Komitə «Gömrük MTN adına əlilin malını mənimsəyib» adı altında yayılan xəbərə açıqlama verdi
10.12.2015 519 0.0 0

Ötən gün bəzi kütləvi informasiya vasitələrində  “Gömrük MTN adına əlilin malını mənimsəyib” başlıqlı həqiqəti əks etdirməyən, böhtan xarakterli yazı yerləşdirilib.

Qazeta.info bildirir ki, Dövlət Gömrük Komitəsi qeyd edilən yazı ilə əlaqədar məlumat yayıb.

Məlumatda bildirir ki, Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2005-ci il tarixli 292 saylı fərmanı ilə təsdiq edilmiş “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı” nın 12-ci bəndinə əsasən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin mülki dövriyyəsinə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin icazəsi əsasında yol verilir. Beynəlxalq poçt göndərişləri vasitəsilə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 71, mənzil 5-də yaşayan Məğrub Ağamalı oğlu Bədəllinin adına daxil olmuş poçt bağlamalarına rentgen qurğusu vasitəsilə gömrük baxışı keçirilərkən bağlamalarda gizli kameralarla təchiz olunmuş müxtəlif əşyaların olduğu aşkar edilmişdir. “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı” haqqında Azərbaycan Respublikasının 23 dekabr 2003-cü il tarixli 565 IIQ saylı Qanununun 12-ci maddəsinə əsasən bu cür mallar gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələr hesab olunur. Bu səbəbdən, mallar saxlanılmış və malların buraxılması üçün Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyindən müvafiq icazə alınmasının zəruriliyi barədə vətəndaşa məlumat verilmişdir. Müvafiq icazə sənədi vətəndaş tərəfindən gömrük orqanına təqdim edilmədiyinə görə, qeyd edilən mallar ölkə ərazisinə buraxılmamışdır. Saxlanma müddəti ərzində də icazə sənədi təqdim edilməmiş və saxlanma müddəti bitdiyinə görə mallar Poçt Daşıma Mərkəzi tərəfindən CN 31, CN 38 və CN 33 qaimələri əsasında geri qaytarılmışdır.

Məğrub Bədəllinin bu məsələ ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə daxil olmuş müraciətlərinə baxılmış və nəticəsi barədə vətəndaşa yazılı məlumat verilmiş, malların buraxılmamasının səbəbi aydın şəkildə izah edilmişdir.

Xatırladaq ki, internet alqı-satqı saytlarında alıcılara “cəsus kamera” adı ilə təklif olunan bu malların hansı məqsədlə idxal etdiyini izah etməyən vətəndaş əvvəlki müraciətlərində malların 150 manatadək dəyərdə olduğunu göstərdiyi halda, həmin mallar üçün 1500 dollar ödədiyini bildirmiş, həqiqəti əks etdirməyən, böhtan xarakterli məlumatlarla  bəzi kütləvi informasiya vasitələrinə müraciət etmişdir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar