Uill Smit aparıcıya şillə vurduğuna görə üzr istədi
29.03.2022 381 0.0 0

Məlumata görə, Los-Ancelesdə baş tutan 94-cü "Oskar" mükafatlandırma mərasimində Hollivud ulduzu Uill Smitlə aparıcı Kris Rok arasında gərginlik yaşanıb.

Axşam.az xəbər verir ki, aktyorun həyat yoldaşı Cada Pinkett-Smit haqqında aparıcının işlətdiyi ifadələrə ona şillə vuraraq cavab verməsi sosial media seqmentində müzakirələrə səbəb olub. U.Smit özü də məsələ ilə bağlı instaqram hesabında paylaşım edərək hərəkətinə görə üzr istəyib:

"Zorakılığın bütün formaları zəhərli və dağıdıcıdır. "Oskar"dakı davranışım qəbuledilməz və bağışlanmaz idi. Ünvanıma səsləndirilən zarafatlar işin bir hissəsidir, lakin Cadanın səhhəti ilə bağlı zarafat mənim üçün dözülməz idi və buna emosional reaksiya verdim.

Sizdən açıq şəkildə üzr istəyirəm, Kris. Özümü itirdim və yanıldım. Bundan utanıram, özümü görmək istədiyim insanla sözlərim və hərəkətlərim uyğun gəlmir. Sevgi və mehribançılıq dünyasında zorakılığa yer yoxdur.

Həmçinin, Kino akademiyasından, şounun prodüserlərindən, bütün qonaqlardan və dünyada bunu görən hər kəsdən üzr istəyirəm".

Qeyd edək ki, Uill Krisə şilləni həyat yoldaşının alopesiya xəstəliyi (saçın pataloji tökülməsi) ilə bağlı zarafatından sonra vurub. Sosial mediada sürətlə yayılan görüntülərə görə aktyora haqq qazandıranlarla yanaşı hərəkətini pisləyənlər də olub.

Xarici mediada yayımlanan xəbərlərdə gecə "Kral Riçard" filmindəki roluna görə "Ən yaxşı aktyor" seçilən Uillin "Oskar"ının əlindən alına bilinəcəyi bildirilib. Kino Akademiyası isə məsələ ilə bağlı araşdırma aparılacağını açıqlayıb./axsam.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar