Vəkil Cavid Hüseynova bəraət istədi
16.05.2016 640 0.0 0

Bu gün Səbail rayon Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirli bilinərək həbs edilən futbolçu Cavid Hüseynovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib. Məlumata görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Adəm Məmmədov çıxış edərək hüquqlarını müdafiə etdiyi Cavid Hüseynova bəraət istəyib. Vəkil buna səbəb kimi "Qəbələ" klubunun sabiq kapitanının  günahının sübuta yetirilməməsini göstərib.

Məhkəmənin növbəti prosesi mayın 25-nə təyin olunub. Əlavə edək ki, həmin prosesdə C.Hüseynov son söz söyləyəcək.


"Qəbələ” futbol klubunun sabiq kapitanı Cavid Hüseynov jurnalist Rasim Əliyevin ölümündə şübhəli şəxs qismində avqustun 11-də həbs edilib. Rasim Əliyev avqust ayının 8-də C.Hüseynovun bibisi oğlu Elşən İsmayılov və daha 5 nəfər tərəfindən vəhşicəsinə döyülüb. 4 qabırğası sındırılan, qulağı zədələnən, dalağı dağıdılan, ağciyəri əzilən jurnalist 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb və orada dünyasını dəyişib.

 

Keçmiş kapitanın həbsindən üç gün sonra həbs-qətimkan tədbirinə verilmiş apellyasiya şikayəti təmin olunmamış, məhkəmə futbolçunun apellyasiya şikayətinə əsas görməmişdi.

Ona qarşı Cinayət Məcəlləsinin 307.1 (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2 (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə cinayət işi açılıb. İş ayrıca icraata verilib. 

 

 

Hadisədən bir neçə gün sonra Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu jurnalist Rasim Əliyevin ölümü ilə bağlı birgə bəyanat vermişdi.

 

Həmin bəyanatda bildirilib:
“Avqustun 8-də saat 18:00 radələrində Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Əliyev Rasim Məmmədəli oğlu Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində fəaliyyət göstərən “Bayıl market” mağazasının qarşısında bir qrup naməlum şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və aldığı xəsarətlərdən avqustun 9-da saat 05.00 radələrində orada vəfat edib.

Faktla bağlı Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.


Aprel ayının 1-də Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən Elşən İsmayılov, Arif Əliyev, Camal Məmmədov, Samir Mustafayev və Kənan Mədətovun işi üzrə məhkəmə prosesi yekunlaşıb və təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin qərarı ilə E.İsmayılov 13, Arif Əliyev 12 il 6 ay, Camal Məmmədov 11 il, Samir Mustafayev və Kənan Mədətov hər biri 9 il müddətinə azadlıqdan məhrum edilib.

Dövlət ittihamçısı ümumilikdə onlara 63 il iş istəmişdi. O,  Elşən İsmayılovun 14, Arif Əliyevin 14, Camal Məmmədovun 12, Samir Mustafayevin 11 il 6 ay və Kənan Mədətovun 11 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib./anspress/

 

Elşən İsmayılov - təqsirləndirilən


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar