Tarix: 03.12.2016,   Saat: 08:36, Şənbə.          

Azərbaycanda Konstitusiya günü qeyd olunur

Bildirək ki, müstəqil Azərbaycanın Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul edilib.

Dövlətin əsas qanunu 1995-ci il noyabrın 27-dən qüvvəyə minib. Artıq 21 ildir, Azərbaycan noyabrın 12-ni Konstitusiya Günü kimi qeyd edir.

1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə respublikanın dördüncü Konstitusiyasıdır. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas qanununu qəbul edə bilməmişdi. Azərbaycanın Konstitusiya quruluşunun tarixi isə SSRİ dövrünə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul olunub. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-in 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılıb.

Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti meydana çıxıb. Bunun üçün prezident Heydər Əliyev rəhbərliyi ilə xüsusi komissiya yaradılıb, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarılıb. 1995-ci il noyabrın 12-də referendumla müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub.

Müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasını təşkil edən ilk Konstitusiya 5 bölmə, 12 fəsil, 158 maddədən ibarətdir. 2002-ci ilin avqustunda və 2009-cu ilin martında və  2016-cı ilin sentyabrında referendum yolu ilə Konstitusiyaya əlavə və dəyişikliklər olunub.

Nəzərə çatdirar ki, Azərbaycanda ilk konstitusiya məhkəmə nəzarəti orqanı olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi isə 1998-ci il iyul ayının 14-də yaranıb.

12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür.Xatırladaq ki, son qəbul olunan Konstitusiya respublikanın sayca dördüncü Konstitusiyası hesab olunur .Konstitusiya günü bayram kimi qeyd olunsa da, noyabrın 12-si iş günüdür.

Bildirək ki, dünyada konstitusiya ilk dəfə 1215-ci Ildə İngiltərədə təsbit olunub. Həmin vaxt bu ölkədə qəbul olunan Azadlıqlarının Böyük toplusu ilk konstitusiya aktı sayılır. ABŞ Konstitusiyası isə İlk yazılı ali qanun hesab olunur.



  Bölmə: Manşet | Baxış sayı: 249 | Tarix: 12.11.2016, 00:57


Xəbərlər