İlham Əliyev: «Verilən bəyanat Ermənistan rəhbərliyini ifşa və biabır edir»
12.10.2015 540 0.0 0

Məlum olduğu kimi, Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.

İclas zamanı Prezident İlham Əliyev ilk öncə bu il dünyada davam edən böhrana, neftin qiymətinin kəskin düşməsinə, ölkəmizə qarşı əsassız təzyiqlərə və bəzi hallarda təxribatlara baxmayaraq, ötən 9 ayda Azərbaycan iqtisadiyyatının inkişaf etdiyini bildirdi. Bu dövrdə iqtisadiyyat 3,7 faiz, sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənayesi 10 faizdən çox, kənd təsərrüfatı istehsalı 6,7 faiz artıb. İlin 9 ayında inflyasiya 3,7 faiz təşkil edib, əhalinin pul gəlirləri 5,8 faiz artıb, ölkə iqtisadiyyatına bütün mənbələrdən 16 milyard dollar sərmayə qoyulduğunu diqqətə çatdırıb.

Daha sonra Ordu quruculuğu ilə bağlı da ölkədə mühüm işlərin görüldüyünü, bu sahənin gələn il də prioritet olacağını, ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlərin görüləcəyini vurğulayan Prezident İlham Əliyev təmas xəttində Azərbaycanın tam üstünlüyə yiyələndiyini, düşmənin bütün təxribatlarının qarşısının alındığını, ötən ay təmas xəttində düşmənin təxribat qrupunun məhv edildiyini, onların ağır itkilər verdiyini bildirib. “Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq prinsipləri əsasında və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”, - deyən Prezident İlham Əliyev Ermənistandakı kriminal diktatura rejiminin Dağlıq Qarabağın Ermənistanın ayrılmaz hissəsi olması ilə bağlı verdiyi bəyanata toxunaraq bildirdi ki, dünya birliyi və beynəlxalq təşkilatlar Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. “Bu gərgin psixoloji durumda verilən bəyanat Ermənistan rəhbərliyini ifşa və biabır edir”, - deyən dövlətimizin başçısı xunta rejimindən bundan artığını gözləməyin mümkün olmadığını diqqətə çatdırdı. “Azərbaycan güclü ölkədir, iqtisadi və siyasi sahədə böyük uğurlara imza atıb və regional məsələlərdə mühüm rol oynayır, ölkəmizin iştirakı və razılığı olmadan bölgədə heç bir layihə icra oluna bilməz”, - deyən Prezident İlham Əliyev iqtisadi və hərbi potensialın Azərbaycanın gücünü daha da artırdığını bəyan etdi.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar