«Ağ Yol» Vətəndaş Hərəkatı referendumla bağlı BƏYANAT YAYIB
23.09.2016 951 0.0 0

“Ağ Yol” Vətəndaş Hərəkatının sentyabrın 26-da keçiriləcək referendumla bağlı Bəyanat yayıb.
Qazeta.info Bəyanatın “Ağ Yol Vətəndaş Hərəkatı”nın Mətbuat xidmətindən daxil olmuş mətnini olduğu kimi təqdim edir:
“Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətçiliyin gücləndirilməsi, iqtisadiyyatın inkişafı və digər sahələrdə böyük inkişaf yolu keçib. Son 25 ildə həyata keçirilən məqsədyönlü siyasi kurs nəticəsində Azərbaycan müstəqil siyasət yürütməyə qabil, dayanıqlı iqtisadi sistemə malik, müasir, özünü təmin edən, dinamik inkişaf yolu ilə inamla irəliləyən və beynəlxalq birliyin layiqli üzvü olan nüfuzlu ölkəyə çevrilmişdir. Eyni zamanda, bu müddət ərzində ölkəmiz dəfələrlə xarici təhdidlərə məruz qalıb, müharibə ilə üzləşib, müstəqilliyimiz təhlükə altında düşüb. Amma ölkə rəhbərliyinin müdrik idarəetmə məharəti, düzgün daxili və xarici siyasət, aparılan islahatlar dövlətimizi təhlükələrdən qorudu və  ölkəmiz bu çətin sınaqlardan uğurla çıxdı. Mövcud durum - dünyada və regionda cərəyan edən proseslər, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması, bunun fonunda Azərbaycana olan diqqətin artması hüquqi sferada islahatların aparılmasını zəruri edir. Son bir neçə ilin təcrübəsi göstərir ki, 1995- ci ildə qəbul olunmuş Konstitusiya ilə müəyyən edilmiş dövlət və iqtisadi idarəetmə mexanizmləri ölkənin hazırkı inkişaf səviyyəsində çevik qərarların qəbul olunmasını və onların səmərəli icrasını, optimal idarəetməni təmin etmək, habelə bürokratiya və digər neqativ halları daha qətiyyətlə aradan qaldırmaq məqsədilə təkmilləşdirilməlidir. Bu mənada cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanan Konstitusiya islahatları dövlətimizin vətəndaşların hüquq və azadlıqlarının müdafiəsini gücləndirmək, həmçinin dövlətin təhlükəsizliyini daha etibarlı şəkildə qorumaq, iqtisadi inkişaf tempinin dinamikliyinin saxlanılması, çevik idarəetmə aparatının yaradılması, struktur islahatlarının sürətləndirilməsi baxımından olduqca əhəmiyyətlidir.
“Ağ Yol” Vətəndaş Hərəkatı Konstitusiya islahatları ilə bağlı sonuncu  təşəbbüs bəyan edilən ilk gündən bu prosesdə fəal iştirak edib, sosial şəbəkələrdə islahatların vacibliyinə dair informasiyalar paylaşıb, ayrı-ayrı məqamlara aydınlıq gətirmək üçün geniş müzakirələr təşkil edib. Həmçinin Hərəkatın üzvləri insanlarla görüşərək islahatların əhəmiyyəti barədə fikir mübadiləsi aparıblar. Aparılan müzakirələr, təhlillər göstərir ki, Azərbaycan cəmiyyəti, xüsusilə də, sosial şəbəkə istifadəçiləri sentyabrın 26-da keçiriləcək referendumu dəstəkləyir, Referendum aktı ilə bağlı dəyişikliklərdə əksini tapan məqamların ölkəmiz üçün əhəmiyyətini bəyənirlər. 
“Ağ Yol” Vətəndaş Hərəkatı Referendumla bağlı təşviqat mərhələsinin uğurla keçdiyini bəyan edərək, insanların bu mərhələdə xüsusi fəallıq nümayiş etdirdiklərini, seçicilərlə keçirilən görüşlərdə yüksək əhval-ruhiyyənin, izdihamın yaşandığını bildirir.
“Ağ Yol” Vətəndaş Hərəkatı hesab edir ki, Referendum Azərbaycan xalqının iradəsini bir daha ortaya qoyacaq, vətəndaşlar ölkəmizin daha da güclü olması üçün 26 sentyabrda səsvermədə aktiv iştirak edəcəklər.
“Ağ Yol” Vətəndaş Hərəkatı referendum seçkisinin  Azərbaycanda yeni bir siyasi mərhələnin başlanğıcı olacağına, yeni iqtisadi tərəqqinin, dayanıqlı inkişafın  əsasını qoyacağına əminliyini ifadə edərək, səsvermə hüququ olan hər bir kəsin sentyabrın 26-da seçki məntəqələrinə gəlib Konstitusiya islahatlarına dəstək olacağına inandığını qeyd edərək, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən 2016 - cı il iyulun 18 - də "Ölkə Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktını dəstəklədiyini bəyan edir.”.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar