Tarix: 09.12.2016,   Saat: 13:39, Cümə.          

Xərçəngdən qoruyan, qocalmanın qarşısını alan qidalar - SİYAHI

Yaşından asılı olmayaraq, xərçəng hər kəs üçün qorxuludur. Antioksidantla zəngin qidalar isə həm xərçəngdən qoruyur, həm də erkən yaşlanmağın qarşısını alır. Həkimlər ən dəyərli antioksidantların A, E, C vitamini, flavonoidlər, koenzim Q10, likopen, selenium və sink olduğunu deyir. Bu antioksidantların hansı qidalarda olduğunu bilmək istəyirsinizsə, aşağıdakı siyahıya nəzər yetirin.  

 

Alfa tokoferollər (E vitamini)

 

Xüsusilə buğda, qarğıdalı, darı, düyü kimi taxıllarda çox olur. Günəbaxan, qarğıdalı, pambıq yağında, qoz, badam, yer fıstığı kimi quru çərəzlər və yaşıl tərəvəzlərdə rast gəlinir.

 

Askorbin turşusu (C Vitamini)

 

Sitrus meyvələri, pomidor, kartof və yaşıl yarpaqlı tərəvəzlərlə yanaşı, çiyələk, manqo kimi meyvələrdə var. Bu qidaları alan kimi yemək məsləhətdir.

 

Beta-karoten

 

Bədəndə yığılaraq A vitamininə çevrilən güclü bir antioksidantdır və xərçəng riskini azaldır. Kök, ispanaq və brokoli kimi tərəvəzlər, eləcə də ərik və şaftalı kimi meyvələrdə rast gəlinir.

 

Flavonoid

 

Alma, çiyələk, üzüm kimi meyvələrdə, şokoladda və çayda flavonoid olur.

 

Koenzim Q10

 

Xərçəngə və müəyyən nevroloji xəstəliklərə qarşı qoruyucudur. Heyvanın ciyər, ürək və böyrəyində və balıqda rast gəlinir.

 

Likopen

 

Bir çox meyvəyə qırmızı rəngi verən maddədir. Ürək-damar xəstəlikləri və xərçəngə qarşı müsbət təsirləri var. Pomidor, qarpız, qreypfrut, üzüm, cəfəri, quşqonmaz, pul bibər və qırmızı kələmdə var.

 

Selenium

 

Taxıllar, qaraciyər, kərə yağı, balıq, qırmızı ət və tərəvəzlərin tərkibində olur.

 

Sink

 

Sink ümumiyyətlə zülal ehtiva edən qidalarla əlaqəlidir. Ət, süd və süd məhsulları, kartof, qara düyü, fıstıq, hind qozu, balqabaq tumu, paxla və kəpəkli taxıllar sinklə zəngindir.

 

Ədviyyatları unutmayın

 

Bitki çaylarından kəklikotu, bibəriyə, adaçayı və antioksidant xüsusiyyəti yüksək olan yaşıl çay, nanə, zəncəfil, zərdəçal kimi ədviyyatlar əhəmiyyətlidir. Aparılan araşdırmalar sübut edib ki, qəhvə də antioksidant qaynağıdır. Sağlamlığı qorumaq üçün mövsümündə təzə meyvə və tərəvəz çox yeyilməli, sağlam qidalanma vərdişi olmalıdır.

 

Ürəyə, təzyiqə qarşı da faydalıdır

 

Antioksidant qidalar orqanizmi xərçənglə yanaşı, bir çox xəstəlikdən qoruyur. Ürək xəstəlikləri, yüksək təzyiq və damar tıxanıqlığına yaxşı təsir edir. Yaranın sağalması, dəri sağlamlığı, infeksiyalara qarşı immunitet sisteminin gücləndirilməsi, saç və dırnaq sağlamlığı, sümük və diş inkişafı baxımından da müsbət təsirləri var. /lent.az/



  Bölmə: Maraqlı | Baxış sayı: 312 | Tarix: 05.10.2016, 00:23


Xəbərlər