Bütün 1606 bələdiyyə üzrə səsvermə baş tutub - Məzahir Pənahov
24.12.2019 541 0.0 0

Yaxın saatlarda bütün məntəqələrdən məlumatlar daxil olacaq və biz məlumatları ilkin mərhələdə ictimaiyyətə çatdıracağıq.

Qazeta.info Trend-in məlumatına əsasən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov dekabrın 23-də keçirilən bələdiyyə seçkilərinə həsr olunmuş mətbuat konfransında deyib.

M.Pənahov bildirib ki, bütün 1606 bələdiyyə üzrə seçkilər baş tutub: "4556 məntəqədən məlumatlar daxil olub ki, bu da 1475 bələdiyyənin məntəqəsidir. 1375 bələdiyyədən isə bütün məlumatlar daxil olub”.

MSK sədri əlavə edib ki, "qaynar xətt"ə 220 müraciət daxil olub: “Seçici siyahısı və məntəqələrin ünvanları ilə bağlı 90, hüquqi məsələlərlə bağlı 130 müraciət daxil olub. Ümumilikdə veb-kameralardan 282 627 baxış olub ki, bu da seçkilərə marağın olduğunu göstərir”.

Qeyd edək ki, dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçirilib.

Seçkilərdə seçici fəallığı 32,72 faiz olub. Səs vermiş seçicilərin sayı 1 627 064 nəfər təşkil edib. Ümumilikdə səsvermə üçün siyahıya daxil olmuş seçicilərin sayı 4 972 356 nəfərdir.

Seçici fəallığının ən yüksək olduğu 1 saylı Şərur-Sədərək Seçki Dairəsidir. 38 min 621 seçicidən 16 min 800 (43.50 faiz) səs verib.

Eyni zamanda, seçici fəallığının ən aşağı olduğu dairə 40 saylı Kəpəz (Gəncə) İkinci Seçki Dairəsidir. Burada 42 min 085 seçicidən 10 min 156 (24.13 faiz) səs verib.

Bu il bələdiyyə seçkilərində 1606 bələdiyyə üzrə 15 156 bələdiyyə üzvü seçilməlidir. Seçkilərdə iştirak edən partiyaların sayı 13-dür. Namizədlərin 3-də 1-i 13 siyasi partiyanın nümayəndələri, 3-də 2-si isə namizədliklərini özləri irəli sürən vətəndaşlardır.

Bələdiyyə seçkilərini 17 beynəlxalq, 52 636 yerli müşahidəçi izləyib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar