Azərbaycan kəmərlərinə terror təhlükəsi (FOTO)
04.08.2015 546 0.0 0

Son vaxtlar Türkiyədə PKK və İŞİD terrorçularının xeyli fəallaşması ciddi narahatlığa yol açıb. PKK terrorçuları ölkədə bir sıra terror hücumları həyata keçirir, hüquq-mühafizə və təhlükəsizlik qüvvələrinin əməkdaşlarını öldürür, hətta intiqam almaq üçün Türkiyə ərazisindən keçən beynəlxalq neft-qaz kəmərlərini hədəf seçir. 

Ümumiyyətlə, beynəlxalq əhəmiyyətli kəmərlərin təhlükəsizliyinin qorunması prioritet vəzifə olmalıdır. Bakı-Tiflis-Qars-Ərzurum qaz boru xəttinə hücumdan sonra bu məsələnin aktuallığı daha da artdı. Görünən odur ki, boru kəmərləri keçən ölkələrdə bu məsələyə diqqət o qədər də ciddi deyil. Bəs, Azərbaycanda vəziyyət necədir, neft və qaz ixracatçısı kimi tanınan Azərbaycanda bori xətlərinin qorunması, təhlükəsizliyi necə həyata keçirilir, hər hansı təxribat baş verə bilərmi? Azərbaycanın müəllifi olduğu Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum boru xətti necə qorunur?

Məlum olduğu kimi, Türkiyədən Azərbaycanın Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz boru xətti keçir. PKK terrorçularının son günlər təbii qaz boru xəttinə, elekrik xətlərinə etdiyi hücumlar Azərbaycanın bu ölkədən keçən neft kəmərlərinin təhlükəsizliyi məsələlərini də gündəmə gətirir.

 


Boru xətti keçən əraziyə baxış


Azərbaycanda əsas ixrac boru kəmərlərinin mühafizəsi Xüsusi Dövlət Mühafizə Xidmətinin tərkibində İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi İdarəsi (İNQBKTİ) tərəfindən icra olunur. İdarədən bildirilib ki, ölkə ərazisindən keçən kəmərlərin təhlükəsizliyi ilə bağlı heç bir problem yoxdur, bütün işlər yüksək səviyyədə reallaşdırılır. 

Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərlərinin mühafizəsi məqsədi ilə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev 2003-cü il mayın 31-də Fərman imzalayıb. İdarə Bakı şəhərində yerləşən idarə heyətindən, Səngəçal qəsəbəsində, Hacıqabul, Ucar,Yevlax, Şəmkir, Ağstafa, Sumqayıt, Siyəzən, Xaçmaz şəhərlərində yerləşən regional şöbələrdən ibarətdir. 


Bu gün İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi İdarəsi Səngəçal terminalının və Qərb istiqamətində Azərbaycan Respublikasının quru ərazisindən keçən:

- Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin 443 km-i və yerüstü qurğuların, Kürdəmirərsinburaxma, Yevlax nasos stansiyalarının;

- Cənubi Qafqaz ixrac qaz boru kəmərinin- 442,5 km-i və yerüstü qurğuları; 

- Bakı-Supsa ixrac boru kəmərinin 456.7 km-nin və infrastruktur obyektlərin Nəvahi, Ərkənd, Qaracəmirli nasos stansiyalarının;

- Şimal istiqamətində isə Bakı-Novorossiysk ixrac boru kəmərinin 234 km-nin və infrastruktur obyektlərin və Şirvanovka ölçü, Sumqayıt, Siyəzən nasos stansiyalarının mühafizəsini İNQBKTİ-si mobil, atlı və piyada patrullar vasitəsi ilə həyata keçirir.

 

Boru kəmərini qoruyan heyət və texnika


Neft və təhlükəsizlik üzrə ekspert İlham Şaban ANS PRESS-ə deyib ki, Azərbaycanın ixrac kameraları öz ərazimizdədir və Gürcüstanda çox yüksək səviyyədə qorunur. "Biz bu sahədə dünyanı çox qabaqlamışıq. Məsələn, oxucuların yadına salım ki, bizdə boru kəmərləri SSRİ-dən fərqli olaraq, istər neft olsun, istər qaz, yerin 1,5 metr altından keçir. Boru keçən ərazidə mühafizə dəhlizi olur. Oranı hər gün atlılar keçərək müşahidə edir və dispetçerə gördükləri hər bir qeyri-adi hal haqqında məlumat verirlər". 

Onun sözlərinə görə, nasos stansiyalarının xüsusi mühafizəsi olur. Məsələn, Turkiyədə belə mühafizə sistemi yoxdur. Mən orada olmuşam, BOTAS orada operatordur, onların buna maddi imkanı yoxdur. Ərazi genişdir və dag-təpədir. İraq və ya Əfqanistanda da eyni vəziiyətdir. Təhlükəsizlik üçün heç bir təminat yoxdur.

 

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) bu məsələ ilə bağlı bildirib ki, boru xətlərinin təhlükəsizlyi ARDNŞ tərəfindən qorunmur. Bunun üçün xüsusi idarə var.

Şirkətin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev Bakı-Tiflis-Qars-Ərzurum qaz boru xəttində baş verən partlayışla bağlı deyib ki, baş vermiş partlayış Azərbaycan tərəfinə heç bir zərər vurmayıb: "Qaz kəmərinin partlayışın baş verdiyi hissəsinin mühafizəsini Türkiyənin Botaş şirkəti həyata keçirir. Bizim bu şirkətlə daimi əlaqələrimiz var. Hazırda qaz boru xəttində təmir işləri gedir. Buna görə dünən axşamdan, yəni partlayış baş verməmişdən 8-9 saat əvvəldən Bakı-Tiflis-Ərzurum qaz kəmərinin Türkiyəyə qədər olan hissəsinə qaz verilməyib. Buna görə də Azərbaycan tərəfinə ziyan dəyməyib."

 


Avqustun 3-də Bakı-Tiflis-Qars-Ərzurum qaz boru xəttinin Sarıqamış rayonundan keçən hissəsində partlayış baş verib. Partlayışın səbəbi hələlik məlum deyil. Ümumiyyətlə, Türkiyənin Qars vilayətinin Sarıqamış rayonu əraizində Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə bağlı bu birinci fövqəladə yaşanan hal deyil. 2012-ci il mayın 29-da da boru kəmərində yanğınla müşayət edilən partlayış olmuşdu. O zaman Türkiyənin BOTAS şirkəti Azərbaycan qazının idxalını yalnız iyunun 8-dən gündəlik olaraq 12 milyon kubmetr həcmində bərpa etmişdi.

Türkiyənin enerji və sərvətlər naziri Taner Yıldız bildirib ki, son vaxtlar Türkiyə və İran arasındakı təbii qaz boru xəttində təxribatın həyata keçirilməsi sadəcə dövlət və hökumətimizə qarşı deyil, həm də o bölgədəki vətəndaşlarımıza qarşıdır. Bunun qarşısının alınması üçün bütün imkanlardan istifadə olunacaq.

 


Taner Yıldız - Türkiyənin enerji və təbii sərvətlər naziri 

 

Xatırladaq ki, Ağrı-Qars əyalətində Türkiyə-İran qaz kəmərində partlayıcı qurğu zərərsizləşdirilib. Boru xəttinə partlayıcı qurğunu PKK silahlıları tərəfindən yerləşdirilib. Bu il iyulun sonunda Ağrı əyalətində İran-Türkiyə magistral qaz xəttinin 15 km-də partlayış baş verib. Bu yaxınlarda isə Türkiyə və İran arasındakı təbii qaz boru xəttinin Türkiyə hissəsində güclü partlayış törədilib. 

Bir sözlə, boru kəmərlərinin təhlükəsizliyinin qorunmasında Azərbaycanın təcrübəsi dünya üçün nümunə ola bilər. Əsas ixrac kəmərlərinə edilən terror, təxribat xarakterli hərəkətlərinin qarşısının alınması üçün ciddi tədbirlərə və dünya dövlətlərinin terrorun kökünü kəsmək üçün var qüvvələri ilə çalışmasına ehtiyac var. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar