Zəngilanın işğalından 26 il ötür
29.10.2019 485 0.0 0

Oktyabrın 29-da Azərbaycanın Zəngilan rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalının 26 ili tamam olur. Zəngilan ermənilərin Dağlıq Qarabağ ətrafında işğal etdiyi sonuncu, sayca 7-ci rayon oldu.

Ermənistan silahlı qüvvələrinin 1993-cü il oktyabrın 24-25-də başlanan genişmiqyaslı hücumu Zəngilan rayonunun, habelə Cəbrayıl və Füzuli rayonlarının Arazboyu yaşayış məntəqələrinin işğalı işə başa çatıb.

Zəngilan rayonun 707 kv km-lik ərazisi (rayon mərkəzi və 93 yaşayış məntəqəsi) erməni qüvvələrinin əlinə keçib.

Zəngilanda 9 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, 1 texniki peşə və musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub və 22 kinoqurğu, habelə dəmiryolu deposu işğal zamanı məhv edilib. Hazırda Zəngilanda ermənilər tərəfindən ekoloji terror siyasəti yürüdülür, bölgənin zəngin çinar meşələri məhv edilir, təbii ehtiyatları mənimsənilir.

 

Zəngilan rayonunun tarixinin qədimliyini, qalalar, müşahidə məntəqələri, arxeoloji qazıntılar zamanı aşkar edilmiş maddi-mədəniyyət abidələri və nümunələri, qədim sikkələr və məişət qabları sübut edir. Rayonun ərazisində 60-cı illərdə təsərrüfat işləri zamanı xeyli küp qəbirlər (küp qəbirlər Azərbaycanda e.ə. II əsrdən eramızın əvvəllərinə kimi mövcud olmuşdur) və e. ə. IV -II aid edilən və əksəriyyəti Makedoniyalı İsgəndərin adına zərb olunan onlarla sikkə ərazisinin lap qədim zamanlardan beynəlxalq ticarətdə mühüm rol oynadığından xəbər verir.

XIX əsrin əvvələrində Rusiyanın Cənubi Qafqazı işğal etməsindən sonra yeni ərazi-inzibati bölgüsü aparılır. 1868-ci ildə YElizavetpol quberniyası yaradılır. Onun tərkibində Şuşa, Yelizavetpol və Zəngəzur qəzaları yaradılır: Yeni bölgüyə əsasən Zəngilan rayonunun ərazisi Zəngəzur qəzasına daxil edilir.

1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qalib gəldikdən sonra burada Kürdüstan vilayəti təşkil edilir. Bu vilayətə 4 rayon Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonları daxil edilir.

Bu dövrdə tərtib edilən xəritədə Zəngilanın ərazisindən yalnız Bartaz və Xanlıq kəndlərinin adı göstərilir.

1925-ci il sənədlərində Zəngilan Cəbrayıl qəzası tərkibində göstərilir və bu xəritədə Zəngilanın Genlik, Aladdin, Dəlləkli kəndləri qeyd olunur.

Son iki yüz ildə vahid təbii sərhəddə malik olmayan Zəngilan 1930-cu ilin avqustunda müstəqil rayon kimi formalaşır və dəqiq müəyyən olunmuş bir ərazisi olur.

1967-ci ildə Zəngilan qəsəbəsinə şəhər statusu verilmişdir.

Zəngilan müharibə alovunun qasırğasını 1990-cı ildən daha tez-tez hiss etməyə  başladı. Ermənilər dəmir yolunu bağlayır, qatarları saxlayır, adamları girov götürürdülər. 1992-ci ilin əvvəlindən isə rayonun sərhəd kəndləri döyüş zonasına çevrildi. Yerli əhali özümüzünkülərdən gizləyib saxladıqları ov tüfəngləri ilə torpaqlarımızı qoruyurdular. Ermənilər isə xarici havadarların köməyilə mükəmməl silahlanmışdılar.

Düşmən əsasən Zəngilan üzərinə üç istiqamətdə hərəkət edirdi:

Mehri istiqamətində hərəkət edən işğalçılar yüksəklikləri ələ keçirib, Vəjnəli və Ağbənd kəndlərini işğal etdilər.

Qafan istiqamətində hərəkət edib Burunlu, Şayıflı, Göyəli kəndlərini tutub rayon mərkəzinə gedən yola çıxdılar.

Qubadlının işğal edilmiş (1993-cü il 31 avqust) ərazilərindən hərəkət edib Saldaş, Çərəli, Mollalı, Qiyaslı, Ulaşlı, Əbilcə, Qarakişi, Tinli, Xocahan, Ağbiz kəndləri və Ağbiz yüksəkliklərini ələ keçirirlər.

Təxminən 34 min əhali İran sərhədinə-Araz çayının kənarına toplaşır. Gur sulu Araz çayını isə keçmək mümkün deyildi. Azərbaycan rəhbərliyi İran hökuməti ilə danışıqlar apardı və İran tərəfi Araz çayı üzərindəki bənddə suyu bağladı. Yalnız bundan sonra əhali çayı keçib xilas olur.

Zəngilanda ikinci Xocalı faciəsinin baş verməsinin qarşısı alındı. Mülki əhali İran ərazisinə keçərək erməni soyqırımının qurbanına çevrilmək təhlükəsindən qurtarıblar.

Bununla belə, rayonun erməni hərbi birləşmələrinin hücumundan müdafiəsi zamanı 188 nəfər şəhid olub, 44 nəfər itkin düşüb. Hazırda Zəngilanın 35 min nəfərlik əhalisi Azərbaycanın müxtəlif bölgələrində məskunlaşıblar.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar