Çempionlar Liqası: Altı komanda 1/8 final mərhələsinə vəsiqə qazanacaq - AFİŞA
10.12.2019 130 0.0 0

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində sonuncu - VI turun oyunlarına start veriləcək. Məlumata görə, ilk oyun günündə E, F, G və H qrupundakı komandalar qarşılaşacaqlar.

Turnirin son qalibi İngiltərənin "Liverpul" klubu Avstriyada "Zaltsburq"un qonağı olacaq. Mersisayd təmsilçisi heç-heçə sayəsində digər görüşün nəticəsindən asılı olmayaraq növbəti mərhələyə yüksələcək. E qrupunun digər matçında "Napoli" İtaliyada Belçika "Genk"ini qəbul edəcək. Neapol təmsilçisi qələbə təqdirində, öz taleyini həll edəcək.

F qrupunda "Borussiya" (Dortmund) Almaniyada Çexiyanın "Slaviya" (Praqa) komandası ilə üz-üzə gələcək. Digər görüşdə növbəti mərhələni öncədən təmin etmiş İspaniyanın "Barselona" klubu İtaliyada "İnter"in qonağı olacaq. "İnter" və "Borussiya"nın xalı bərabərdir və son görüşlərdə hər iki kollektiv qələbə qazansa, şəxsi oyunlardakı üstünlüyə görə İtaliya klubu 1/8 finala yüksələcək.

Nörbəti mərhələni təmin edən digər komanda Almaniya "Leyptsiq"i Fransada "Lion"la qarşılaşacaq. Portuqaliya "Benfika"sı isə Rusiyanın "Zenit" komandasını qəbul edəcək. Bu qrupda da "Zenit" və "Lion"un 7 xalı var. Hər iki komanda son görüşlərini qələbə ilə başa vursa, Sankt-Peterburq təmsilçisi şəxsi oyunlarda üstün olduğu üçün növbəti mərhələni təmin edəcək.

Nəhayət, H qrupunda İngiltərənin "Çelsi" komandası Fransa "Lill"ini qəbul edəcək. Digər görüşdə isə "Ayaks" Hollandiyada "Valensiya" ilə üz-üzə gələcək. London klubu doğma meydanda qələbə qazanaraq digər görüşün nəticəsindən asılı olmayaraq növbəti mərhələyə yüksələcək. "Ayaks"a isə heç-heçə də bəs edəcək.

Çempionlar Liqası

Qrup mərhələsi, VI tur

10 dekabr

E qrupu

21:55. "Napoli" (İtaliya) - "Genk" (Belçika)

21:55. "Zaltsburq" (Avstriya) - "Liverpul" (İngiltərə)

Xal durumu: "Liverpul" - 10, "Napoli" - 9, "Zaltsburq" - 7, "Genk" - 1.

F qrupu

24:00. "İnter" (İtaliya) - "Barselona" (İspaniya)

24:00. "Borussiya" (Dortmund, Almaniya) - "Slaviya" (Praqa, Çexiya)

Xal durumu: "Barselona" - 11, "İnter" - 7, "Borussiya" - 7, "Slaviya" - 2

G qrupu

24:00. "Lion" (Fransa) - "Leyptsiq" (Almaniya)

24:00. "Benfika" (Portuqaliya) - "Zenit" (Rusiya)

Xal durumu: "Leyptsiq" - 10, "Zenit" - 7, "Lion" - 7, "Benfika" - 4

H qrupu

24:00. "Çelsi" (İngiltərə) - "Lill" (Fransa)

24:00. "Ayaks" (Hollandiya) - "Valensiya" (İspaniya)

Xal durumu: "Ayaks" - 10, "Valensiya" - 8, "Çelsi" - 8, "Lill" - 1./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar