Tarix: 09.12.2016,   Saat: 07:50, Cümə.          

Yalçın Topçu: ABŞ başqa coğrafiyalarda qan tökməyə son qoymalıdır

”ABŞ ikitərəfli razılaşmaya əməl etməli, NATO üzvü kimi Fətullahçı Terror Təşkilatının rəhbəri Fətullah Güləni Türkiyəyə ekstradisiya etməlidir”.

 
Məlumata görə, bu sözləri Bakıda jurnalistlərə açıqlamasında Türkiyə prezidentinin baş məsləhətçisi Yalçın Topçu bildirib. 
 
Y. Topçu deyib ki, Fətullahçı Terror Təşkilatı (FETÖ) sülh, rifah istəyən bütün dünya ölkələri üçün təhlükəlidir: “ABŞ bu günə qədər bu sahədə öhdəliklərinin heç birini yerinə yetirməyib. İki ölkənin cinayətkarların ekstradisiyası ilə əlaqədar müqaviləsi var. ABŞ bizdən hər hansı cinayətkarı istəyərkən əsla sorğu-sual etmirik. Çünki qarşıdakı ölkə deyir ki, sənin ölkəndə mənim cinayətkar kimi axtardığım birisi var, onu mənə ver. ABŞ da heç nə soruşmadan FETÖ rəhbərini bizə verməlidir. Amma ABŞ indiyə qədər bunu etməyib”.

 

Donald Trampın prezident seçilmək şansını seçkidən öncə yüksək dəyərləndirdiyini və proqnozunun doğrulduğunu söyləyən Türkiyə prezidentinin baş məsləhətçisi bildirib ki, D. Trampın dünyada və ABŞ-da nələri dəyişdirəcəyini gözləmək lazımdır: “ABŞ-ın özünəməxsus tarixi, dərin siyasəti var. Əgər Donald Trampı özlərinə bənzədərlərsə, məzlum xalqlar üçün heç nə dəyişməz. ABŞ Türkiyənin, yaxud dünyanın məsələləri ilə əlaqədar proseslərə tarixi mövqeləri prizmasından baxır. Donald Trampın isə iddiaları var və o iddialarını həyata keçirib-keçirməyəcəyi məsələsində şübhəliyəm. Çünki Donald Trampa təzyiq edə, onun mövqeyini dəyişdirə bilərlər. Mənim ABŞ və Donald Tramp hökumətindən istədiyim odur ki, ədalətli olsunlar. Əgər ABŞ ədalətsizliyə davam edərsə, mütləq bir gün yerlə bir olar. ABŞ başqa coğrafiyalarda qan tökməyə son qoymalıdır. Ölkələrdə uşaqları, qadınları öldürməkdən vaz keçməlidirlər. ABŞ hazırda islam dünyasında ən az simpatiya duyulan ölkələrdən biridir. ABŞ-ın islam dünyasında simpatiya qazanmasının yolu var. Bunun yolu islam coğrafiyasından əllərini çəkməsi və qan tökməkdən vaz keçməsidir. Trampdan gözləntimiz budur"./apa/



  Bölmə: Gündəm | Baxış sayı: 371 | Tarix: 21.11.2016, 16:01


Xəbərlər