Xətaidə yaşayış binasında baş verən yanğınla bağlı məhkəmədə şahidlər dindirilib
25.10.2016 449 0.0 0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakının Xətai rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

 

Məlumata görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş İslam Aslanov, şahidlər Gündüz Abbasovla Hidayət Süleymanov ifadə veriblər.

 

İ. Aslanov bildirib ki, hadisə günü evdə olublar. Pəncərədən baxanda binanın yandığın görüb həyətə düşüblər: "Yanğın nəticəsində hər şeyimiz yandı".

 

Şahid G. Abbasov isə deyib ki, təqsirləndirilən şəxslərdən F. Sadıqovu tanıyır: "Zavodun mühasibatlıq işində onlara köməklik etmişəm".

H. Süleymanov da təqsirləndirilən şəxslərdən F. Sadıqovu tanıdığını, zavodda texniki işlərin görülməsi ilə məşğul olduğunu, istehsal olunan məhsullarla əlaqəsinin olmadığını deyib. 


Proses noyabrın 1-də davam edəcək.

 

Qeyd edək ki, ötən il aprelin 10-da Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda “TNH” şirkəti tərəfindən fasadında “poliuretan” materialla üzləmə işləri aparılan doqquzmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın qeydə alınıb.

Faktı üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. “TNH” şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərliyi həyata keçirən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov, şirkət direktorunun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov həbs edilib.

Xatırladaq ki, təqsirləndirilən Nüsrət Muxtarov təcridxanada ölüb. Məhkəmədə onun hüquqi varisi Asif Muxtarov iştirak edir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar