Həzrət Peyğəmbərin (s) vəfatından öncə müsəlmanlara müraciəti
21.11.2017 1206 0.0 0

Hicrətin 11-ci ilində Həzrət Peyğəmbər (s) axırıncı həcc səfərində və Qədir-Xumda öz vəfatı barəsində xəbər vermişdi. Çünki Quran onu bu hadisədən xəbərdar etmişdi. O Həzrət (s) də başqa bəşər kimi yeməyə, içməyə, geyimə ehtiyacı olan insanlardan idi ki, nəhayət başqa insanlar kimi dünyasını dəyişəcəkdi. (Beytutə saytı)

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Həzrət Peyğəmbər (s) vəfatından bir ay əvvəl müsəlmanlara müraciət etmişdi ki, onun mətni ilə tanış olaq:
 
"Ayrılıq və Allaha tərəf qayıtmaq yaxınlaşmaqdadır. Çağırılmağım yaxınlaşır və Allahın dəvətini yerinə yetirməliyəm.
Mən sizin aranızda iki dəyərli şey qoyub gedirəm: Allahın Kitabını və itrətimi. Lətif və Agah olan Allah mənə xəbər vermişdir ki, bu ikisi heç bir zaman bir-birindən ayrılmasın. O zamana qədər ki, Kövsər hovuzunun kənarında mənə daxil olarsınız. Ona görə də yaxşı düşünün ki, o ikisi ilə necə rəftar edəsiniz".
 
Həzrət Rəsuli-Əkrəm (s) sonuncu həcci zamanı Cəməratda buyurmuşdur: "(Həcc) əməlini məndən öyrənin. Ola bilsin ki, bu ildən sonra bir daha həccə gəlmədim. Məni artıq heç bir zaman bu yerdə görməyəcəksiniz".
 
Bir gün Həzrətə (s) xəbər verirlər ki, insanlar onun ölüm xəbərindən çox nigarandırlar. Peyğəmbər (s) İmam Əliyə (ə) və Fəzl ibni Abbasa söykənən halda məscidə daxil olur. Allahı həmd etdikdən sonra buyurur: "Mənə xəbər veriblər ki, siz Peyğəmbərinizin (s) vəfat xəbərindən qorxursunuz. Məgər məndən əvvəl elə peyğəmbər olmuşdur ki, cavidan qalsın? Agah olun ki, mən Allahın rəhmətinə qovuşacağam. Siz də öz Pərvərdigarınızın rəhmətinə qovuşacaqsınız".
 
Həzrət (s) sonrakı gündə İmam Əlinin (ə) və səhabələrinin yardımı ilə Bəqi qəbiristanlığına gedir və ölülər üçün bağışlanma istəyir. Sonra üzünü İmam Əliyə (ə) çevirib buyurur: "Əbədi dünyanın xəzinələrinin açarı mənim ixtiyarıma verilmişdir. Dünya həyatı ilə Allahla görüş arasında seçim qarşısındayam. Ancaq mən Allahla görüşməyə və İlahi behiştə üstünlük verdim".
 
Həzrət Peyğəmbər (s) ölümünə bir neçə gün qalmış məscidə gəlir və sübh namazını qılır. Namazdan sonra buyurur: "Ey insanlar! Fitnə atəşi alovlanır və fitnələr gecə qaranlığının dalğa parçaları kimi (sizə) üz çevirmişdir. Siz Kövsər hovuzunda mənə daxil olacaqsınız.
Agah olun ki, mən Səqəleyn haqqında sizdən soruşacağam. Ona görə də məndən sonra o ikisi ilə necə rəftar edəcəyinizə nəzər salın. Çünki, Lətif və Agah Allah mənə xəbər vermişdir ki, o ikisi bir-birindən ayrılmasın o zamana qədər ki, mənimlə görüşəcəksiniz. Onlara qarşı səhlənkarlıq etməyin ki, həlak olarsınız".
 
Sonra Həzrət (s) böyük əziyyətlə evinə tərəf yollandı. İnsanlar sonuncu Rəsulu göz yaşları ilə yola saldılar...
 
Həzrət Peyğəmbər (s) ömrünün son günlərində İmam Əlini (ə) yanına çağırır və ona vəsiyyət edir ki, kəfən və qüsl işlərini o, öz boynuna götürsün. Ona namaz qılsın. İmam Əli (ə) buyurur: "Ey Allahın Rəsulu! Qorxuram ki, bu işi görməyə taqətim olmasın".
 
Həzrət, İmam Əlini (ə) özünə yaxınlaşdırır və üzüyünü çıxardıb ona verir ki, əlinə taxsın. Sonra qılıncını, qalxanını və hərbi geyimlərini istəyir. Onların hamısını İmam Əliyə (ə) tapşırır.
 
O günün sabahısı Həzrətin (s) xəstəliyi şiddətlənir. O, yanında olanlara buyurur: "Qardaşım və dostumu çağırın ki, bura gəlsin".
 
Ümmi Sələmə deyir ki, Əliyə (ə) deyin, bura gəlsin. O zaman ki, İmam Əli (ə) gəlir, Həzrət (s) ona işarə edir ki, yaxınlaşsın. O, Əlini (ə) bağrına basır və onunla raz-niyaz edir. Sonra özündən gedib huşsuz olur. Bu halı görən Həsən (ə) və Hüseyn (ə) ağlamağa başladılar. Özlərini babalarının bədəni üzərinə atdılar. İmam Əli (ə) o ikisini Həzrətdən (s) ayırmağa çalışdı. Peyğəmbər (s) huşa gəlib buyurdu: "Əlican, o ikisini qoy ki, iyləyim. Onlar da məni iyləsinlər. O ikisi məndən bəhrələnsinlər. Mən də onlardan bəhrələnim".
 
Sonra Həzrət Peyğəmbər (s) başını İmam Əlinin (ə) qucağına qoydu və bu halda can verdi.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar