DSX rəisi: Sahil Mühafizəsi ən müasir texnika, silah və raket kompleksi ilə təchiz olunub
19.02.2016 634 0.0 0

 “Bu gün Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi qoyulmuş tapşırıqların icrası üzrə mükəmməl bir hərbi qurumdur. Sahil Mühafizəsi bu gün ən müasir texnika, silah və raket kompleksi ilə təchiz olunub”.
 
Məlumata görə, bunu Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev DSX-nın Sahil Mühafizəsinin yaradılmasının 11-ci il dönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib. O bildirib ki, Xəzər dənizində Sahil Mühafizəsinin gəmiləri sürət və manevr imkanları ilə fərqlənən yeni gəmilərlə təchiz olunub: “Bu gəmilər 100 faiz peşəkar heyətlə təmin edilib”. 
 
DSX-nın rəisi əlavə edib ki, dövlətin qayğısı dövlət sərhədlərinin mühafizəsinə müsbət təsir göstərir: “Eyni zamanda, sərhədçilərin sosial vəziyyətinin yüksəldilməsi ilə bağlı tədbirlər davam etdirilir”.
 
O qeyd edib ki, bir çox dövlətin sərhəd xidmətləri Azərbaycan DSX-nın Sahil Mühafizəsinin təcrübəsini öyrənir: “Son illər ərzində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi şərəfli bir yol keçib. Bu gün dövləti qayğı nəticəsində dövlət sərhədlərinin mühafizəsi etibarlı təşkil olunur. Dövlətin təhlükəsizliyi onun sərhədlərindən başlayır. Əminəm ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında daha böyük qələbələr qazanacağıq”./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar