Tarix: 05.12.2016,   Saat: 04:23, Bazar ertəsi.          

Azərbaycan prezidenti: `Bəzi yarışlarda idmançılarımıza qarşı ədalətsiz qərarlar qəbul edilir`

“Bəzən biz görürük ki, bəzi yarışlarda ədalətsiz qərarlar qəbul edilir, o cümlədən bizim idmançılara qarşı. Əlbəttə ki, bu, bizi çox narahat edir və incidir”.
 
Məlumata görə, bunu Azərbaycan prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarında iştirak etmiş idmançılar və onların məşqçiləri ilə görüşü zamanı deyib.
 
“Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan artıq dəfələrlə müxtəlif beynəlxalq yarışlarda sübut edib ki, biz doğrudan da güclü idman dövlətiyik, bizim güclü idmançılarımız var və idmançılar Azərbaycanın şöhrətini daim yüksəklərdə saxlayırlar”, - deyə o vurğulayıb.
 
Dövlət başçısı qeyd edib ki, Azərbaycanda idmanın inkişafı ilə bağlı kompleks tədbirlər görülür: "Məhz bunun nəticəsidir ki, bu gün biz Avropa, dünya çempionatlarında, Olimpiya və Paralimpiya Oyunlarında yüksək nəticələr göstəririk. Həm təlim-məşq prosesi düzgün təşkil edilir, həm də idman infrastrukturu yaradılır. Bizim bölgələrimizdə 40-dan çox regional Olimpiya Mərkəzi fəaliyyət göstərir. Bir neçə Olimpiya Mərkəzində tikinti işləri gedir və gələn il bu işlər davam etdiriləcək. 2008-ci ildə paralimpiyaçılar üçün xüsusi Olimpiya İdman Mərkəzi yaradılıb və orada bizim idmançılarımız məşq edirlər. Digər infrastruktur yaradılır. Bakıda ən yüksək beynəlxalq yarışları qəbul edə biləcək idman obyektləri var. Keçən il Avropa Oyunlarının keçirilməsi zamanı bütün dünya bunu gördü. Yeri gəlmişkən, ötən il Avropa Oyunlarının keçirilməsi də bizim idman potensialımızı əks etdirir. Çünki bu qərarın qəbul edilməsində Avropa Olimpiya Komitəsi eyni zamanda bizim idman potensialımızı da nəzərə alıb. Əlbəttə, bizim ölkəmiz də, Bakı şəhəri də bu Oyunların keçirilməsinə hazırlıqlı idi və bütün qonaqlar, Azərbaycana gələn minlərlə idmançı bunu gördülər. Əlbəttə, bu, Azərbaycanda idman sahəsində əldə edilmiş uğurların da nəticəsi idi. Bizim komandamız tarixi qələbə qazanaraq 50 milli olimpiya komandası arasında ikinci yerə layiq görülüb, o cümlədən paralimpiyaçılar da bizi sevindiriblər"./apa/



  Bölmə: Manşet | Baxış sayı: 417 | Tarix: 23.09.2016, 12:58


Xəbərlər