Ayaz Mütəllibov Qazaxıstandakı son faciəvi gərginliyin səbəblərindən danışdı...
07.01.2022 350 0.0 0

Bir aqsaqqal kimi qardaş qazax türk xalqını qan tökülməsinin qarşını almağa dəvət edirəm...”

“Belə olan vəziyyətdə səbirli olmaq, hadisələrə emosional formada, tez-tələsik qiymət verməkdən uzaq durmaq lazımdır...”
 
“Öncə çox sayda insan tələfatı ilə nəticələnmiş faciəvi hadisələrlə əlaqədar qardaş qazax türk xalqına başsağlığımı bildirirəm. Bir xalq üçün olduqca agır bir faciədir. Faktiki olaraq vətəndaş müharibəsi astanasına çatıblar. Bunun da hər bir xalq və dövlət üçün bərpaolunmaz ağır nəticələrə gətirib çıxaracaq faciələrə səbəb olması mümkündür”.
 
Bu fikirləri Moderator.az-a açıqlamasında son günlər Qazaxıstanda baş verən olaylara münasibət  bildirən Azərbaycanın birinci Prezidenti Ayaz Mütəllibov ifadə edib.
  
“Təəssüf ki, artıq qan tökülməsi, insan itkisi ilə nəticələnmiş bu proseslərin mexanizminin nədən ibarət olduğunu deməkdə çətinlik çəkirəm. Amma onu qəti şəkildə bildirmək olar ki, Qazaxıstanda hakimiyyət orqanları və sadə insanlar arasında dərin uçurum əmələ qəlib. Bu, xüsusilə ilə mərkəzdən kənar bölgələrdə açıq şəkildə özünü göstərdi. Ənənəvi olaraq bölgələrdə maarifləndirmə işinin zəif təşkil olunması və yaxud heç aparılmaması, yerli özünüidarətmetmə orqanlarının səhlənkarlığı, arxayınçılıq, bütün məsuliyyətin mərkəzin üzərinə atılması, əhalinin maddi cəhətdən zəif hissəsinə həssas yanaşılmaması və sair səbəblər bu tip sosial partlayışlara gətirib çıxarır.
 
Təbii ki, belə ziddiyyətlər fonunda müəyyən destruktiv qüvvələr hər zaman dövlət və xalq arasında obyektiv və subyektiv səbəblərdən yaranmış hər hansı anlaşılmazlıqlardan öz mənfəətlərinə uyğun yararlanmağa cəhd edirlər. Belə qüvvələr hər zaman hər bir dövlətin daxilində mövcud olub, olacaq da...
 
Mən istər rəhbərlik etdiyim dövrdə, istərsə də sonrakı dövrlərdə hər zaman problemlərin küçədə silahla, zirehli texnika vasitəsilə deyil, masa arxasında, sivil şəkildə, danışıqlar, müzakirələr yolu ilə həll ediməsinin tərəfdarı olmuşam.  Və bu prinsiplərdən bir an olsun belə, uzaqlaşmamışam. Sonradan ötən zaman bu yolun xalqların inkışafı üçün ən optimal yol olduğunu dəfələrlə sübut etdi...
 
Baxın, görün son zamanlar müsəlman ölkələrində baş verən inqilablar, silahlı toqquşmalar, vətəndaş müharibələri sadə insanlara hansı fiziki, maddi, mənəvi itkilərlə başa gəlir” – deyən keçmiş ölkə rəhbəri dünyada və Azərbaycanda gedən proseslərə də münasibət bildirib.
 
“Bəşəriyyət, beynəlxalq aləm çox böyük qərginlik, iqtisadi böhran yaşayır. Pandemiyadan, quraqlıqdan, ərzaq böhranından dünya iqtisadiyyatına dəyən ziyanı təsəvvür etmək belə, çətindir. Gərginlik gündən-günə artır. Belə bir vəziyyətdə xalqı dolandırmaq, çətin iqtisadi böhrandan çıxmaq yollarını tapmaq yerlərdəki rəhbərliklərin məsuliyyətini birə on artırır. Bütün ağırlıq  onların çiyninə düşür. Azərbaycan da dünya iqtisadi ailəsinin bir üzvüdür və mövcud iqtisadi proseslərdən kənarda qala bilməsi qeyri mümkündür...
 
Son zamanlar dövlət başçısı İlham Əliyev tərəfindən aparılan, mən deyərdim ki, olduqca uzaqgörən xarici siyasətin, atılan operativ addımların və təcavüzkar dövlət üzərində qazanılmış parlaq qələbəmiz Azərbaycanın mövqeyini xeyli möhkəmləndirmiş, gedən mürəkkəb geo-siyasi dəyişikliklər fonunda, belə desək, bizi gərgin vəziyyətlərə düşməkdən sığortalamışdır. Bəzi məsələlər var ki, bizdən asılı deyil və yaranmış hər hansı gərginləşmələrin aradan qalxması zaman tələb edir. Belə olan vəziyyətdə səbirli olmaq, hadisələrə emosioanal formada, tez-tələsik qiymət verməkdən uzaq durmaq lazımdır...
 
Xalqımız müdrik, vətənpərvər xalqdır.  44 günlük zəfər savaşımız bunu bir daha sübut etdi. Biz son 30 il ərzində çox faciələr yaşamışıq. Və böyük çətinlik və sınaqlardan sonra əldə etdiyimiz bu qələbəmizi gözü qötürməyən qüvvələr var. Ona görə ayıq olmalı, sayıqlıqlığımızı əldən verməməliyik.  Maarifləndirmə işini bir an olsun dayandırmaq və arxayınçılığa yol vermək olmaz. Müstəqilliyimizi, ərazi bütövlüyümüzi qəhrəman şəhidlərimizin qanı bahasına əldə etmişik. Allah hamısına rəhmət eləsin!.. Dövlətçiliyimizi qorumaq, dövlətimizin arxasında durmaq  hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur. Əminəm ki, İkinci Qarabağ savaşı zamanı nümayış etdirdiyimiz Dövlət- Xalq birliyimizi daima qoruyub saxlayacağıq...
 
Qazax xalqı da müdrik, milli ənənələri olan qədim tarixə malik bir qardaş xalqdır. Onlara sülh, əmin-amanlıq arzu edirəm. Bir aqsaqqal kimi onları qan tökülməsinin qarşını almağa dəvət edirəm. Gərək bu hadisələr baş verməyəydi, amma, təəssüf ki, oldu. İnanıram ki, çox yaxın zamanda qardaş ölkədə sabitlik bərpa olacaq və qazax türk xalqı normal həyata qayıdacaq”- deyə sabiq dövlət başçısı bildirib.
 
“Ermənistan baş naziri N.Paşinyanın digərlərindən öncə KTMT çərçivəsində Qazaxıstana qoşun göndərməyə hazır olmasını bildirməsi sizdə hansı fikirləri oyatdı?” sualını isə Ayaz Mütəllibov belə cavablandırıb.
 
“Paşinyanın Qazaxıstana ordu göndərmək məsələsinə ciddi münasibət bildirmək istəmirəm. Yəqin ki, bu məqamda məşhur atalar sözümüz yerinə düşür: “Özünə umac ova bilmir, özgəsinə əriştə kəsməyə çalışır”. Ermənistan ordusunda sərhədləri qorumağa adam tapmaqda çətinlik çəkirlər,  amma o boyda Qazaxıstana əsgəri köməkdən dəm vururlar. Yəqin ki,  Paşinyan hakimiyyəti bu "jesti" ilə Ermənistanın MDB məkanında itirdiyi mövqeləri bərpa etməyə cəhd edir. Bilirsiz, Rusiya olan yerdə heç kim Paşinyanın bu addımını ciddi qəbul etməz...  
 
Mediadan aldığım məlumatlara görə, artıq Rusiya KTMT çərçıvəsində Qazaxıstanda qarşıdurmanın dayandırılması üçün müəyyən addımlar atmağa hazırlaşır. Bu, təbiidir, çünki ruslar və qazaxlar tarixi qonşu, dost dövlətlərdir və qarşılıqlı maraqları olan xalqlardır. Üstəgəl, Qazaxıstanda rus xalqının kifayət qədər nümayəndələri yaşayır. Bu baxımdan Rusiya ilk növbədə bir böyük qonşu dövlət kimi Qazaxıstanda stabilliyin bərpasında maraqlı olan tərəfdir”-  eks-prezident belə deyib.


Loading...
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar