Tikinti şirkətlərindən birində növbəti fırıldaq
11.07.2015 1245 0.0 0

«Yeni Yasamal» MTK-da mənzillər təkrar satılıb


Tikinti şirkətlərindən narazılıq əvvəllər olduğu kimi yenə də aktuallığını itirmir. Bu sırada növbəti şikayət  “Yeni Yasamal” MTK-dan gəlib. Qazeta.info-ya  daxil olan müraciətdə ev almaq üçün pul ödəyənvətəndaşlar sözügedən şirkətin Şeyx Məhəmməd Xiyabani- 5 ünvanındakı 16 mərtəbəli yaşayış binasının tikintisinin 2006-cı ildə başlandığını bildiriblər:
“MTK sədri Cahangir Alışov binanın gələcək sakinlərinə söz vermişdi ki, binanın tikintisi 2 ilə başa çatdırılacaq və  mənzillər təhvil veriləcək. Lakin 9 ildən çox keçməsinə baxmayaraq tikinti başa çatdırılmayıb. 250 ailə mənzil almaq üçün şirkətə təxminən 8 milyon manata yaxın pul ödəyib.  MTK sədri və digər vəzifəli şəxslərin yol verdiyi qanun pozuntuları nəticəsində 5 milyon manat binanın inşasına xərclənib. Pulun qalan hissəsini Alışovun qanunsuz şəkildə  Cəlilabad rayonu, Abazalı kəndində məscid tikintisinə, ”Karvansaray" ticarət mərkəzindəki ticarət obyektlərinə, Qubada istirahət sahələrində turistlərə icarəyə verilən villalara xərclədiyi barədə söhbətlər mövcuddur.
MTK rəhbərliyi sakinlər qarşısında müqaviləyə əsasən, üzərinə götürdüyü öhdəliyi 9 ildir yerinə yetirmir.  Sakinlər mənzillərin pulunu tam şəkildə ödəyib və borcu yoxdur. Binada su, kanalizasiya, elektrik, lift işləri  yarımçıq qalıb. Vətəndaşlar qohum-əqrəbadan borc pul alıb, banklardan kredit götürərək tikinti şirkətinə ödəyib. Lakin onlar aldandıqlarını başa düşərək pis vəziyyətdə qalıblar. Şirkətin məsuliyyətsizlik və süründürməçilik, yalançılığı ucbatından qanuni evlərinə köçə bilməyən insanlar dərin maddi və mənəvi böhranla üzləşiblər. Kirayələrdə böyüyən,  lazımi şəraitdə yaşaya bilməyən övladlardan hansı gələcəyi gözləmək olar sualı sakinləri rahat yaşamağa qoymur. Lakin bu, müvafiq dövlət qurumlarındakı şəxsləri qətiyyən narahat etmir.
“Yeni Yasamal” MTK sədrinin hər dəfə sakinlərə müxtəlif, məntiqə sığmayan və həqiqətə uyğun olmayan yalanları, vədləri binanın tikintisini ləngidir və başa çatdırmır. Şirkət rəhbərliyinə müraciət edən sakinlərə əsaslı səbəb göstərilmir və məlumat verilmir. Məlumat var ki, həmin binanın 15 mənzili qanunsuz olaraq təkrar başqa şəxslərə satılıb. 51, 62, 144 saylı mənzillərin iki sahibi aşkarlanıb və MTK rəhbərliyi sakinlərdən xahiş edib ki, səs-küy salınsa, hüquq-mühafizə orqanları işə qarışar və vəziyyət dəyişər, bina yarımçıq qalar. Tikintinin 95 faizi tamamlansa da, MTK sədri bu səbəbdən binanı təhvil vermək istəmir. Bəzi mənzilləri sakinlər təmir edib, qapı qoyub, bəzilərinə isə qapı qoymağa imkan verilmir. Bu isə sakinlərdə narahatlıq yaradır.
Mənzil alan sakinlər mülkiyyət hüquqlarının bərpası və şirkətin qanunsuz əməllərini ifşa etmək üçün 5 ildir fərdi şəkildə dövlət qurumlarına müraciət edir. Lakin heç bir nəticə yoxdur. Səbəb güman ki, şirkət rəhbərini müdafiə edən məmurlardır. MTK-nın vəzifəli şəxsləri tərəfindən aldadılan sakinlərin mülkiyyət hüquqlarının bərpa edilməsi yönündə zəruri tədbirlər görülmür. Hüquqlarını bərpa etmək üçün vətəndaşlar dövlət başçısı, Heydər Əliyev Fondu, Baş Prokurorluq, Bakı ŞIH, ombudsman, Yasamal RIH və digər qurumlara şikayətlər edib. Lakin müraciətlərə heç bir cavab verilmir.
Cahangir Alışov Abşeron rayonu, Xırdalanda, Qafqaz Universitetinə yaxın ərazidə torpaq sahəsi alıb yeni çoxmərtəbəli binanın tikintisinə başlamaq istəyir. Bir binanı yarımçıq qoyub digərinin tikintisinə başlaması Alışovun ədalətsizlik edərək insanların hüquqlarını kobud şəkildə pozması deməkdir. Dövlət orqanlarından xahiş edirik ki, bu məsələ araşdırılsın, qanunsuzluğun, özbaşınalığın, vətəndaşlara aşağı münasibətin qarşısı alınsın və mənzillər onlara təhvil verilsin. Sakinlər mətbuat vasitəsilə Bakı ŞIH-dən piket üçün icazə istəyir. Binadan mənzil alan sakinlər inanır ki, prezident, baş prokuror və DIN bu məsələyə laqeyd qalmayacaq".
Sosial şöbə
Xatırladaq ki, sözügedən binada mənzil alan sakinlərlə MTK rəhbəri arasında 14 mart 2015-ci il tarixli razılaşma müqaviləsində bildirilib ki, icraçı binada işləri 31 avqustadək başa çatdırmağı öhdəsinə götürüb. Bundan başqa, Yasamal rayon icra başçısının müavini 03 iyul 2015-ci il tarixli məktubla bildirib ki, bəzi səbəblərə görə ləngiyən tikintidə bütün işlərin 2015-ci ilin sonunadək başa çatdırılmasına MTK rəhbəri zəmanət verir.     


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar