Bakıda bu çimərliklərə getməyin-bakterioloji, toksikoloji, radioloji keyfiyyət göstəriciləri açıqlandı
02.06.2015 642 0.0 0

Bakı şəhəri ərazisində yerləşən çimərliklərin 2015-ci il yay mövsümünə hazırlığı ilə əlaqədar, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən rekreasiya zonasının sanitariya vəziyyətinin müayinəsi və dəniz suyunun keyfiyyət göstəricilərinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi ilə birlikdə laboratoriya tədqiqat üsullarının tətbiqi ilə monitorinqi keçirilmişdir.
 
Qazeta.info Səhiyyə Nazirliyinə istinadla qeyd edir ki, laboratoriya müayinələri zamanı, Mərdəkan-Şüvəlan, Novxanı, Buzovna, Zaqulba, Pirşağı, Nardaran, Hövsan çimərliklərində dəniz suyunun fiziki-kimyəvi, bakterioloji, toksikoloji, radioloji keyfiyyət göstəricilərinin norma səviyyəsində olduğu aşkarlanmışdır.
 
Müayinələr zamanı müəyyən edilmişdir ki, Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil çimərliklərinin sanitariya mühafizə zolaqlarında dəniz suyunun intensiv çirklənməsi halları hələ də davam etməkdədir. Şıx çimərliyinin sanitariya mühafizə zolağına Bibiheybət, Badamdar, 20-ci yaşayış sahəsi ərazilərindən və digər tərəfdən, Lökbatan qəsəbəsi istiqamətində təsərrüfat-məişət çirkab suları, Sahil çimərliyinin mühafizə zolağına isə Sahil təmizləyici qurğular stansiyasında təmir-yenidənqurma işləri aparılmadığından təmizlənməmiş çirkab suların axıdılması dəniz suyunun bakterioloji çirklənməsinə səbəb olmuşdur. Qeyd olunan nöqsanlar aparılmış laboratoriya müayinə nəticələri ilə də təsdiq edilmiş, Səbail rayonunun Şıx və Qaradağ rayonu Sahil çimərliklərində bakterioloji çirklənmə göstəriciləri normadan dəfələrlə çox olmuşdur.
 
2015-ci il ərzində çimərlik mövsümündə mövcud vəziyyətin əhalinin sağlamlığı üçün ciddi təhlükə törətdiyini, əhali arasında yoluxucu xəstəliklərin baş verməsi və yayılması təhlükəsini nəzərə alaraq, “Sanitariya-Epidemioloji Salamatlıq haqqında”
 
Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinə əsasən, Şıx çimərliyinin, Qaradağ rayonu Sahil çimərliyinin və göstərilən ərazilərin qeyri-qanuni çimərlik sahələrinin çimərlik kimi istifadəsinin müvəqqəti olaraq qadağan edilməsi barədə qəbul edilmiş 07.06.2010-cu il tarixli, 83N-li qərar qüvvədə saxlanılmışdır.
 
Eyni zamanda, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Bakı şəhər İcra Hakimiyyətinə, Bakı şəhər Baş Polis İdarəsinə, Fövqəladə Hallar Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və rayon GEM-lərinə rəsmi məktubla qərar göndərilmişdir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar