad verilib. Ərəfat  dirilişi, məhşəri, hesaba çəkilmədən öncə sınağa çəkilməyi bilməkdir. Ərəfatı dərk edən hacı olur. Bura Məkkədən 18 kilometr uzaqlıqda yerləşir.

 

Günortaya doğru insanların sayı artır. İstilik artıq 50, 60 dərəcəyə çatıb. Ancaq heç kəs yolundan qalmır.

 

Yol boyu sərinlik üçün su püskürdücü aparatlar qoyulub, həmçinin polislər əllərində kiçik qablarda insanların üzünə su vururlar. Hər addımda su kranları var.  Dözülməz isti bəzi hacıların dayanmağa məcbur edir. Bunun üçün yolüstü çadırlar qurur, onlar bir az dincəldikdən sonra yollarına davam edirlər.

 

Ölkələri, dilləri, mədəniyyətləri, sosial və iqtisadi durumları fərqli olmasına baxmayaraq bütün müsəlmanlar yorulmadan irəliləyirlər.

 

Hacılar Rəhmət dağına yetişməyə tələsirlər. Amma onlar Ərəfat sərhədləri daxilində istənilən yerdə dua edə bilərlər. Ərəfat sadəcə bir dağdan  ibarət deyil, bu ərazi 14 kilometrdir. Zəvvarlar Məhəmməd peyğəmbərin vəqfəyə dayandığı və xütbəsini oxuduğu yerə, Cəbəl-ür-Rahmə deyə adlanan təpəyə toplaşırlar.

 

Rəhmət dağında Adəm və Həvvanın qovuşduğu yer kimi rəvayət edilən ərazidə abidə qoyulub. Etirazlara baxmayaraq bəzi zəvvarlar bu daşın üzərinə müxtəlif yazılar yazırlar.  Namazdan sonra həccin ən önəmli məqamı olan Ərəfat vəqfəsi edilir. Hər kəs ayağa qalxır və birlikdə Allaha dua edirlər. Zilhiccə ayının 9-cu günü, günəş batana qədər dualar davam edir. Burda edilən bütün duaların və ibadətlərin geri çevrilmədiyi deyilir.

 

Sonra isə Müzdəlifəyə doğru yol alınır. Zəvvarlar şeytana atacaqları daşları topladıqdan sonra Minaya gedərək ayinləri yerinə yetirir və qurban kəsirlər.

 

Qurbanı hacılar həcc əməllərini yerinə yetirdikdən sonra şükür etmək üçün kəsir. Həcc ibadətləri tamamlandıqdan sonra Qurban bayramı qeyd edilir. Səbir, savaş, zəfər və şükür. Ərəfatda bilgiyə, Minada sevgiyə, Cəmaratda niyyətə çatan hacılar daha sonra Kəbəyə vida təcafı üçün yola düşürlər. Bu dəfə isə dəhşətli insan tıxacı ilə qarşılaşırıq. Saatlarla tuneldə qalan maşınları tərk edib ayaqla getməli oluruq. Bu izdiham isə ötən dəfəkindən daha çoxdur.

 

Və son gün. Ağır, çətin həm də unudulmaz günlərin sonu. Kəbəni görənlər onu uzun müddət yaddaşlarından çıxara bilmir. Bütün zəvvarlar vida təvafı edərək ordan ayrılır. Bəlkə bir daha buranı görə bilmədikləri üçün ağlayanlar, üzülənlər də var. Görünən isə odur ki, buradan heç vaxt insan seli əksik olmayacaq./apa/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar