Azərbaycan prezidenti: «Birinci Dövlət Proqram qəbul edilməsəydi, bugünkü uğurlar olmazdı»
30.01.2017 1231 0.0 0

"Biz regional proqramları tərtib edərkən yerlərdən gələn təklifləri nəzərə alırıq. Proqramların məqsədi insanların narahat edən sosial məsələlərin həlli olunmasıdır".
 
Məlumata görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda deyib.
 
Dövlət başçısı bildirib ki, regionların inkişafı ilə bağlı birinci və ikinci proqram uğurla icra edilib: "Əminəm ki, üçüncü Dövlət Proqramı da uğurla həyata keçiriləcək. Birinci Dövlət Proqramı tarixi addım idi. Birinci Proqram qəbul edilməsəydi, bugünkü uğurlar olmazdı. Bütün şəhərlərimizdə quruculuq, abadlıq işləri aparılıb, böyük infrastruktur layihələri icra edilib. Bu, bu gün Azərbaycanın dinamik inkişafına təkan verir. Birinci mərhələ, əsasən, infrastruktur layihələri ilə bağlı idi və bu, təbii idi. Biz ilkin mərhələdə enerji təhlükəsizliyimizi təmin edə bilməmişdik, Bakı-Tbilisi-Ceyhan neft kəməri hələ tikilirdi. Qazı da xaricdən alırdıq. İlk hədəf enerji müstəqilliyimizi təmin etmək idi. 2004-cü ildən Azərbaycanda gücü 2400 meqavatt olan 26 elektrik stansiyası inşa edilib. Bu gün mövcud olan 35 elektrik stansiyasının 26-sı Dövlət Proqramı icra edilərkən tikilib. Həmin vaxt Azərbaycanda qazlaşma 51 faiz idi, bölgələrdə isə demək olar ki, qazlaşma yox idi. İndi qazlaşmanın səviyyəsi 91 faizə çatıb".
 
Yol infrastrukturu sahəsində görülən işlərdən danışan prezident bildirib ki, yol olmayan yerdə investisiya, inkişaf ola bilməz: "Yol infrastrukturunun qurulmasında həm də böyük işçi qüvvəsi iştirak edir. Məqsəd qoyulub ki, magistral, şəhərlərarası və kənd yolları yüksək səviyyədə olsun".
 
Dövlət başçısı qeyd edib ki, ötən dövrdə 4 su anbarı tikilib: "Taxtakörpü, Şəmkirçay, Tovuzçay su anbarlarını xüsusi qeyd etməliyəm. Tale elə gətirib ki, su ehtiyatlarımızın əhəmiyyətli hissəi xaricdə formalaşır. Ona görə də belə su ehtiyatları yaratmalıyıq. Bu da böyük investisiya tələb edən sahə idi və əsas işlər görülüb. Birinci Proqramdan sonra əsas infrastruktur layihələri icra edilib. Bunların vaxt itirilmədən icra edilməsini istəyirdim. Bu infrastruktur bundan sonra on illərlə Azərbaycana xidmət edəcək. İnvestisiya o yerə qoyulur ki, orada baza infrastrukturu var. Qaz, işıq, su, yol olmayan yerə hər hansı biznesmen investisiya qoymaz"./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar