Azərbaycanda 17 rayonda 23 modul tipli məktəb quraşdırılır- FOTO
26.04.2017 630 0.0 0

Aprelin 26-da İsmayıllı və Göyçay rayonlarına media tur təşkil edilib. Media turun məqsədi həmin bölgələrdə quraşdırılan modul tipli məktəblər haqqında media nümayəndələrinə məlumat vermək və onları həmin məktəblərlə tanış etməkdir. APA-nın yerli bürosunun xəbərinə görə, İsmayıllının Yenikənd və Göyçayın Hacıağabəyli kəndlərində quraşdırılan yeni ümumi orta və ibtidai məktəblərə baş çəkən jurnalistlərə məlumat verilib ki, modul tipli məktəblər sinif və müəllimlər otağı, sanitar qovşaq, istilik sistemi ilə təmin edilib. Yenikənd məktəbində hazırda 9 şagird, Hacıağabəyli məktəbində 16 şagird təhsil alır. Hacıağabəyli kənd ibtidai məktəbində I-IV siniflər üzrə cəmi 16 şagird təhsil alır. Şagirdin sayı az olduğu üçün onların hamısı bir sinifdə oxuyur.

 

Məktəblilərin təhsili və təlim-tərbiyəsi ilə 4 müəllim məşğul olur. Yenikənd ümumi orta məktəbində isə 4 sinif otağı, 9 şagird və 7 müəllim var. Bu ümumi və ibtidai məktəblərin şagirdləri sonradan təhsillərini qonşu kəndlərin tam orta məktəblərində davam etdirirlər.

Qeyd olunub ki, bu cür məktəblərin yaradılmasının üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, burada sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq azaldılıb-artırılmasıdır.

 

Media tur zamanı Təhsil Nazirliyinin nümayəndələri bildiriblər ki, ötən ilin sentyabrında regionların sosial-iqtisadi inkişafına dair müşavirədə Prezident İlham Əliyevin 2017-2018-ci illərdə qəzalı vəziyyətdə olan məktəblərin modul tipli məktəblərlə əvəz edilməsi ilə bağlı tapşırığına uyğun olaraq ilk pilot layihə çərçivəsində artıq Göyçay, İsmayıllı və Lənkəranda 3 məktəb quraşdırılaraq təhvil verilib. Həmçinin, 2017-2018-ci illərdə şagirdi 100-dən aşağı olan 232 köhnə və qəzalı məktəbin modul tipli məktəblə əvəz olunması planlaşdırılıb. Cari ilin sonuna qədər 100 məktəb təhvil veriləcək. Hazırda 17 rayonda 23 modul tipli məktəbin quraşdırılmasına başlanılıb. May ayının sonunadək daha 19 məktəbin quraşdırılması nəzərdə tutulur.

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar