Bahar Muradova-Bu gün də bizi təhdid edən təhlükələr var
07.05.2015 628 0.0 0

“Əgər əvvəllər Qərbi Avropaya inteqrasiya arzulanırdısa, bu gün fərqli tendensiyalar səbəbindən bu arzu ilə bağlı xəyal qırıqlığına uğrayanlar çoxdur. Bu gün dünyada anti-turk, islamofobiya kimi meyllər, müstəqil dövlətlərə qısqanclıq müşahidə edilir, eyni zamanda öz taleyinə, resurslarına sahib olmaq, öz siyasətini yeritmək bir çox beynəlxalq dairələrin xoşuna gəlmir”.

Məlumata görə, bu sözləri Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən “Azərbaycan müasir dünyada” mövzusunda konfransda Milli Məclisin sədr müavini Bahar Muradova deyib.
 
B. Muradova bildirib ki, Azərbaycan belə bir dünyada öz müstəqilliyini qorumaq, ayaq üstündə durmaq erasına qədəm qoyub: “Belə bir mühitdə məqsədinə çatmaq üçün yolunu düzgün seçməlisən. Bizim ərazimiz işğal olundu, milyonlarla insanlarımız qaçqın və məcburi köçkün düşdü. Bu gün də bizi təhdid edən təhlükələr var. Biz bu təhdidlərə qarşı çevik reaksiya verməliyik. Heydər Əliyev belə ziddiyyətli dünyada balanslaşdırılmış siyasət yeritməklə xalqımızın maraqlarını təmin etməyin mümkünlüyünü ortaya qoyub. Bu gün Azərbaycan modeli dünyada öyrənilməkdədir”.
 
B. Muradova qeyd edib ki, Azərbaycanın dünyanın bəzi dairələrinin yanlış yolla getdiyini, öz yolunun düzgün olduğunu sübut etməkdədir: “Azərbaycan müstəqilliyini əldə etmiş ölkələr arasında ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü oldu, dünyada mili və dini baxımdan sivilizasiyalar arasında dialoqun vacibliyini Təhlükəsizlik Şurasına sədrliyi dövründə çatdırmağa çalışdı. Azərbaycan bununla da ortaya qoydu ki, beynəlxalq aləmin bərabərhüquqlu üzvüdür və beynəlxalq təşkilatları idarə etmək qabiliyyətindədir. Azərbaycan əhəmiyyətli bölgədə yerləşir və bu bölgənin bizə qazandırdığı üstünlüklərdən xalqlar və millətlərin birgə yaşaması, xalqımızın rifahı üçün istifadə edir”.
 
B. Muradovanın sözlərinə görə, Azərbaycanın qazandığı nailiyyətlərin əldə olunması bir neçə amillə bağlıdır: “Bunlardan birincisi Heydər Əliyev məfkurəsinə söykənən azərbaycançılıq ideyasıdır. Biz Azərbaycanı daha da yüksəkliklərə qaldıracağıq”.  /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar