Azərbaycanın Almaniyadakı səfirliyi ölkəmizə qarşı aparılan kampaniya ilə bağlı bəyanat yayıb
10.06.2015 853 0.0 0

Azərbaycanın Almaniyadakı səfirliyi bu ölkənin bəzi kütləvi informasiya vasitələrində respublikamıza qarşı aparılan kampaniya ilə bağlı etiraz bəyanatı yayıb.

Səfirlik son günlərdə Almaniya mətbuatında Azərbaycanın ev sahibliyi edəcəyi ilk Avropa Oyunları haqqında yayılmış qərəzli məlumatları ölkəmizə qarşı aparılan qarayaxma kampaniyası adlandırıb.

Bəyanatda bu kampaniyanın fəal iştirakçıları olan “Frankfurter Allgemeine Zeitung” qəzetinin müxbiri Kristof Bekerin, “Der Tagesspiegel” qəzetinin müxbiri Klaudia fon Zaltsenin və “Deutschlandradio” şirkətinə məxsus radio kanalların simasında Azərbaycan haqqında qeyri-obyektiv xəbərlər yayan mətbuat nümayəndələri sərt tənqid olunur. Diqqətə çatdırılır ki, həmin mətbu orqanlarda Azərbaycanın ünvanına səsləndirilən tənqidi fikirlər faktlara deyil, uydurma və ya natamam məlumatlara əsaslanır, ölkəmiz haqqında müsbət məqamlar isə qulaqardına vurulur: “Azərbaycanda insan hüquqları və mətbuat azadlığının vəziyyəti haqqında səsləndirilən tənqid əsassızdır, çünki bu tənqid dərin jurnalist araşdırmaları və obyektiv siyasi analizlərə söykənmir”.

Bəyanatda Avropa Oyunlarının əhəmiyyətini şübhə altına almağa çalışanlara da sərt şəkildə etiraz edilir. Bildirilir ki, bu yarışın keçirilməsi haqqında qərar Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının iclasında böyük səs çoxluğu ilə qəbul edilib. Avropa Olimpiya Komitəsinin üzvü olan 50 ölkənin hamısı ilk dəfə Bakıda keçirilən Avropa Oyunlarında iştirak edir. Azərbaycanın ilk Avropa Oyunlarına hazırlığı dəfələrlə beynəlxalq idman mütəxəssisləri, xüsusilə də Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki tərəfindən yüksək qiymətləndirilib. Avropa idman ictimaiyyəti Avropa Oyunlarına böyük əhəmiyyət verdiyi halda mətbuatda Oyunları qərəzli şəkildə tənqid edən məlumatların yayılması heç cür başa düşülmür.

Bəyanatda Azərbaycanın demokratik inkişaf yolu keçdiyi, hüquqi dövlətçilik və azad bazar iqtisadiyyatı istiqamətində böyük uğurlar əldə etdiyi vurğulanır, söz və fikir azadlığının tam şəkildə təmin olunması konkret faktlarla diqqətə çatdırılır. Səfirlik, həmçinin Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğal edilməsinə və bir milyon azərbaycanlının öz doğma torpağından qovulmasına etiraz etməyən mətbuat nümayəndələrini ikiüzlülükdə ittiham edir.

Səfirlik Almaniyanın idman ictimaiyyətini və siyasətçilərini ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasından uzaq durmağa çağırır. Bildirilir ki, idman yarışı mənfi məqsədlər üçün siyasiləşdirilməli deyil, xalqlar arasında anlaşma yaratmaq üçün istifadə olunmalıdır./azertag.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar