Türkiyə ilə İsrail arasında buzlar əridi
27.06.2016 613 0.0 0

İsrail ilə Türkiyə arasında Qəzzaya yardım aparan "Mavi Mərmərə" gəmisinə olan hücumdan sonra yaranmış soyuq münasibətlər bərpa olunmağa başlayıb. Məlumata görə, iki ölkə arasında münasibətlər 2010-cu ildə 9 nəfərin ölümü ilə nəticələnən basqından sonra pozulmuşdu. 

İki ölkə arasında uzlaşma ötən gün axşam Romada əldə edilib. Tərəflər arasında münasibətlərin bərpası üçün danışıqlar 3 ildir ki, davam edirdi. Mart və aprel aylarında London və Cenevrədə Türkiyənin xarici işlər nazirinin müşaviri Feridun Sinirlioğlu ilə İsrailin baş naziri Binyamin Netanyahunun xüsusi təmsilçisi Josef Ciechanover arasında görüş olub. Ötən gün adıçəkilən şəxslər əldə edilən anlaşmanın son versiyasını təsdiqləmək üçün İtaliyada bir araya gəliblər. Axşam saat 22-radələrində isə onların razılaşmaya vardıqları barədə məlumat yayılıb. 


Türkiyə mətbuatının məlumatına görə, anlaşmanın detallarını bu gün hər iki ölkənin baş nazirləri eyni zamanda açıqlayacaq. Türkiyənin baş naziri bu gün saat 13:00-da (Bakı vaxtı ilə 14:00) Çankaya sarayında razılıq ilə bağlı açıqlama verəcək.

İddiaya görə, razılıq sabah imzalanacaq. İsrail parlamenti isə onu çərşənbə günü ratifikasiya edəcək. Uzlaşma iki ayrı mətndən ibarətdir. Bu mətnlər Türkiyə Böyük Millət Məclisində də təsdiqlənəcək. 


Diplomatik mənbələrdən əldə edilən məlumata görə, hər iki ölkədə qısa zamanda səfirlər təyin edəcək. İsrail "Mavi Marmara"da həyatını itirənlərin ailələrinə təzminat ödəməyi və Türkiyənin Qəzzadakı humanitar vəziyyətə müdaxiləsini qəbul edib", - deyə rəsmi şəxslərə istinadla "Hürriyət" qəzeti yazıb. 

"İsrail 2013-cü ilin martında Türkiyənin ilk tələbinə cavab verib və tarixində ilk dəfə bir ölkədən üzr istəyib. Danışıqlar zamanı digər iki şərt də qəbul edildi. 

Qəzzadakı əhalinin istifadəsi üçün evlər tikiləcək, 200 yataqlı Türkiyə-Fələstin dostluq xəstəxanası ən qısa zamanda xidmətə başlayacaq". 

İsrailin baş naziri Netanyahu ABŞ-ın vitse-prezidenti Co Baydenə zəng edib. O, iki ölkə arasındakı münasibətləri normallaşdırmaq üçün səylərinə görə ona təşəkkür edib. Ağ Evdən baş nazirin telefon danışığı ilə bağlı açıqlama yayılıb. Açıqlamada deyilir: 

"Netanyahu İsrail ilə Türkiyə arasındakı normallaşma müzakirələrində verdiyi dəstəyə göə təşəkkür etmək üçün Baydenə zəng edib. Bayden iki ölkənin, Aralıq dənizi bölgəsinin maraqları və təhlükəsizliyi baxımından Türkiyə ilə uzlaşma yolundakı irəliləyişlə bağlı baş naziri təbrik edib". 

Nə baş vermişdi? 

- 31 may 2010-cu il - İsrail hərbçiləri "Mavi Marmara" gəmisinə hücum ediblər. Nəticədə biri ABŞ vətəndaşı olmaqla 9 nəfər ölüb. 
- 1 sentyabr 2011-ci il - BMT "Mavi Marmara" hesabatında İsrailin gücdən istifadəsini təsdiqlədi.
- 2 sentyabr 2011-ci il  - Türkiyə İsraillə diplomatik münasibətlərini ikinci katib səviyyəsinə endirdi. İsrailin Ankara səfiri Gabbi Levi Türkiyəni tərk edərək ölkəsinə getdi. 
- Noyabr 2012-ci il - Türkiyə və İsrail münasibətlərin bərpası üçün danışıqlara başladı. 
- 22 mart 2013-cü il - İsrail baş naziri B.Netanyahu Barak Obamanın təşəbbüsü ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan telefonla üzr istədi. 
- Dekabr 2015-ci il - Türkiyə və İsrail heyətləri münasibətlərin bərpası üçün İsveçrədə bir araya gəldi. Görüşdə "yol xəritəsi" qəbul edildi. 
- 19 mart 2016-cı il - İŞİD-in israilli turistləri hədəf alan terror aktından sonra Ərdoğan İsrailə başsağlığı verdi. 
- 20 mart 2016-cı il - İsrailin xarici işlər nazirinin baş katibi Dore Gold terror aktından sonra İstanbula səfər etdi. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar