Xocalı qurbanlarının xatirəsi Strasburqda yad edilib
19.02.2015 743 0.0 0
Fevralın 18-də Fransanın Strasburq şəhərində “Salle Mozart” konsert zalında  klassik musiqi proqramından ibarət konsert keçirilib.

 

Avropa Azərbaycan Cəmiyyətindən  verilən məlumata görə, konsert Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Xocalı faciəsinin qurbanlarının xatirəsinə həsr olunub.

 

Tədbirdə 150-dən çox qonaq, o cümlədən diplomatlar, beynəlxalq təşkilatların nümayəndələri, işgüzar dairələrin təmsilçiləri və mətbuat nümayəndələri iştirak ediblər.

 

Azərbaycan Respublikasının Avropa Şurasında daimi nümayəndəsi, səfir Emin Eyyubov giriş nitqindən sonra AAC-nin Fransadakı nümayəndəliyinin rəhbəri Marie-Laetitia Gourdin çıxış edib. “Xocalıya Ədalət” kampaniyası çərçivəsində belə bir tədbiri təşkil etməkdən qürur duyduğunu vurğulayan natiq kampaniyanın beynəlxalq əhəmiyyətindən danışıb: “DünyaXocalı həqiqətləri barədə bilməlidir ki, bu cür qətllər və cinayətlər heç yerdə təkrar olunmasın. Məhz buna görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 2008-ci il mayın 8-də “Xocalıya ədalət” beynəlxalq kampaniyasının keçirilməsi təşəbbüsünü irəli sürüb. Kampaniyanın məqsədi bu faciə barədə dünya ictimaiyyətinə müfəssəl məlumat verməkdir”.

 

Marie-Laetitia Gourdinin sözlərinə görə, “Xocalıya ədalət!” kampaniyası çərçivəsində bugünkü xatirə gecəsinin klassik konsert şəklində keçirilməsi Azərbaycanın mənəvi mədəni irsinə ithaf olunub. Belə ki, Xocalı Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş Dağlıq Qarabağ regionunda yerləşir. Dağlıq Qarabağ regionun mədəniyyət ocağı sayılır və ölkənin musiqi irsinin inkişafı dedikdə sinonim olaraq Qarabağ sözü işlədilir: “Hazırda xarabalığa çevrilmiş Şuşa şəhəri Qafqazın Konservatoriyası kimi tanınırdı. Azərbaycanın bir çox məşhur musiqiçiləri, müğənni və bəstəkarları, o cümlədən Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəyli, məşhur tarzən  Sadıqcan, çoxlu Muğam ustadı və Milanda “La Skala” opera teatrında təhsil almış əfsanəvi opera müğənnisi Bülbül orada anadan olublar”, - deyə Marie-Laetitia Gourdin vurğulayıb.

 

Tədbirin konsert proqramında dünya üzrə məşhur musiqiçilər Renara Axundova (piano), Sara Nemtanu (skripka), Aleksandr Somov (violençel) və Səidə Zülfüqarovanın (piano) Azərbaycan və Avropa klassik musiqi əsərlərindən ibarət ifa etdikləri parçalar yer alıb. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar