Dövlət xəstəxanalarının fəaliyyətinin tənzimlənməsi qaydası müəyyənləşib
03.04.2016 498 0.0 0

Xəstəxanalarda transplantasiya məqsədi ilə insan orqan və toxumaları götürüləcək
 Nazirlər Kabineti “Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”ni təsdiq edib.
 
Məlumata görə, bu Nümunəvi Nizamnamə tabeliyindən, təşkilati-hüquqi formasından asılı olmayaraq, dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki dövlət tibb müəssisələrinin fəaliyyətini tənzimləmək üçün onların nizamnamələrinin hazırlanması və hüquqi şəxslərin dövlət qeydiyyatından keçirilməsi məqsədi ilə hazırlanıb.
 
Dövlət tibb müəssisəsi öz fəaliyyətində Konstitusiyanı, Mülki Məcəlləsi, “Əhalinin sağlamlığının qorunması haqqında” qanunu, bu nümunəvi Nizamnaməni və digər normativ hüquqi aktları, Səhiyyə Nazirliyinin  qərar, əmr və sərəncamlarını rəhbər tutur. Müəssisə qeyri-kommersiya hüquqi şəxsdir və müstəqil balansa, istifadəsində olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir. Müəssisənin saxlanılması xərcləri və fəaliyyəti Azərbaycanın dövlət büdcəsi (Naxçıvan Muxtar Respublikasında yerləşən dövlət tibb müəssisələrinə münasibətdə Naxçıvan Muxtar Respublikasının büdcəsi), büdcədənkənar vəsaitlər, könüllü və icbari tibbi sığorta sistemindən daxil olan vəsaitlər, hüquqi və fiziki şəxslərin gəlirlərindən könüllü ayırmalar, hüquqi və fiziki şəxslərin ianələri və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.
 
Müəssisə pulsuz tibbi xidmət göstərmək, növləri, həcmi, keyfiyyət standartları və göstərilməsi qaydası Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən ixtisaslaşdırılmış tibbi yardım göstərmək, elmi təbabətin  və texnikanın nailiyyətləri, eləcə də təbabətin qabaqcıl təcrübəsi əsasında müasir profilaktika, diaqnostika və müalicə üsullarını təcrübədə tətbiq etmək, tibbi fəaliyyətin təşkilati forma və üsullarını inkişaf etdirmək və təkmilləşdirmək, fəaliyyət sahəsi üzrə xəstələnmənin profilaktikası, tibbi yardımın keyfiyyətinin və səmərəliliyinin yüksəldilməsi istiqamətində tədbirlər həyata keçirmək, qaydası Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən ilkin tibbi-sanitariya yardımı göstərmək, ictimai təhlükəli xəstəliklərə tutulmuş vətəndaşlara tibbi-sosial yardım göstərmək, onları qanunvericiliklə müəyyən edilmiş qaydada stasionar müalicə və dispanser müşahidəsi ilə təmin etmək vəzifələrini yerinə yetirir. Dövlət tibb müəssisələrinin vəzifələri sırasına səhiyyədə tətbiq edilən profilaktika, diaqnostika və müalicə üsullarını, tibbi texnologiyaları, dərman və dezinfeksiya vasitələrini, immunobioloji preparatları istifadə təlimatlarına və farmakopeya məqalələrinə uyğun istifadə etmək, tətbiqinə icazə verilməyən, lakin müəyyən edilmiş qaydada baxılmaqda olan diaqnostika və müalicə üsullarından, habelə dərman vasitələrindən Səhiyyə Nazirliyinin qərarı və pasiyentin yazılı razılığı ilə, eləcə də yetkinlik yaşına çatmayanların və fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin həyatı təhlükədə olduqda, onların valideynlərinin və ya qanuni nümayəndələrinin yazılı razılığı ilə istifadə etmək, orqanizmin funksiyalarının davamlı pozulması nəticəsində həyat fəaliyyətinin məhdudlaşmasının qiymətləndirilməsi əsasında vətəndaşın sosial müdafiə tədbirlərinə olan ehtiyaclarının müəyyən edilməsi məqsədi ilə tibbi-sosial ekspert komissiyalarına göndəriş vermək, tibb personalı tərəfindən dərman və dezinfeksiya vasitələrinin, immunobioloji preparatların təyinatı üzrə işlədilməsini təmin etmək, onların saxlanılması şəraitinə və yararlılıq müddətinə nəzarət etmək, insanın ölüm anını təsdiq etmək, qanunvericilikdə nəzərdə tutulmuş hallarda, transplantasiya məqsədi ilə insan orqan və toxumalarını götürmək, ölümün səbəbləri və xəstəliyin diaqnozu haqqında məlumat əldə etmək məqsədi ilə patoloji-anatomik yarma  aparmaq, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasını həyata keçirmək, sanitariya-gigiyena və əksepidemik rejimlərin tələblərinin yerinə yetirilməsi üzrə tədbirlər həyata keçirmək, həkim sirrinin qorunması üçün tədbirlər görmək, vətəndaşların sağlamlığı vəziyyətinə “Elektron sağlamlıq kartı”vasitəsilə elektron nəzarət sistemini tətbiq etmək, dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək və fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək də daxildir.
 
Müəssisənin strukturunun təsdiq edilməsi və işçilərinin say həddinin müəyyən edilməsi tabe olduğu orqanın rəhbəri tərəfindən həyata keçirilir. Müəssisənin fəaliyyətinə Səhiyyə Nazirliyinin tabeliyində olan müəssisələrə münasibətdə səhiyyə naziri, digərlərinə isə aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müəssisənin rəhbəri (baş həkim, baş direktor, direktor, rəis, müdir) rəhbərlik edir. Müəssisənin rəhbəri müəssisəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır. Müəssisə rəhbərinin tabe olduğu orqanın rəhbəri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavini (müavinləri) var. Müəssisədə onun rəhbərindən (sədrdən), müavinlərdən və digər rəhbər işçilərdən ibarət məşvərətçi kollegial orqan – Tibbi Şura yaradılır. Tibbi Şuranın üzvlərinin sayı və fərdi tərkibi, habelə iş qaydası tabeliyində olan orqanın rəhbəri tərəfindən müəyyən edilir. Tibbi Şura müəssisənin xüsusiyyətləri nəzərə alınmaqla, ayrı-ayrı xəstəliklər üzrə müayinə və müalicə standartlarının tətbiqini təmin edir, müəssisədə aparılan müalicə-profilaktika və sanitariya-əksepidemik fəaliyyətin keyfiyyətini və səmərəliliyini öyrənir, bu fəaliyyətin təkmilləşdirilməsi istiqamətində müzakirələr təşkil edir, müəssisənin dövri hesabatlarına dair dinləmələr keçirir və onun fəaliyyətinə qiymət verir, işində ciddi nöqsanlar aşkar edilmiş ayrı-ayrı tibb işçilərinin fəaliyyətini müzakirə edir, nəticəsindən asılı olaraq, onlar barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi barədə tövsiyələr verir, təbabətin aktual məsələlərinə həsr olunmuş kliniki müzakirələrin və elmi-praktik konfransların mövzularını müəyyən edir, klinik diaqnostikasında çətinlik və tərəddüdlərlə qarşılanmış xəstəliklər nəticəsində baş vermiş, klinik və patoloji anotomik diaqnozlarda ciddi uyğunsuzluq olan və mübahisə doğuran ölüm hadisələrini və bununla bağlı tibb işçilərinin fəaliyyətini müzakirə edir, nəticəsindən asılı olaraq müvafiq tövsiyələr verir,  müəssisənin iş planını və onun icrası vəziyyətini müzakirə edir. Tibbi Şuranın qərarları protokolla rəsmiləşdirilir və sədri tərəfindən təsdiq edilir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar