Vətən müharibəsi iştirakçılarına vəsiqə və Prezidentin aylıq təqaüdü veriləcək
30.12.2021 157 0.0 0

Dövlət başçısının yeni Sərəncamı ilə Vətən müharibəsinin iştirakçılarına yeni ildən “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının Müharibə Veteranı” vəsiqəsi veriləcək.

Qazeta.info Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına istinadla bildirir ki, aidiyyəti qurumlar tərəfindən bu status verildikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onlara proaktiv qaydada Prezidentin aylıq təqaüdü təyin ediləcək.

Ölkəmizdə başlanan yeni sosial islahatlar paketi çərçivəsində reallaşan bu tədbir Vətən müharibəsinin iştirakçılarına dəstək məqsədi daşıyır.

“Müharibə veteranı” adı və vəsiqəsi 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövr ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə veriləcək. Həmin şəxslərin siyahısı xidmət keçdikləri aidiyyatı qurumlar tərəfindən müəyyən ediləcək və Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırılacaq.

Sərəncama əsasən, aidiyyatı qurumlar razılaşdırılmış siyahı nəzərə alınmaqla “Müharibə veteranı” adı  və vəsiqəsini verəcək, həmin şəxslər haqqında məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Zəfər” altsisteminə daxil edəcək. Nazirlik  “Müharibə veteranı” adı və vəsiqəsi verilmiş və “Zəfər” altsisteminə daxil edilmiş şəxslərə 2022-ci il 1 yanvarından Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünü (80 manat) təyin edəcək.


Loading...
Digər xəbərlər:
Şərhlər
avatar