Dövlət Bayrağı Meydanı idarəsinin sabiq sədri ilə birlikdə tutulan şəxsin həbs müddəti uzadılıb
07.03.2016 581 0.0 0

Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq sədri Rəşad Məmmədovla birlikdə həbs edilən İsfəndiyar İsfəndiyarovun həbs müddəti uzadılıb.
 
Bu barədə məlumat verən İ. İsfəndiyarovun vəkili İradə Cavadova bildirib ki, bu gün Səbayel rayon Məhkəməsində İ. İsfəndiyarovun həbs müddətinin uzadılması barədə istintaq orqanın verdiyi təqdimata baxılıb. Məhkəmə həbs müddətinin iyunun 12-dək uzadılması barədə qərar qəbul edib. İ. Cavadova bildirib ki, məhkəmə prosesi zamanı İ. İsfəndiyarovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət versə də, məhkəmə vəsatətə münasibət bildirməyib. İ. Cavadova məhkəmənin qərarından apellyasiya şikayəti verəcəklərini deyib.
 
Qeyd edək ki, Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq sədri Rəşad Məmmədov, onun təqsirli bilindiyi işlə əlaqədar İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədov həbs edilib. Dələduzluqda təqsirləndirilən həmin şəxslərin barələrində həbs-qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq aparılır.  
 
Bir müddət əvvəl həmin cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınan Zabil Salmanov ərizə ilə istintaq orqanına müraciət edib və təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayətinin olmadığını bildirib. 
 
Martın 4-də A. Məmmədovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə Səbail rayon Məhkəməsinə etdiyi müraciətə baxılıb. Müraciətdə o, həyat yoldaşının ağır xəstəlikdən əziyyət çəkdiyini qeyd edib. Səbail rayon Məhkəməsi onun xahişini nəzərə alıb və barəsində seçilmiş həbs-qətimkan tədbirini dəyişdirib. Ondan başqa yerə getməmə haqqında iltizam alınıb və azadlığa buraxılıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar