Zərərçəkmiş: `Akif Çovdarov 525 min dollarımı aldı` - YENİLƏNİB
06.02.2017 1103 0.0 0

 

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi günün ikinci yarısında davam etdirilib.

 

 

 

APA-nın məlumatına görə, prosesdə A. Çovdarovun vəkilləri çıxış edib. Onlar A. Çovdarovun holter aparatından keçirilməsini istəyiblər. Bildiriblər ki, işemiya və ritm xəstəliklərini həmin aparat müəyyən edir. Vəkillərin sözlərinə görə, müvəkkilləri holter aparatından keçmədiyi üçün həkimlər ona müalicə yaza bilmirlər, çünki onun vəziyyətini müəyyən etmək mümkün deyil.

 

Məhkəmə vəsatəti təmin etməyib. Hakim bildirib ki, bu məsələ onların səlahiyyətində deyil. Daha sonra iclasda "Baktel" şirkətinin rəhbəri Zaur İbrahimov zərərçəkmiş kimi ifadə verib.

 

Bildirib ki A. Çovdarov ondan 525 min dollar alıb. A. Çovdarov isə onun dediklərini təkzib edib. Bildirib ki, həmin şəxsi tanıyır və bir tanışının xahişi ilə onu qəbul edib: "Ona borclu olanlar var idi. Həmin məsələ ilə bağlı görüşmüşdük. Bilirdim ki, həmin adamlar problemli adamlardır. Dedim ki, get qanuni yolla ala bilirsənsə, pulunu al".

 

 

 

Proses fevralın 8-də davam edəcək.

 

*****

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Məlumata görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Əşrəf Rzayev şahid qismində ifadə verib.
O, Kürdəmir rayonundakı "Xatirə" restoranı epizodu üzrə dindirilib. Ə.Rzayev istintaqa verdiyi ifadəsini təsdiq edib. Şahid A.Çovdarovu tanımadığnı deyib. Onun sözlərinə görə, rayonun icra başçısı ona bir nəfərə torpaq sahəsi ayrılması barədə göstəriş verib: "Mən də bu barədə araşdırma apardım. Bundan sonra həmin torpaq sahəsi boş olduğu üçün onu sənədləşdirdim".
Daha sonra Kürdəmir rayonunun keçmiş bələdiyyə sədri Mətləb Rzayev dindirilib. O, istintaqa verdiyi ifadəsini təsdiq etdiyini deyib. Şahid məhkəmədə dindirilən zaman qeyd edib ki, A.Çovdarovun qanunsuz olaraq, özəlləşdirdiyi həmin torpaq sahəsi onlara məxsus olub: "Əşrəf Rzayev və icra başçısının digər bir nümayəndəsi mənə hədə-qorxu gəldilər. Onlar torpaq sahəsindən imtina etməyimi tələb ediblər. Bundan sonra məcbur olub deyilənlərə əməl etdim".
Proses günün ikinci yarısında davam etdiriləcək.
Qeyd edək ki, A.Çovdarov 2015-ci ilin noyabr ayında həbs edilib. Həmin vaxt Səbail Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb. O, Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.
A.Çovdarov və MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən təsdiq edilərək sentyabrın 5-də aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.
Xatırladaq ki, cinayət işi üzrə 320-dən çox şahid, 60-dan çox isə zərərçəkmiş var. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər A.Çovdarov, S.Məmmədov, A.Əliyev və O.Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar