AKP höküməti ilk dəfə «çat» verdi (VİDEO)
26.03.2015 687 0.0 0

Türkiyədə yüksək rütbəli hakimiyyət nümayəndələri arasındakı qalmaqalın səbəbi seçkilərin yaxınlaşmasıdır. Hər şey baş nazirin müavini Bülent Arınc ölkə prezidenti Ərdoğanı kürd problemilə bağlı ittiham etməsindən başlayıb. Bunun əvəzində tərbiyəsiz sözünü eşidən Bülent Arınc da qarşı tərəfi cavabsız qoymayıb.

ANS TV-nin Türkiyə bürosunun məlumatına görə, Türkiyədə parlament seçkilərinə 70 gündən də az bir vaxt qalıb. Əvvəlcədən də gözlənilirdi ki, seçkilər yaxınlaşdıqca siyasi gərginliklər də artacaq. Lakin bu gərginliyin hazırki hökumət içərisindən baş qaldıracağını isə heç kim ağlına belə gətirmirdi. Ankarada artıq üç gündür ki, iqtidar daxilində siyasi fikirlərin fərqliliyi pik nöqtəsindədir.

Ölkənin baş nazirinin müavini hökumət sözcüsü və hər zaman gündəmdə olan Bülent Arınc Türkiyənin qarşısına qoyduğu ən önəmli məsələsi olan kürd probleminin həllində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın artıq soyuqluq göstərdiyini açıqladıqdan sonra iqtidar daxili vəziyyət getdikcə gərginləşməyə başladı.

Bunun ardınca Ankara Böyükşəhər Bələdiyyə sədri Melih Gökçək Bülent Arıncı öz “Twitter” səhifəsində tərbiyəsiz adlandıraraq istefaya dəvət etdi və onu paralelçi olaraq günahlandırdı. 

Baş nazirin müavini isə mətbuata açıqlama edərək bələdiyyə sədrini rüsvətxorluq və qanunsuz işlərə imza atmaqda ittiham edərək vəziyyəti daha da ağırlaşdırdı. 

Hakim partiyanın iki nüfuzlu siyasətçisi arsında baş verən qarşılıqlı ittihamlara isə bələdiyyə sədri bu gün nöqtə qoymaq istədi. O, baş nazirdən susmaq qərarı aldığını açıqladı.

“İdarəetmənin bəzi sahələrində olanlar vəziyyəti daha da ağırlaşdırmaq məqsədilə bundan istifadə etdikləri üçün baş nazirdən susmaq qərarı aldım. Bu gündən etibarən bu barədə hər hansı bir açıqlama verməyəcəm”, – deyə Melih Gökçək vurğulayıb.

Amma məsələnin əsas tərəfi bu deyil. İndi həm yerli, həm də xarici mətbuat Türkiyənin iqtidar partiyasındakı qütbləşmədən yazır. “Financial Times”da “Ərdoğan və xələfi arasında çat böyüyür” adlı məqaləsində deyilir ki, Türkiyədə hakimiyyətdaxili çəkişmə artır. Qəzetin yazdığına görə, Ərdoğan Davudoğlunun səlahiyyətlərinin çoxunu almağa çalışır. Və bunun üçün onun dəstəyinə ehtiyacı var. Davudoğlu isə öz səlahiyyətlərini prezidentə verməkdə çox da istəkli görünmür. Digər mətbuat orqanı isə yazır ki, artıq Ərdoğanı partiyada təkləmə əməliyyata gedir. Və silahdaşlarının əksəriyyəti onu prezident görmək istəmir. 

Siyasi ekspertlərin fikrincə, bütün bunlar AKP hökumətini zəiflədəcək və iki ay sonra Türkiyədə keçiriləcək parlament seçkilərinə ciddi təsir edəcək. İqtidarda baş verənlərə baş nazir Davudoglu hər iki partiya üzvünün səhv etdiyini və qanun qarşısında cavab verəcəklərini bildirməklə kifayətlənib. Rəcəb Tayyib Ərdogan isə mətbuata bu barədə heç bir açıqlama etməyib./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar