Həsən Ruhani Səudiyyə Ərəbistanının səfirlik və konsulluğuna hücumları tənqid etdi
04.01.2016 574 0.0 0

Həsən Ruhani: "Səudiyyə Ərəbistanının səfirlik və konsulluğuna hücumlar qəbulolunmazdır"
İran prezidenti Həsən Ruhani Şeyx Nimr an-Nimrin edam edilməsini Səudiyyə Ərəbistanı hökumətinin qeyri-insani və qeyri-islami addımı adlandırıb, edamı kəskin pisləyib.  
 
Məlumata görə, H.Ruhani deyib ki, bu qeyri-insani hərəkəti pisləməklə yanaşı, onu insan haqlarına və islami dəyərlərə zidd hesab edir: "Şəhid Nimrin ailəsinə, alimlərə və bütün müsəlmanlara başsağlığı verirəm. Şübhəm yoxdur ki, Səudiyyə Ərəbistan hökuməti bu qeyri-islami hərəkəti ilə dünya ölkələri, xüsusilə İslam ölkələri arasında korlanmış simasını daha da korladı. Bu kimi hərəkətlər ayrı-seçkilik, regionda və dünyada terrorizm və ifratçılığın yayılması istiqamətində atılmış addımdır. Necə ki, son illər bu kimi hərəkətlərin nəticəsidir ki, regionda sabitsizlik hökm sürür və müharibələr gedir. İranın müsəlman xalqı dünyanın digər müsəlmanları kimi bu islama zidd hərəkəti pisləməklə yanaşı, bu cinayətin ölkə daxilində hansısa qrup və şəxslərin əlində qanunsuz hərəkətlər etmək üçün bəhanə olmasına da icazə verməyəcək".
 
İran prezidenti bəyan edib ki, ötən gecə bir qrup ifratçı şəxsin Tehran və Məşhəddə Səudiyyə Ərəbistanının səfirlik və konsulluğuna etdiyi hücumlar qəbulolunmazdır: "Bu kimi hərəkətlər İran İslam Respublikasına hörmətsizlikdir. Ölkənin bütün məsul şəxsləri özbaşınalıq və cinayət xarakterli hərəkətlərə qarşı ciddi ölçü götürməkdə qərarlıdırlar. Bu baxımdan daxili işlər nazirindən istəyirəm ki, Məhkəmə Sistemi və Təhlükəsizlik Nazirliyi ilə əməkdaşlıq şəraitində bu hücumları təşkil edənlərin və hücumlarda rolu olanların tapılıb məsuliyyətə cəlb olunmasına çalışsın. Beləliklə, bu kimi işlərə son verilsin və xarici ölkələrin İrandakı siyasi nümayəndəliklərinin təhlükəsizliyinin tam təmin olunmasına zəmanət verilsin”.
 
Qeyd edək ki, Şeyx Nimr ən-Nimr Səudiyyə Ərəbistanı rəhbərliyi tərəfindən 2012-ci ildə ölkənin şərqində baş verən etiraz aksiyası zamanı saxlanılıb. 2014-cü ildə o, nifrətə çağırış, krala itaət etməmə və hüquq-mühafizə orqanları əməkdaşlarına hücum məqsədilə terrorçu meyllər yaratmaq maddələri ilə ittiham olunaraq barəsində ölüm hökmü çıxarılıb.
 
Yanvarın 2-də Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi vaiz Nimr ən-Nimr və “Əl-Qaidə”nin Səudiyyə Ərəbistanındakı qolunun liderlərindən olan Faris əz-Zəhrani də daxil olmaqla terrorçuluqda təqsirli bildiyi 47 nəfərin edam olunduğunu açıqlayıb.
 
Edamdan sonra Tehranda Səudiyyə Ərəbistanı əleyhinə etiraz aksiyaları başlayıb. Bu ölkənin Tehrandakı səfirliyinə və Məşhəddəki konsulluğa hücumlar olub./apa/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar