Lirə dəyər itirməkdə davam edərsə, Azərbaycanda türk malları ucuzlaşacaq - Ekspert
24.12.2021 276 0.0 0

Türkiyə Mərkəzi Bankı bir neçə gün əvvəl uçot dərəcəsinin azaldılması barədə qərar qəbul edib. Qardaş ölkədə uçot dərəcəsi 15 %-dən 14 %-ə qədər endirilib.

Məsələ ilə bağlı açıqlama verən iqtisadçı ekspert Eyyub Kərimli bildirib ki, türk lirəsinin ucuzlaşması Azərbaycan iqtisadiyyatına əsasən iki istiqamətdə təsir edir.

"Birinci istiqamət insanlar və istehlakçılara təsirdir ki, bundan vətəndaşlarımız yararlana bilirlər. Bizim istehlakçılar lirənin ucuzlaşmasından müəyyən qədər xeyir götürürlər. Belə ki, türk lirəsi nə qədər ucuzlaşırsa, türk mallarına tələbat və maraq da bir o qədər artır, çünki qiymət daha ucuz olur. Lirənin ucuzlaşması davam edərsə, Türkiyədən gələn məhsulların qiyməti enə bilər."

İkinci istiqamət isə Azərbaycanın investisiya mühitinə təsiridir. Belə ki, Türkiyə Azərbaycanın ticarət dövriyyəsində əsas ölkələr sırasındadır. Bu il ölkələrimiz arasında ticarət dövriyyəsi 5 milyard dollara yaxın olub. Azərbaycan şirkətləri Türkiyəyə bu günə qədər 20 milyard dollardan yuxarı investisiya yatırdıblar. Ölkəmizin müəyyən şirkətləri ordaa iqtisadi fəaliyyətlə məşğuldurlar. Lirənin ucuzlaşması cüzi də olsa Türkiyəyə yatırım edən şirkətlərimizə mənfi təsir edə bilər", - deyə E.Kərimli bildirib.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının 24 dekabr tarixinə olan məlumatına görə, 1 Türkiyə lirəsi 0.1475 manatdır./Trend/


Loading...
Digər xəbərlər:
Şərhlər
avatar